Sünnət islamın tələbidir, yoxsa yəhudilikdən qalma ənənədir? - İlahiyyatçı ilə araşdırmaçının DEBATI

Hz. Məhəmməd peyğəmbər və səhabələr də sünnət olubmu? Sünnət olunmayan kişi müsəlman sayılmır? Hz. İbrahim peyğəmbərin 80 yaşında özünü sünnət etməsi doğrudurmu?

 

“ Müsəlman oğlanların sünnət edilməsi vacibdir. Bu barədə yetərincə hədis var.  Sünnət peyğəmbərimizin əmr etdiyi əməldir. Allah buyurur ki, peyğəmbər sizə nümunədir. Hz.Məhəmməd (s.a.s.) və digər peyğəmbərlər sünnətli dünyaya gəliblər. Səhabələrin hamısı da islamın tələbi olduğu üçün sünnət olunublar.  Bir sıra  hədislərin mahiyyətinə baxsaq görərik ki, peyğəmbər sünnəti vacib hesab edib”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı  Hacı Fuad Pənahlı “Yaşıl orta” verilişində deyib. Sünnət mövzusunun müzakirə olunduğu verilişdə araşdırmaçı Asim Kərimov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. F. Pənahlı bildirib ki,  islamda  bu əməlin tərk olunmaması həm peyğəmbərimiz, həm də imamlarımız tərəfindən buyrulub: “ Sünnətin nəsildən nəslə  ötürülməsi əməlin vacibliyinin ən bariz sübutudur. Hədis mətnləri də vacibliyini açıq-aşkar göstərir. Hz. Adəmdən Hz. Məhəmmədə (s.a.s.) qədər bütün peyğəmbərlər dünyaya ilahi sünnətlə gəliblər . Bu Allahın qeybində olan bir elmdir. Səbəb təmiz olmalarıdır. Sünnətə qarşı çıxanlar bunu yəhudliklə bağlamağa çalışırlar.  Düzdür, sünnət yəhudilərdə də var, amma bu o demək deyil ki, yəhudidə olduğu üçün müsəlmanlar imtina etməlidir”.

 

İlahiyyatçı əlavə edib ki, müsəlmanlar üçün nümunə peyğəmbərdir: “ Allah “Qurani-Kərim”də buyurur ki,  peyğəmbər nə söyləyirsə götürün. Allah rəsulu  bu əməli edibmi? Edib. Deməli bu günkü müsəlman da sünnət olunmalıdır. İmam Sadiq əleyhissəlamdan da sünnətlə bağlı nəql olunan hədis var. İslamı qəbul edən şəxs  istənilən yaşda sünnət olunmalıdır. Çox erkən yaşda, körpəlikdə uşaq sünnət edilərsə, heç bir psixoloji zərəri də olmaz”.

 

 Araşdırmaçı Asim Kərimov isə hesab edir ki, islama görə sünnət vacib deyil və bu yəhudiliklə, Misir mədəniyyəti ilə bağlı ənənədir: “ “Qurani-Kərim”də sünnətdən bəhs olunmur. Əgər islama görə vacib olsaydı, dini qaynaqda buyrulardı. Odur ki, bu əməlin Allahın buyurduğunu söyləmək doğru deyil. Sünnətlə bağlı hədislərdə  məlumat var. Mən isə öz araşdırmalarına əsasən hesab edirəm ki, islamın əsas və tək qaynağı “Qurani-Kərim”dir. Odur ki, sünnət barədə hədislərdəki məlumatları əsassız hesab edirəm. Araşdırmalar zamanı məlum olur ki, hədislərdə yetərincə ziddiyyət var. Məsələn, hədislərin birində Hz. İbrahim peyğəmbərin 80 yaşında, başqa bir hədisdə isə 8 yaşında  dülgər mişarı ilə sünnət olunduğu bildirilir. Göründüyü kimi hədislərdəki məlumat qeyri-dəqiq və ziddiyyətlidir. Odur ki, sünnətin hədislərə görə vacib olmasını qəbul etmirəm”.

 

A.Kərimov qeyd edib ki,  Allah  izn vermədiyi təqdirdə heç kəs şəriətdə, dində qayda-qanun qoya bilməz: “ Dinlə bağlı bütün məsələlərdə “Qurani-Kərim”ə nəzər salmalıyıq. Kitabımızda bu barədə məlumat yoxdursa, Allah vacib buyurmayıbsa, deməli islama görə də vacib deyil”.

 

Mövzu ilə bağlı ali dərəcəli həkim, cərrah Elşad Vəlibəyli və psixoloq Elnur Rüstəmovla telefon bağlantıları olub. Sünnətə dair E.Vəlibəyli tibbi, E.Rüstəmov isə psixoloji cəhətdən açıqlamalar verib. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR