Quran tək yetərlidir, yoxsa hədisə ehtiyac var? -İlahiyyatçı ilə araşdırmaçının DEBATI

Səhih tanınan hədislərdə yalan ola bilərmi? 

Hədis olmadan Quranı anlamaq, namaz qılmaq olmaz? 

Hədissiz islam mümkündür?

 

İslam dünyasının böyük bir hissəsi “Qurani-Kərim”lə yanaşı,  səhih hədisləri də dini qaynaq qəbul edir. Hətta hədissiz islam peyğəmbərsiz din kimi izah olunur.  Lakin bu gün “Qurani-Kərim”i tək mənbə olaraq yetərli sayan, hədisləri inkar edən  müsəlmanlar da var. Bu mövzu ilə bağlı  APA TV-nin "Yaşıl orta" verilişində ilahiyyatçı Samir Əzizov və araşdırmaçı Cavid Mürvətli arasında debat təşkil olunub.

 

Hədisləri də dini qaynaq kimi qəbul edən və  islamda vacibliyini vurğulayan ilahiyyatçı S.Əzizov bildirib ki, hər hansı bir məsələdə ixtilaf çıxarsa, Allah və Rəsuluna müraciət etməliyik: “Bu gün hədisi inkar edən müsəlmanlar, yəni qurançılar var. Onlar da iki yerə bölünür: faktiki və hekayə olunan  sünnəni rədd edənlər. Hesab edirlər ki, dinə aid bütün məlumatlar “Quran”da var, hədislərə ehtiyac yoxdur. Amma bu fikir doğru deyil. Quranla bağlı müfəssəl sözü keçir. Bu kitabda hər şeyin nöqtə və vergülünə qədər izah olunması demək deyil. Hətta təfsir də tam mənada Allahın nə demək istədiyini anlamaq üçün bəs etmir.  “Ənam” surəsinin 154-cü ayəsində deyilir ki, biz Musaya yaxşı işi görüb tamamlamaq məqsədilə hər şeyi izah edən, doğru yol göstərən müfəssəl və mərhəmət olan bir kitab verdik. Biz isə deyirik ki, “Quran”  o kitabdır ki, “Tövrat”da olmayan məlumatları da əhatə edir. Əgər “Tövrat” hər şeyi izah edən, müfəssəl bir kitab idisə, o zaman Allahın son kitabı olmalı idi. Ayələri doğru anlamaq önəmlidir”.

 

S.Əzizovun sözlərinə görə, əgər “Qurani-Kərim”də hər şey izah edilsəydi,  onda cild-cild ensiklopediyalar olmalı idi: “ “Quran” da nəsildən nəsilə ötürülüb və dəyişilməz olaraq qalıb. Peyğəmbərimiz buyurub ki, mən sizin aranızda iki ağır əmanət qoymuşam: “Quran” və əhli-beytim. Müsəlman haqq yoldan azmamaq üçün bu iki ağır əmanətdən yapışmalıdır”.

 

“Qurani-Kərim”i tək mənbə olaraq, yetərli sayan araşdırmaçı Cavid Mürvətli qeyd edib ki, hədis inkarçılarına ünvanlanan “qurani” və “qurançı” ifadələri doğru deyil: “ Bu adların heç birini qəbul etmirəm. Müsəlmanlara qarşı olan ifadələrdir. Biz də müsəlmanıq və başqa ad qəbul etmirik. Düşünürük ki, “Qurani- Kərim”  dinin yeganə qaynağıdır. Bunun üçün də dəlillərimiz var. “Quran”da tək Allaha itaətdən söhbət getmir. Ayələrdə  elçisi ilə bərabər Allaha itaət etmək qeyd olunur. Buyrulur ki, kim rəsula itaət etmiş olarsa, o Allaha itaət etmiş olur. Bizim düşüncəyə görə “Quran”ın “Quran”la izahı vacibdir. Ayələrdəki hökmlərin heç biri Hz. Məhəmməddən (s.ə.s.) başlamayıb.  “Quran”  göstərir ki, islamdan öncə də  namaz qılınıb”.

 

C.Mürvətli hesab edir ki, bəzi ayələrin nazil olma səbəbinə ehtiyac yoxdur: “ “Quran”  hidayət kitabıdir və hər şeyi açıqlayır. Elə ayələr var ki, onun səbəbi yoxdur. Məsələn, Allahdan başqa Allah yoxdur. Bunun nə səbəbi ola bilər? Eləcə də bu kimi başqa ayələr də var. Hədislərə gəlincə isə hamısını inkar etmirəm”.

 

 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR