Ramazanda intim münasibətlər: öpüşmək,qucaqlamaq orucu pozurmu?

Saqqız çeynəmək, diş fırçalamaq, yatmaq orucu pozurmu? Hamilə, süd verən qadın, şəkər və təzyiq xəstələri oruc tutmaya bilərmi?  Təyəmmüm nədir? Hacı Sahib Məmmədov təyəmmümün qaydasını və şəklini əyani göstərir...

 

“Cənnətin yolu isti havalarda oruc tutmaqdan keçir. Ona görə də isti yay günlərində oruc tutmaq cihada bərabərdir”.

 

APA TV-nin məlumatına görə, bunu  “Corat” məscidinin axundu, ilahiyyatçı Hacı Sahib Məmmədov “Yaşıl orta” verilişində deyib. Oruc ibadətinin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Fərid Abdulla da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. S. Məmmədov bildirib ki, oruc ibadəti hər bir müsəlman üçün vacibdir: “Amma istisna hallar da var. Məsələn, xəstə adam oruc tutmaqdan azaddır,  Ramazanda bu ibadəti yerinə yetirməyə bilər. Lakin sağalan kimi, yəni maneə aradan qalxdıqdan sonra qəzasını tutmalıdır. O cümlədən də süd verən qadınları  qeyd edə bilərik. Əgər qadının oruc tutması südün azalmasına, uşağın ac qalmasına səbəb olacaqsa,  ana oruc tutmaya bilər. Bu üzrlü səbəb sayılır. Amma bu üzr ortadan qalxan kimi qadın tutmadığı orucların qəzasını tutmalıdır. Məsələn, iki ildən sonra tutmadığı günlərin sayı qədər qəza oruucu tutacaq”.

 

Orucu pozan hallar barədə ətraflı məlumat verən S.Məmmədov qeyd edib ki, saqqız çeynəmək bu ibadəti batil edir: “ Yatmaq isə orucu pozmur. Hətta oruc tutan müsəlmanın yatması ibadət sayılır. Şəkər və təzyiq xəstələrinə gəlincə isə, bunun üçün mütəxəssis rəyi olmalıdır. Əgər həkim desə ki, oruc xəstəliyi şiddətləndirə bilər,  xəstəyə oruc tutmaq zərərdir, o zaman oruc tutmaya bilər. Bunu isə ancaq mütəxəssis təyin etməlidir. Xəstənin  özü deyil, müraciət etdiyi həkim qərar verməlidir. Sağalandan sonra növbəti Ramazan ayına qədər orucun günləri qədər qəzaları tutacaqlar. Əgər sağalmaz xəstəlikdirsə, kəffarə verəcəkdir”.

 

Digər ilahiyyatçı Fərid Abdulla bildirib ki, oruc halında diş fırçalamağın heç bir maneəsi yoxdur: “ Diş pastası və su boğazdan keçmirsə, dişi fırçalamaq olar. Eləcə də öpmək orucu pozmaz. Ramazanda intim münasibətlər qadağan deyil. İftardan sübh azanınadək müəlmanlar sərbəstdirlər. Amma əgər yaxınlıq olubsa, qüsul almaq vacibdir. Qüsulsuz oruc tutmaq olmaz. Əgər yuyunmaq üçün su yoxdursa, təyəmmüm də almaq olar”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR