İŞİD və digər terrorçular da müsəlman sayılır? İslamda baş kəsmək cəzası varmı?
Hacı İlqar İbrahimoğlu: “İŞİD Buşun mirasıdır”
Niyazi Mehdi: “İslamın ən böyük problemi xristianlar, ateistlər deyil, elə müsəlmanlardır”
İslamofobiya: gerçək təhlükə, yoxsa süni islam xofu? Din nə zaman təhlükəlidir? İŞİD-dən də qəddar yeni dini radikal cərəyan yaranır?
“ İslam insanların xoşbəxtliyi, özünü hər sahədə reallaşdıra bilməsi üçün Allah tərəfindən göndərilən ilahi bir dindir. İslamofobiya isə süni şəkildə yaradılmış və heç bir islami əsası olmayan din xofudur”.
APA TV-nin məlumatına görə, bunu Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu “Yaşıl orta” verilişində deyib. İslamofobiya mövzusunun müzakirə olunduğu verilişdə filosof Niyazi Mehdi də iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. İ. İbrahimoğlu bildirib ki, bəşəriyyətin xilası islamdadır: “Qiyamət gününədək insanın səadəti, dünya və axirəti üçün ən xeyirli formada həyat sürməsi bu dindən keçir. Təəssüf ki, mövzu ilə bağlı İŞİD-in adı çox çəkilir. İŞİD göydən düşməyib ki? Biz min il, beş yüz il əvvəlin söhbətini etmirik. İŞİD son illərin fenomenidir. Bütün ciddi geopolitik təhlilçilər deyir ki, bu ABŞ-ın sabiq prezidenti Buşun mirasıdır. Eləcə də Taliban və digər terror təşkilatları da əslində Buş və Buş kimi dünya güclərinin başında dayanan insanların əl işidir”.
İlahiyyatçı qeyd edib ki, II Dünya müharibəsindən sonra bəşəriyyət böyük böhran yaşayır: “ Bəşəriyyət elmi-texniki sahədə bir çox nailiyyətlər əldə edib. Amma inkişaf bu dünya ilə bağlıdır və maddi aləm üçündür. İnsan kimliyi ilə bağlı böhrandadır. Bəşəriyyət daxilən böhran yaşamaqdadır. Bununla yanaşı insan həm də özünə qayıdışdadır, inanc axtarır. Bu prosesdə insanların duyğu və istəklərini qarşılaya biləcək böyük bir mədəniyyət var, o da islamdır”.
Niyazi Mehdi isə vurğulayıb ki, fobiyanın dünyada geniş yayılması unikal islamla bağlı deyil: “Xüsusən də 11 sentyabr kimi hadisələr baş verəndən sonra fobiya qaçınılmazdır. Qərb azad mədəniyyətə sahib olduğu üçün fobiya xəstəliyinə qarşı qurumlar yaradılıb. ABŞ prezidenti D.Trampın müsəlmanlarla bağlı yasağına etiraz edən, hava limanında müsəlmanları qarşılamağa çıxan xristianlar da oldu. Şərqşünas alimlər islama dair gözəl məqalələr yazdı. Qərbdə olduğu kimi bizdə də fobiyanın xəstəlik səviyyəsinə çatmaması üçün əlavə institutlar, qurumlar olmalıdır. Təəssüf ki, normal müsəlmanın nifrət etdiyi İŞİD və digər terror təşkilatları elə bir dəhşətli səviyyəyə yetişib ki, bizim artıq fobiyanın qarşısını almağa gücümüz çatmır. İslamın ən böyük problemi xristianlar, ateistlər deyil, elə müsəlmanlardır. O müsəlmanlar ki, dinlə bağlı həqiqətləri yanlış anlayır”.