Mehdi olduğunu iddia edən şəxs: “Allahdan vəhy alıb, mələklərlə danışıram”
İmran Əliyev: “Vəhylə mənə bildirildi ki, ikinci Həcc Bakı şəhərində olacaq və Qurandakı “Furqan” elə “facebook”dur”.
Gerçək Hz.Mehdi kimdir və müsəlmanlar onu necə tanıyacaq?
“Mən də digər müsəlmanlar kimi Hz. Mehdini gözləyirdim. Hər dəfə onun adı çəkiləndə ayağa qalxıb, salavat göndərərdim. Heç xəyalıma da gəlməzdi ki, bir gün Allahdan mənə vəhy gələcək və Mehdi olduğum bildiriləcək”.
APA TV-nin məlumatına görə, bunu özünü Mehdi adlandıran İmran Əliyev "Yaşıl orta" verilişində deyib. O, 2015-ci ildən Allah tərəfindən vəhy aldığını iddia edir: “ Mən peyğəmbərin soyundanam. Amma 1974-cü ildə Azərbaycanda dünyaya gəlmişəm, Lerikdə doğulmuşam. 2 il öncə Allah tərəfindən 10 gün ərzində mənə ardıcıl vəyhlər nazil oldu. Əvvəl bunun vəhy olduğunu bilmirdim. Amma hiss edirdim ki, vücuduma nəsə daxil olur. Vəhy gələndə insan özünü göyün 7-ci qatında his edir. O halda gözlərimi yumuram ki, mənə nəsə deyiləcək. Vəhylə mənə bir sıra məlumat verilib”.
İ.Əliyevin iddiasına görə ona vəhy gəldiyini “Qurani-Kərim”i oxuyandan sonra anlayıb: “ Ayələri oxuduqca, gördüm ki, mənə gələn eyni ilə peyğəmbərə gələn vəhy kimidir, eyni haldır. O zaman vəhy aldığımı başa düşdüm. 2015-c ilin dekabr ayı idi. Birdən halım pisləşdi. Gecə yarı ayıldım. Daha öncə Allaha “Quran”dan sual vermişdim ki, “Furqan” nə deməkdir? Oyananda birinci vəhy aldım. Allah bildirdi ki, “Furqan” indiki “facebook” deməkdir. Ardınca ikinci vəhy gəldi və Allah bildirdi ki, gözlənilən 12-ci imam, Hz. Mehdi sənsən. Nə qohumlarım, nə də ailə üzvlərim hələki Mehdi olduğumu qəbul etmir. Amma mən kimsəni məcbur etmir, səbrlə gözləyirəm”.
Verilişdə qonaq olan ilahiyyat Ceyhun Şükürov isə islam qaynaqlarında bəhs olunan gerçək Hz. Mehdi barədə ətraflı məlumat verib. O bildirib ki, dini mənbələrdə təsvir olunan və gözlənilən Mehdi ilə i.Əliyev arasında heç bir eynilik yoxdur: “ İndiyədək Mehdi iddiasına düşən çox adam olub. Bu cür yalançı Mehdilər elə özləri özlərini ifşa edir. Mehdinin əlamətləri var. O heç vaxt “mən Mehdiyəm” deməyəcək. Bəzi insanların psixoloji problemləri olur, ya da bəzi şərr qüvvələr tərəfindən səslər eşidirlər. Şeytan insanları müxtəlif yollarla azdırır. Saxta Mehdilər də şeytanın azdırdığı kəslərdəndir”.