Jelibon, energetik içki, siqaret,toyuq broyleri haram sayılırmı? Halal bildiyimiz haram qidalar...
Süd anası olmaq üçün neçə dəfə və necə süd vermək lazımdı? Nə üçün süd bacı-qardaşı evlənə bilməz? Niyə Azərbaycanda banan, kokos, ananas yemək olmaz? Dövşan, kirpi əti də haram sayılırmı?
“ Qidalanmanın halal-haram prinsipləri barədə “Qurani-Kərim”də ayələr var. Dinimiz müsəlmana halal və təmiz qida yeməyi buyurur. İki eyni məhsulun biri oğurluq, yəni haram, digəri isə halal ola bilər. İkinci şərt isə qidanın təmiz olmasıdır. Unutmayaq ki, qidanın bizim ruhumuza və mənəviyyatımıza təsiri var”.
APA TV-nin məlumatına görə, bunu “İmam Rza” məscidinin axundu Hacı Mirhəmid Məmmədov “Yaşıl orta” verilişində deyib. Qidalanmanın halal-haram prinsipləri və İnformativ qida nəzəriyyəsinin müzakirə olunduğu verilişdə Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. M.Məmmədov bildirib ki, qidanın həm vücudumuzun yaşamasına , həm də nəslin artmasına təsiri var: “ İnsan hər hansı bir qidanı qəbul etməklə özünə zərər yetirməməlidir. Haram məsələsi də buna aiddir. Geni dəyişilmiş qidaların cismimizə, ruhumuza, əqlimizə, düşüncəmizə zərəri varsa, deməli haramdır. Bunun üçün isə mütəxəssis rəyi olmalıdı. Yəni mütəxəssis rəy verməlidir ki, bu qida insan orqanizminə ziyandı. Əgər ziyandısa, deməli şəriətə görə də haramdı. Əsas prinsip budur”.
İlahiyyatçı həmçinin ana südünün önəmi və süd anası barədə də ətraflı məlumat verib: “ Qadın başqasının uşağına bir dəfə süd verməklə onun süd anası sayılmaz. Bunun müəyyən şərtləri var. Məsələn, o qadının südü gərək halal süd olsun, o mənada ki, halal ərindən uşaq dünyaya gətirmiş olsun. Bu südü başqasına versə, o zaman mərhəmiyyət yaranar. Zina yolu ilə uşaq dünyaya gətirən qadının südü halal qəbul elməz və o kiminsə süd anası ola bilməz”.
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov isə banisi olduğu İnformativ qida nəzəriyyəsi barədə məlumat verib. O bildirib ki, qida da informasiya daşıyır: “ Qida ətraf mühit barədə bədənə məlumat ötürmək imkanına malikdi. Məsələn, Afrikadan çox gözəl alma gətirilib. Afrikalı üçün o xeyirdir. Çünki o məkanla bağlı informasiyanı daşıyır. Amma bizim üçün isə zərərlidi. Təsəvvür edin ki, bədən başqa bir mühit barədə informasiya alır. Alimlər belə hesab edir ki, yaşadığın yerdən 400 kilometrə qədər məfadədə yetişən məhsullar faydalıdır".
T. Əmiraslanov qeyd edib ki, ana südü Hz. Adəmdən indiyədək bütün informasiyanı daşıyır: “ Eyni südü əmmiş iki yad uşaq arasındakı bağ doğma bacı-qardaşdan daha güclü olur. Bu səbəbdən dinimizə görə süd bacı-qardaşının evlənməyi haramdı. Allah anaya övladına 2 il süd verməyi buyurur. Süd vermək qadına da faydalıdı. Süd verən qadınlarda xərçəng riski aşağıdı”.