Azərbaycanlı ilahiyyatçıdan şok iddia: "Əslində ruh yoxdur!"

Ruhu inkar edən ilahiyyatçının açıqlaması. Yaşar Qurbanovun ruhu inkar edənlərə cavabı nə oldu? Ölülərin ruhu hardadır? Ruhlar evə gəlirmi? İnsan ölsə də, ruhu sağ qalır? Heyvanın ruhu var?

 

“İslam mənbələrində ruh haqqında məlumatlar var. Öncə dinin əsas qaynağı sayılan “Qurani-Kərim”ə nəzər salaq. “İsra” surəsinin 85-ci ayəsində ruhdan bəhs olunur.  Uca Allah belə buyurur: “(Ya Rəsulum!) Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə (bu barədə) yalnız (az) bir bilik verilmişdir!” ”. Peyğəmbərimizdən yəhudilər ruh haqqında soruşurdular. Məqsəd Allah rəsulunu sorğuya çəkmək, peyğəmbərliyini yoxlamaq idi. O zaman Hz. Məhəmməd yəhudilərə cavab olaraq, bu ayəni oxuyur”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Yaşar Qurbanov “Yaşıl orta” verilişində deyib. İslamda ruh anlayışı, ruhlar aləmi mövzusunun müzakirə olunduğu verilişdə yazıçı Qan Turalı da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. Y. Qurbanov  bildirib ki, ruhla bağlı “Qurani-Kərim”in digər ayələri də var: “ Allah insanın yaradılışı ilə bağlı ayədə də ruhdan bəhs edir. İslama görə ruh bədənin hərəkətverici qüvvəsidir. Ruh olmasa bədən cəsəd sayılır. Eləcə də “Qurani-Kərim”də nəfs sözü də keçir. Allah buyurur ki, vaxtı çatanda mələklər nəfsi alır. Bəzi tərcümələrdə ruh can kimi də çevrilib. Hətta bununla bağlı mübahisələr də olur, insanlar maraqlanır ki, ruh və can eyni mənanı daşıyır, yoxsa fərqli anlayışlardır? Əslində ruh, can, nəfs- bunlar eyni mənanı verən fərqli sözlərdir. Bir sözlə, islam ruhun varlığını qəbul edir. Bununla bağlı dində dəlillər var. Ruhu inkar edənlərin gətirdiyi dəlillər isə doğru deyil. Bu ayələri doğru anlamamaqdan irəli gəlir. Dəlil olaraq göstərdikləri ayə ruhu inkar etmir, tamam başqa mənanı daşıyır”.

 

Y.Qurbanov qeyd edib ki, ruhla bağlı bəzi ayələri səhv izah edənlər də var: “ Ayədə buyrulur ki Allah  Adəm əleyhissəlama ruhundan üfürdü. Bu o demək deyil ki, Allah ona öz ruhunu verdi. Yəni insan Rəbbin yaratdığı məxluqdur. Məsələn, “Allahın evi”  ifadəsi var. Yaradan nəyi özünə nisbət verirsə, bu onun  dəyərli, şərəfli olduğunu göstərmək üçündür”.

 

Verilişdə qonaq olan yazıçı Qan Turalı bildirib ki, islamdan öncəki dinlərdə də ruh anlayışı var: “Ruha inam bütün dinlərin mahiyyətini təşkil edir. Ruh yoxdursa, müqəddəslik də yoxdur. Amma bu məsələnin elmi izahı çox çətindir. Ruhun çəkisini ölçmək məqsədi ilə təcrübələr də aparılıb. İnsanı sağ ikən və öləndən sonra çəkiblər. Azalan çəkinin ruha aid olduğunu iddia edirlər. Maraqlıdır ki, “Quran”da bir çox mövzular ətraflı izah olunduğu halda, ruhla bağlı çox az məlumat verilib”.

 

Verilişə ruhun varlığını inkar edən ilahiyyatçı Elşən Sultanov və araşdırmaçı Asim Kərimov telefonla bağlanaraq, öz fikirlərini açıqlayıblar. A.Kərimov iddia edib ki, insanda bildiyimiz ruh yoxdur, ruh əslində bilgidir. Allah insana ruh deyil, elmindən bilgi verib. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR