İslamda depressiyadan çıxmağın ən asan yolu: Dinin antidepressiv vasitələri

Din insan psixikasına necə təsir edir? Hansı ibadət depressiyanın qarşısını alır?

 

“XIX əsrin sonlarında, psixologiya müstəqil bir elm kimi formalaşandan sonra din və psixologiya mövzusu aktuallaşdı. Dinin, dini ayinlərin insan psixikasına təsiri tədqiqatçılar tərəfindən geniş araşdırılmağa başlandı. İndiyədək alimlər bu mövzu üzərində düşünürlər. Qeyd etməliyik ki, dinin insan psixikasına təsirinə dair  fikirlər birmənalı deyil, bu məsələ ilə bağlı tamam fərqli düşüncəli alimlər var”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı, psixoloq Bəhruz Camal “Yaşıl orta” verilişində deyib. İslam və psixologiya mövzusunun müzakirə olunduğu verilişdə psixoloq Fazil Əhmədli də iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. B.Camal bildirib ki, mövzu ilə bağlı tədqiqatçıların bir-birinə zidd mövqeləri var: “Bir sıra psixoloqlar dinin insan psixikasına və psixologiya elminin inkişafına müsbət təsir etdiyi qənaətindədir. Lakin əksini düşünənlər alimlər də var. Onların fikrincə,  din insan psixologiyasına mənfi təsir edir, zərər verir. Məsələn, Freyd dinin psixologiya elminin inkişafına mane olduğunu bildirir. Ancaq onun həmmüasiri,  uzun illər çiyin-çiyinə çalışdığı və Freydin baxışlarına  alternativ nəzəriyyələr ortaya qoyan Karl Qustav Yunqa  görə isə inanc, insan və Allah arasındakı əlaqə, Allaha iman bir çox psixi xəstəliklərin müalicəsində, psixi sağlamlığın təmin olunmasında böyük təsirə malikdir. Yunq deyir ki, psixologiya elmi formalaşmamışdan öncə də dinlər var olub və insan psixologiyası ilə rabitədədir”.

 

B.Camal qeyd edib ki, bütün dini inancların insan psixikasına birbaşa təsiri var: “Fərqi yoxdur, istər səmavi, istərsə də qeyri-səmavi olsun, bütün inanclar insan psixikasını nəzərə alır. Bu baxımdan insanların psixoterapiyasında, psixologiyanın inkişafında dinin həm nəzəriyyəsindən, həm də praktikasından istifadə edə bilərik. Çünki dinin arxasında geniş nəzəriyyə və praktika xəzinəsi var. Biz din dediyimiz zaman bütün inancları nəzərə alırıq. Dinlərin hər birinin özünəməxsus təsiri var. Yəni müxtəlif inancların psixikaya təsiri də fərqlidir. Psixoterapiyanın ən görkəmli nümayəndələrindən biri olan -bəziləri ona psixoterapiyanın atası da deyir- Benyamin Raş dini inancın psixikaya təsiri barədə belə deyir: 
“Dinin insan psixikasının sağlamlığında oynadığı rol, oksigenin tənəffüs prossesində oynadığı rola bənzəyir”.  Yəni  nəfəs alıb-vermək və sağlam yaşamaq üçün oksigen nə qədər həyati əhəmiyyətlidirsə, sağlam psixikaya və ruha malik olmaq üçün isə dini inanc bir o qədər zəruridir. Bir sözlə, dinin bu qədər böyük təsir gücü var. Mən bir ilahiyyatçı və psixoloq olaraq, Yunqun mövqeyini dəstəkləyirəm. Çünki din və psixologiya sahəsində aparılan tədqiqatlar da onun fikirlərini təsdiqləyir”.

 

Digər psixoloq Fazil Əhmədli də dinin insan psixikasına böyük təsir göstərdiyini  bildirib: “ Psixologiya “psixo” və “loqos” sözlərindən yaranıb, ruh haqqında elm deməkdir. İslam aləmində isə dini təmsil edən şəxslərə ruhani deyirlər. Yəni insanların ruhuna qida verən kəs deməkdir. Din ilə psixologiya arasında belə bir paralellik də var. Dinin insan psixikasına təsiri fərqlidir, bu müsbət də ola bilər, mənfi də. Önəmli olan dini doğru anlamaq və yaşamaqdır. Müsəlman islamı Allahın istədiyi kimi yaşasa, dinin ancaq müsbət təsirindən söhbət gedə bilər. Çünki islamda, ayinlərində insan psixologiyası zədələyəcək heç bir amil yoxdur. Lakin əgər biri islamı təhrif olunduğu şəkildə yaşasa, mənfi təsirini hiss edəcək. Bu kimi neqativ halların günümüzdə də şahidi oluruq”.

 

F.Əhmədlinin sözlərinə görə, inanclı insanın psixikasının zədələnməsi islamın  nöqsanı deyil: “ İslam insanların həyatına hüzur verir. Lakin müsəlman islamın əsasları ilə uzlaşmayan dini cərəyanlara qoşulursa, nəticədə zərər görür. “Qurani-Kərim”də təxminən 83 yerdə din kəlməsi işlənir, heç bir ayədə “dinlər” sözü yoxdur. Çünki Allahın yanında din birdir. İnsan əgər Rəbbin buyurduğu şəkildə inancını yaşasa sağlam psixologiyaya da malik olar”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR