Müsəlman kilsədə şam yandıra, dua edə və namaz qıla bilərmi?

Kilsədə dini ayinə qoşulmaq müsəlmanı islamdan çıxarır? Hansı kilsələrdə namaz qılınır? Müsəlman Tövratı və İncili də oxumalıdırmı?

 

“ Kökü Allaha bağlı olan, uca Yaradan tərəfindən təsdiqlənən dinlər səmavi dinlər sayılır. Bu dinlər müasir dini terminologiyada daha çox əhli-kitab kəlməsi ilə ifadə olunur. Əhli kitab, yəni kitab əhli mənasını daşıyır”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fərid Abdulla “Yaşıl orta”  verilişində deyib. O bildirib ki, Allah dini, həqiqətləri  insanlara peyğəmbərlər vasitə ilə çatdırıb: “ Peyğəmbərlərə Allah tərəfindən nazil olan kitablar var. Əhli kitab kitab nazil olan və o kitabın ardıcılları olan qövmlərdir. Bir çox peyğəmbərə kitab verilib, ümmətləri olub. Onlardan günümüzə gəlib çatanı çox azdır. Bu gün kitab əhli deyəndə yəhudilər, xristianlar və müsəlmanlar  nəzərdə tutulur.  Bəzi alimlər bura zərdüştləri də aid edirlər. Çünki Zərdüştü də  peyğəmbər qəbul edənlər var”.

 

İlahiyyatçı qeyd edib ki, səmavi dinlərin ortaq dəyərləri var: “ Ən önəmli ortaq dəyər səmavi dinlərin Allah tərəfindən göndərilməsidir. Bu dinlərin vahid dəyəri, vahid çağırışı olub. Odur ki, bütün səmavi dinlərdə tövhid əsas prinsiplərdən biri sayılıb. Lakin sonradan İncilə və Tövrata edilən dəyişikliklər bu kitabların təhrifinə səbəb olub. Günümüzdə orijinallığını qoruyub saxlayan, təhrif olunmamış tək səmavi kitab “Qurani-Kərim”dir”.

 

F.Abdulla imanın şərtləri haqqında da məlumat verib: “İslam Məhəmməd peyğəmbərdən öncə gələn bütün peyğəmbərləri qəbul edir. Dinimizdə bu imanın şərtlərindən biridir. Düzdür, bizə adı məlum olmayan çox peyğəmbər var. Nə özləri, nə də gətirdikləri kitab haqda məlumatımız var. Amma tanımasaq belə, müsəlman Adəm peyğəmbərədək hər birini qəbul etməlidir. Allah “Qurani-Kərim”də peyğəmbərə buyurur ki, peyğəmbərlərdən bəzilərinin əhvalatını sənə danışmışıq, bəziləri barədə isə məlumat verməmik.  Məsələn, İbrahim peyğəmbərə səhifələr nazil olub, amma dövrümüzədək gəlib çıxmayıb. Düzdür, bu haqda da fərqli fikirlər var. Amma bütün hallarda müsəlman deyə bilməz ki, mən hansısa peyğəmbəri və onun gətirdiyi kitabı inkar edirəm”.

 

İlahiyyatçı Allah tərəfindən yeni dinlərin göndərilməsinin səbəbini də izah edib: “ Hər yeni gələn din özündən öncəsindən daha kamil olur. Biz deyə bilmərik ki, “Qurani-Kərim” ilə Tövrat eyni səviyyədədir. “Quran”ın daha mükəmməl olduğunu Allah özü ayədə  buyurur. “Quran”a aid bəzi hökmlər var ki, digər səmavi kitablar üçün keçərli deyil. Məsələn, islamın kitabına dəstəmazsız toxunmaq olmaz. Bu hökm yalnız “Quran”a aiddir. Amma  bu o demək deyil ki, müsəlman İncilə və Tövrata hörmətsiz yanaşsın, yaxud da onları sıradan bir kitab kimi qəbul etsin. Bütün hallarda müsəlman digər səmavi kitablara da hörmətlə yanaşmalıdır.  Dinimiz islamdan öncə gələn bütün səmavi dinləri təsdiq edir”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR