Allah “Quran”da hansı məscidləri dağıtmağı buyurub?

Peyğəmbərin məscid sökdürdüyü doğrudurmu? Allah “Quran”da hansı məscidi ən pis məscid adlandırıb?  İlk məscid nə zaman və harada inşa olunub?

 

“ Allah bizə “Qurani-Kərim”də məscidlər haqqında məlumat verib. Uca Rəbbimiz ayələrdə 2 növ məsciddən bəhs edir. Onlardan biri ən pis,  digəri isə ən yaxşı məsciddir”.

 

APA TV-nin məlumatına görə, bunu “İmam Rza” məscidinin axundu Hacı Mirhəmid Məmmədov  “Yaşıl orta”  verilişində deyib. O bildirib ki, Allahın ən yaxşı deyə bəhs etdiyi məscid ilk gündən təqva ilə inşa olunan məsciddir: “Uca Yaradan peyğəmbərə buyurur ki, təqva ilə tikilən  məsciddə ibadət et. O hansı məsciddir? Öncə bu barədə məlumat verək. Bildiyiniz kimi Allah rəsulu və müsəlmanlar məcburən Məkkədən Mədinəyə hicrət etməli olur. Peyğəmbər şəhərə daxil olmazdan əvvəl Mədinənin girəcəyində onu qəbul edən insanlar tərəfindən qarşılanır. Allah rəsulunun düşdüyü yeri ona hədiyyə edirlər və peyğəmbər orada məscid tikilməsini buyurur. Hz.Məhəmmədin özü də şəxsən o məcsidin tikintisində iştirak edir, zəhmət çəkir. Bu islam tarixində inşa olunan ilk məsciddir və çox önəmlidir.  Həcc ziyarətində olan zəvvarlar da hər il o məscidi ziyarət edirlər. Peyğəmbər buyurub ki,  kim bu məscidi ziyarət edib, orada namaz qılsa, savabı  bir ümrə ziyarətinə bərabərdir. Allah bu məscidi “Qurani-Kərim”də tərifləyir və peyğəmbərə də buyurur ki, orada namaz qıl, ibadət et”.

 

M.Məmmədov “Quran”da ən pis kimi bildirilən məscid haqqında da məlumat verib: “ Allah tərif etdiyi məscidin qarşısında inşa olunan ikinci məsciddən bəhs edir və onun  ən pis məscid olduğu qeyd edir. Bunun da bir tarixçəsi var. Peyğəmbər Mədinədə islama dəvətə davam edir, islam daha geniş yayılır, inkişaf edir. O zaman Mədinədə bir qrup münafiq də yaşayırdı. Yəni  üzdə müsəlman olduqlarını bəyan etsələr də, əslində daxilləri küfr idi. Onlar fikirləşdilər ki, bir məscid tikib, islama qarşı əməllər həyata keçirsinlər. Öncə gəlib peyğəmbərdən icazə alırlar. Bildirirlər ki, bizim xəstələrimiz, qocalarımız var, onlar bu məscid gələ bilmir, icazə verin biz də bir məscid tikək. Allah rəsulu onlara icazə verir və müharibəyə-Təbuk döyüşünə gedir. Münafiqlər məscidi tikirlər. Amma niyyətlərinə nail ola bilmirlər. Allah peyğəmbərə o məscidin nifaq məqsədi ilə tikildiyini bəyan edir. Bu barədə ayə nazil olur. Allah buyurur ki, o kəslər ki, küfrü yaymaq üçün bir zərərli məscid tikib, möminlər arasında təfriqə salmaq istəyirlər. Onlar Allah və rəsuluna qarşı müharibə aparmaq üçün bir qərargah tikiblər. Rəbbimiz peyğəmbərə o məscidi dağıtmağı, hətta məscidin yerini zibillik etməsini buyurur.  Allahın əmri ilə o məscid sökülür və  yeri  xarabalığa çevrilir”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR