Allah yazılı bəzək əşyalarını taxmaq olarmı? Allaha aid adları uşaqlara qoymaq doğrudurmu?
Uşaqlara verilən Allah adları hansılardır? Ateistə kafir demək olmaz?
“ “Qurani-Kərim”də Allah özünü tam olaraq “mən” deyə təqdim etmir. Bir çox ayələrdə “biz” ifadəsi keçir. Bu Yaradanın təkəbbürdən uzaq olmasının göstəricisidir. Təkəbbürdən uzaq olan Allahın bir çox sifətləri var”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov “Yaşıl orta” verilişində deyib. O bildirib ki, ümumiyyətlə sifətlər əsasən 2 yerə bölünür: “ Biri Allahda olan, Ona yaraşan sifətlər, digəri isə Allahda olmayan sifətlərdir. Rəbbimizə aid olan sifətlər bəllidir. Dünyada gördüyümüz bütün yaxşı sifətlər Allahda var. Məsələn, mərhəmətli, ədalətli, ruzi verən və s. Dinimizə görə müsəlman bu sifətləri özündə ehtiva etməli, Allahın sifətlərinə uyğun yaşamalıdır. Uca Yaradanın gözəl sifətlərindən biri də mərhəmətdir. İnsan da mərhəmətli olmalı, Allahın sifətini özündə əks etdirməlidir. Yəni Yaradanın sifəti insanın şəxsində təcəlli etməlidir”.
R.Məmmədov Allahın rəhman və rəhim sifətləri haqqında da geniş məlumat verib: “ “Qurani-Kərim”in surələri Allahın məhz rəhman və rəhim adları ilə başlayır. Bunlar Yaradanın xüsusi sifətlərindən biridir. Rəhman mərhəmət, rəhim isə bağışlayan sifətidir. Mərhəmət və bağışlamaq bir-birinə bağlı ifadələrdir: mərhəmət göstərir və bağışlayır. Ərəb dilinin qrammatikasına görə rəhman ümumi sifətlər üçün xüsusi sifətdir. Rəhim isə xüsusi sifətləri üçün xüsusi sifətdir. Bundan nə başa düşürük? Yəni Allahın rəhman sifəti bütün insanlara şamil olunur. Hətta Rəbbi inkar edənlərə belə. Biri Allahı tanımır, qəbul etmir, amma Rəbb ona da mərhəmət göstərir, ondan rəhmətini əsirgəmir. Allah “Qurani-Kərim”də buyurur ki, biz onlara doğru yolu göstəririk. İstər qəbul etsinlər, istərsə də yox”.
İlahiyyatçı qeyd edib ki, rəhim sifətində isə xüsusilik var: “Allah hər kəsə mərhəmətlidir. Bəs kimləri bağışlayır? Yalnız gözəl qəlbli olanları, düşünənləri, düşünərək qəbul edənləri. Allah belə insanlara qarşı rəhimlidir. Allah bu dünyada hamıya mərhəmətlidir, amma axirətdə yalnız onun mərhəmətini anlayan kəslərə rəhm edəcək. Bunun üçün Allahın qoyduğu qaydalara əməl etməli, Onun bizdən istədiyi kimi yaşamalıyıq. “Qurani-Kərim” “oxu” ilə başlayıb insan ifadəsi ilə bitir. Başlanğıcda oxumağı buyuran Allah sonra insan olmağı əmr edir. Rəbbimiz öz sifətini ehtiva edən hər kəsə qarşı rəhimlidir. Ümumən isə din insanlara yük olmaq üçün deyil, əksinə yükü qaldırmaq üçün göndərilib”.