İslamda hansı qadınlarla evlənmək haramdır?
Kişi hansı halda iki bacı ilə evlənə bilər? Kişiyə övladlığa götürdüyü qızı naməhrəm sayılırmı?
"Qərbdə insan hüquqlarına dair mövzular XX əsrin əvvəllərində müzakirə olunduğu halda islam hüququnda bu məsələ 14 əsr öncə yer alıb. Dinimizdə istər insan, istərsə də ətraf aləmin haqları sistemli şəkildə bölünüb”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Abdullaoğlu “Yaşıl orta” verilişində deyib. O bildirib ki, islamda hüquq 3 qrupa ayrılır: “ İmam Zeynalabdinin hüquq risaləsi var. Orada haqlar təməl olaraq 3 hissəyə bölünür. Hər 3 hissədə qərar tutan haqların da öz şaxələri var. Birinci Allahın haqqıdır. İslamın dünyəvi hüquq sistemindən ən böyük fərqi Allah haqqının da yer almasıdır. İkinci insanın öz üzərindəki haqları, üçüncüsü isə digər insan və ətraf mühit ilə bağlı haqlar gəlir. Bu baxımdan islam hüququnda 3 kateqoriyada təməl haqq var”.
R.Abdullaoğlunun sözlərinə görə, islam hüquqda yer alan insan haqları ədalət prinsipinə əsaslanır: “ İnsan haqlarının hansı prinsipə dayanması məsələsi bu gün də dünya hüquq fəlsəfələrində müzakirə olunur. Bu barədə müxtəlif fikirlər irəli sürülür. XX əsrədək hüquq fəlsəfəsinə dair 30-a yaxın fərqli nəzəriyyə irəli sürülüb. Hər fəlsəfənin də öz davranış modelləri var. İslamda isə insan haqlarının söykəndiyi meyar bəllidir. Öncə onu qeyd edək ki, dinimizin bərabərlik və ədalət anlayışına münasibəti fərqlidir. Bəzən elə başa düşürlər ki, bərabərlik ədalət deməkdir. Amma bu heç də hər zaman belə deyil. Odur ki, islam bərabərliklə ədaləti eyni qəbul etmir. İslamda hüquq müəyyən olunan zaman insanın psixoloji, fizioloji xüsusiyyətləri, cəmiyyətdə mövqeyi, yaşı və digər amillər nəzərə alınır. Bərabərlik bəzi hallarda ədalətsizliyə səbəb ola bilər. Ona görə islam hüquq sistemi ədalət prinsipinə dayanır və bütün haqlar da bu meyara əsaslanır”.
İlahiyyatçı qeyd edib ki, islam hüququnda bəzi məsələlərdə qadınlara güzəştlər də var: “ İslamda cinsi ayrı-seçkilik yoxdur. Bir az öncə hüququn 3 hissəsindən bəhs etdim. Qadınlar üçün də bu 3 hissədəki haqlar keçərlidir. Amma dinimiz insanın fizioloji halını da nəzərə aldığı üçün bəzi məsələlərdə qadına güzəştlər təyin edilir. Məsələn, xüsusi hallarda qadın namaz qılmaya bilər. Dinimiz buna icazə verir”.
R.Abdullaoğlu bildirib ki, islamın tanıdığı hüquqlardan biri də ailə qurmaqdır: “Hər kəsin belə bir haqqı var. Dinimizə görə müsəlman ailə qurarkən seçimində azaddır və istədiyi kəslə evlənə bilər. Amma ailə hüququnda yer alan məhrəmiyyət kimi önəmli bir məsələ də var və hər bir müsəlman buna diqqət etməlidir. Bu barədə “Nisa” surəsinin 23-cü ayəsində belə buyrulur: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” İslamın məhrəm hesab etdiyi qadınlarla ailə qurmaq qadağandır. Məhrəmiyyətə səbəb olan 3 amil var. Bunlardan biri qan bağıdır. İkincisi kişi evlənəndən sonra məhrəm olan qadınlardır. Məsələn, ögey qızı. Üçüncüsü isə süd bağıdır. Kişi ona süd vermiş qadın və onun qızları ilə evlənə bilməz”.