Hz.Məhəmməd islamdan öncə hansı dində olub?
Peyğəmbərin fiziki görünüşü necə olub? Hz.Məhəmmədi təsəvvür etmək, yuxuda görmək olarmı?
“İslamda peyğəmbərliyin ilk illəri çox çətin keçib. Bu barədə dini qaynaqlarda yetərincə məlumat var. Hz.Məhəmməd mənəvi cəhətdən tənəzzülə uğramış bir toplumda dinə dəvət edirdi. Təsəvvür edin ki, insanlar 360-a yaxın bütə inanırdı. Hərənin özünə görə bütü, tanrısı vardı. Bu bütlərə dərindən etiqad edirdilər. Düşünürdülər ki, müqəddəratları bütlərin əlindədir və bütün işlərinə tanrıların təsiri var. Belə bir vaxtda peyğəmbərin 360 bütü inkar edib, tək bir Allaha itaət etməyə dəvəti onlara ağır gəlir, qane etmirdi. Odur ki, peyğəmbərliyin ilk illərindən Allah rəsulu ilə müxaliflik etməyə başladılar”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Əhliman Rüstəmov “Yaşıl orta” verilişində deyib. O bildirib ki, Hz.Məhəmməd peyğəmbərin dəvət etdiyi din Məkkədə kütlənin, həm şəxsi, həm də ümumi mənafeyi ilə uzlaşmırdı: “ Allah rəsulunun 3 il gizli şəkildə təbliğat apardığı bildirilir. Əvvəl ayə nazil oldu ki, yaxın qohumlarını islama dəvət et. Bir müddət sonra Allah Məkkə və ətrafını dəvət etməsini buyurdu. Peyğəmbər dəvətini, təbliğatını genişləndirdikcə, müxalifləri artmağa, təzyiqlər çoxalmağa başladı. İslam dininə həm avam, cahil adamlar qarşı çıxır, həm də mənafeləri təhlükəyə düşən varlı adamlar etiraz edirdi. Nəticədə Allah rəsuluna və ilk müsəlmanlara qarşı ən ağır şəkildə təzyiq göstərməyə başladılar. Müşriklər bu əməllərində heç nədən çəkinməyib, hər cür çirkin işə əl atdılar. Bəziləri soruşur ki, əgər peyğəmbərə qarşı təzyiqlər bu qədər ciddi idisə, onu onu öldürmədilər? Əvvəla Allahın özünün iradəsi var. “Qurani-Kərim”də buyrulur ki, Allahın işığını, nurunu söndürmək istəyirlər. Amma Allah o işığı yandıran və saxlayandır. Hz.Məhəmməd peyğəmbərə qarşı bir neçə dəfə sui-qəsd etməyə çalışdılar. Amma bütün cəhdlər boşa çıxdı”.
İlahiyyatçı qeyd edib ki, müşriklər Allah rəsuluna qarşı ən kobud şəkildə mübarizə aparırdılar: “ Onu təhqir edir, məsxərəyə qoyur, müxtəlif adlar qoşurdular. Nə qədər Allah rəsulunun qarşısını almağa çalışalar da, buna müvəffəq ola bilmədilər. Həmçinin də ilk müsəlmanlar ən ağır təzyiqlərə məruz qaldı. Onlara fiziki işgəncə, əzab-əziyyət verməkdən çəkinmirdilər. Öldürdükləri də olurdu. Bu qədər ağır şəraitdə ilk hicrət baş tutdu. Peyğəmbər müsəlmanlara yaxınlıqdakı Həbəşistana hicrət etmələrini buyurur. Beləcə, ilk müsəlmanlardan ibarət bir dəstə zülmdən qurtulmaq üçün Həbəşistana üz tutmalı olur. Onları kral Nəcaşi qəbul edir. Cəfər ibn Əbu-Talib , yəni İmam Əlinin böyük qardaşı hökmdara “Qurani-Kərim”in “Məryəm” surəsindən ayələr oxuyur. Ayədə Məryəm və İsa Məsih haqqında məlumatlar kralı ikna edir və o müsəlmanlara ölkəsində sığınacaq verir. Müsəlmanlar peyğəmbər Mədinəyə hicrət edənədək Həbəşistanda qalır”.