Bilmədiyimiz həqiqətlər: Allahın yaratdığı ilk insan Hz. Adəm olub, yoxsa...?
Adəm Allahın yaratdığı ilk insan deyil? Hz. Adəmdən öncə təkayaqlı insanlar yaşayıb? Adəm və Həvva eyni gendəndirsə, qan qrupları necə yaranıb?
Dini mənbələrdə yadplanetlilərdən də bəhs olunurmu?
“ “Qurani-Kərim”də Hz. Adəmin ilk insan olması ilə bağlı müxtəlif ayələr var. “Bəqərə” surəsinin 30-cu ayəsini də dəlil göstərə bilərik. Ayədə belə buyrulur: (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: 'Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam', - dedikdə (mələklər): 'Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?'- söylədilər. (Allah onlara: ) Mən bildiyim şeyi siz bilmirsiniz!' – buyurdu”. Göründüyü kimi uca Allah xəlifə yaradacağını dediyi zaman mələklər Yaradanın iradəsinə etiraz edir. Onlar insanın qan tökəcəyini söyləyirlər”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fazil Əhmədli “Yaşıl orta” verilişində deyib. İlk insanın yaradılışının müzakirə olunduğu verilişdə araşdırmaçı Asim Kərimov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. F.Əhmədli bildirib ki, bu mövzu ilə bağlı islam alimləri arasında ixtilaf var: “ Ayəni fərqli izah edənlər olsa da, İmam Bağırdan rəvayət olunan hədisə əsasən Hz. Adəmdən öncə də insan tayfası yaşayıb. İmam Bağır buyurur: “Siz elə düşünürsünüz ki, Adəm əleyhissəlamdan qabaq insan olmayıb? Belə deyil. Adəm bu dövrənin 8-cisidir”. Hədisə görə Hz. Adəmdən öncə 7 dövr insanlıq olub. Adəm VIII dövrün ilk insanıdır. Rəvayətlərə əsasən Adəmdən əvvəl nas-nas adlanan insan tayfaları yaşayıb. Amma onların yaşayışı, fiziki görünüşünə dair tutarlı məlumatlar yoxdur”.
Araşdırmaçı Asim Kərimovun sözlərinə görə isə, Hz. Adəm ilk insan deyil, ilk Adəmdir: “ “Qurani-Kərim” insanın yaradılışından bəhs edərkən ən xırda məqamlara da toxunur. Məsələn, insanın hansı maddədən yaradılması barədə də məlumat verir. Burada tək palçıq və torpağın adı çəkilmir, həmçinin su da qeyd olunur. “Ənbiya” surəsinin 30-cu ayəsində belə buyrulur: “Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?” İnsan yaradılışı ilə bağlı ayələrin hər birinin ayrı-ayrılıqda izahı var. O ki qaldı ilk insan məsələsinə, apardığım araşdırmalara görə, ilk insan Hz. Adəm olmayıb. “Bəqərə” surəsinin 30-cu ayəsində “xəlifə” sözü keçir. Xəlifə sonra gələn deməkdir. Sonra gələn varsa, deməli bunun sələfi də olmalıdır. Yəni Adəm davam edəndir. Xələf sözü göstərir ki, Hz. Adəmdən öncə insan, yaşayış olub. Mələklər insanların qan tökdüyü gördükləri üçün sual verirlər ki, qan tökəcək birini yaratmaq istəyirsən? Adəm Allahın insanlar içindən seçdiyi, düşünmə qabiliyyəti, elmi və iradəsi olan ilk insandır”.
Veriliş zamanı mövzu ilə bağlı digər ilahiyyatçılar-Anar Səmədov və Samir Əzizovla, həmçinin araşdırmaçı Cavid Mürvətli ilə telefon bağlantısı yaradılıb. Hər biri ilk insanın yaradılışı ilə bağlı fikirlərini efirdə səsləndirib.