Yeni qalmaqallı fətva: Müsəlman sərxoş olanadək alkaqol içə bilərmi?

"Facebook"la bağlı fətva varmı? "Fb"da nələr haramdı?

 

“Fətva dini hökmdür. Bunun üçün xüsusi şərtlər, qaydalar vardır. Bəzən eyni mövzu barədə fərqli hökmlər çıxarılır və bu da tam təbiidir. Belə bir müxtəliflik ixtilaf sayılmamalıdır. Bu, din alimlərinin istinad etdiyi mənbələrdən və üsullardan qaynaqlanan haldır, normal da qəbul olunmalıdır”.

 

APA TV-nin məlumatına görə, bunu  ilahiyyatçı Hacı Şahin Həsənli  “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, elm varsa, fərqli yanaşmaların olması qaçınılmazdır: “Fətva şəriət məsələləri ilə bağlı verilir və bəzi hallarda zamanla dəyişdirilə bilər. Amma bu sabit hökmlərə aid deyil. Məsələn, qumar haramdır və qadağan olması ayə ilə bildirilir. Bu əmr heç bir din alimi tərəfindən fətva ilə dəyişdirilə bilməz. İlahi hökmlər sabit qalır. Amma zamanla dəyişdirilən fətvalar var. Məsələn,  peyğəmbər zamanında canlıların rəsmini çəkmək çoxtanrılıq fikrinin yenidən canlanmasna səbəb ola bilərdi. Təhlükəli olduğuna görə o dövrdə  qadağan idi. Sonralar  belə bir təhlükə aradan qalxdığı üçün  icazə verildi. Bu gün insan rəsmini çəkməyi tam qadağan etməyən fətvalar kifayət qədərdir”.

 

İlahiyyatçı qeyd edib ki, hər kəs fətva verə bilməz: “Bu səlahiyyət ancaq ictihad dərəcəsinə çatmış alimlərə, yəni müctəhidlərə aiddir. Hökm çıxarmaq üçün ali dini savada və səviyyəyə çatmaq lazımdır. Amma hər fətvanı da kor-təbii qəbul etmək doğru deyil. Müsəlman araşdırmalı və elə qəbul etməlidir. Yaxşı olar ki, hər ölkənin özündə fətva verən qurum olsun. Azərbaycanda bu işi Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası həyata keçirir. Onlar da dini mənbələrə əsaslanaraq, müəyyən məsələlərlə bağlı fətva verirlər.Onu da qeyd edək ki, fətvalarda dövlət maraqlarımıza ziddi olan dini hökm çıxarıla bilməz”.

 

Ş.Həsənli “facebook”la bağlı da sualları cavablandırıb. O bildirib ki, sosial şəbəkələrdə ünsiyyət zamanı da halal-haram prinsiplərə əməl olunmalıdır: “Real münasibətlər üçün təyin olunan qaydalar və şərtlər virtual ünsiyyətə də aiddir. Məsələn, qeybət etmək bütün hallarda qadağandır. Eləcə də, vaxt itkisi kimi digər məsələləri qeyd etmək olar. İslam yeniliyə açıq dindir. Müsəlman sosial şəbəkələrdən islamın şərtləri daxilində faydalı məqsədlər üçün istifadə edə bilər”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR