Demokratiya islama görə küfr sayılır? İslamda haram olan azadlıqlar: eynicinslərin nikahı...
İslam əqidəsi ilə demokratikləşmək mümkündür? İslam ilə demokratiyanın uzlaşan və toqquşan tərəfləri...
“Demokratiya insanların hökmü deməkdir. Yəni çoxluğun qəbul etdiyi qərarlar doğru sayılır. İslam isə Allahın hökmünün keçərli olduğunu qəbul edir. Şəriətə görə hökm Allahındır, amma bu ilahi qanunlar insanlar tərəfindən açıqlanır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Anar Yusufzadə “Yaşıl orta” verilişində deyib. İslam və demokratiya mövzusunun müzakirə olunduğu verilişdə hüquqşünas Əlövsət Allahverdiyev də iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. A.Yusufzadə bildirib ki, islamın demokratiyaya münasibəti birmənalı deyil: “ Demokratiya vahid bir model deyil. Məsələn, biz ümunən Qərb deyirik, amma Qərbin də Fransası, İtaliyası, İsveçi və s. var. Bu ölkələrin hər birindəki demokratiya fərqlidir. İslamda da müxtəlif görüşlər var. Dini fərqlilikdən qaynaqlanaraq, demokratiyaya münasibət də dəyişir”.
İlahiyyatçının sözlərinə görə, islamla demokratiyanın uzlaşan tərəfləri olduğu kimi toqquşan prinsipləri də var: “Məsələn, bəzi ölkələr eynicinslərin nikahını demokratiya adı ilə qəbul etsələr də, islamda bu cür nikah yolverilməzdir. Dinimiz belə bir azadlığa qarşıdır. Bir cəmiyyət olaraq da, cinsi azlıqlara tanınan hüquqları normal qəbul etmirik. Hesab edirəm ki, bizim toplumda bu məsələyə ictimai münasibətin mənfi olması, elə dindən qaynaqlanır. Lakin fikir, etiqad azadlığı kimi digər demokratik prinsipləri dinimiz dəstəkləyir. Məsələn, elə götürək etiqad azadlığını. “Qurani-Kərim”in “Bəqərə” surəsinin 256-cı ayəsində uca Allah belə buyurur: “Dində məcburiyyət yoxdur”. Yəni dini qəbul etməkdə məcburiyyət yoxdur. Bu elə islamın tanıdığı etiqad azadlığıdır”.
A.Yusufzadə qeyd edib ki, demokratiyada olduğu kimi islamda da azadlığın bir məhdudiyyəti var.
Hüquqşünas Əlövsət Allahverdiyev də bildirib ki, bir çox islam hökmləri ilə demokratik prinsiplər uzlaşır: “ İslamın demokratiyaya zidd olduğunu söyləyən insanlar da var. Amma iddia etdikləri ziddiyyətə dair bir dəlil ortaya qoya bilmirlər. Mən dinlə demokratiyanın bir-birinə qarşı olduğunu hesab etmirəm. Demokratiyanın təməlində azadlıqlar dayanır. Amma unutmayaq ki, demokratiyadakı azadlıq da sərhədsiz deyil. Bu azadlıqlar qanunvericiliklə məhdudlaşır”.
Ə.Allahverdiyin sözlərinə görə, ölkələr Qərbin demokratiya adı ilə təqdim etdiyi hər azadlığı da qəbul etmək məcburiyyətində deyil: “ Əgər hansısa ölkə cinsi azlıqların hüququnu tanımırsa, bu o demək deyil ki, həmin dövlət demokratiyaya qarşıdır. Ölkədə yeni qanun qəbul edilən zaman cəmiyyətin adət-ənənələri də nəzərə alınmalıdır. Yeni qanun ənənəyə uyğun deyilsə, ölkə həmin hüququ qəbul etməyə bilər. Bizim ölkədə eynicinslərin nikahı məsələsi bir neçə dəfə gündəmə gəldi, cəhdlər oldu, amma nəticə vermədi. Çünki toplum olaraq, bizim adət-ənənəmizə ziddir”.
Hüquqşünas qeyd edib ki, islamdakı ədalətlilik, bərabərlik kimi prinsiplər demokratiya ilə uzlaşır: “ Dinimizdəki bu prinsiplər demokratiya ilə üst-üstə düşür. Sadəcə islam və demokratiyadakı oxşar prinsipləri uzlaşdırmağı bacarmaq lazımdır”.