İmam Hüseyn Kərbəla faciəsindən əvvəl kimdən kömək istədi? İmamın şəhid olmazdan öncə dediyi son sözləri…
“Kərbəla” baş verməyə bilərdimi? Faciədən sonra İmam Hüseynin ailəsinin başına nələr gəldi? Niyə peyğəmbərə, Hz.Əliyə deyil, İmam Hüseynə hər il yas saxlayırıq? Faciədə həzrətin ailəsindən neçə nəfər şəhid oldu?
“Yezidin hakimiyyətdə qalması islamın məhvi demək idi. İmam Hüseyn əleyhissəlam onun cinayətlərinə göz yuma bilməzdi”
Bunu “Qasımbəy” məscidinin axund müavini, ilahiyyatçı Hacı Samir Ağayev “Yaşıl orta” verilişində deyib. Məhərrəmliyin müzakirə olunduğu verilişdə digər ilahiyyatçı Samir Əzizov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçılara ətraflı məlumat verib. S.Ağayev bildirib ki, İmam Hüseyn əleyhissəlamın öz kəlamları ilə tanış olanda görürük ki, qiyam qaçılmaz idi: “ Həzrət buyurur ki, mən nə fitnə-fəsad, nə də zorakılıq üçün qiyam etməmişəm. Ümmətim arasında islahat aparmaq, insanları yaxşılığa dəvət etmək və cəddim peyğəmbərin, atam Əlinin üslubunu, hakimiyyətini dirçəltmək üçün ayağa qalxmışam. Yəzid islama əməl etmir, dini gözdən salırdı. Ən pisi idə bunu din adına edirdi. Odur ki, İmam Hüseyn baş verənlərə, islamın təhrif olunmasına sakit qala bilməzdi. Həmçinin Yəzidə beyət etsəydi, onun bütün özbaşnalıqları ilə razılaşmış olardı”.
S. Ağayevin sözlərinə görə, peyğəmbərin əshabı ilə İmam Hüseyn əshabı arasında fərq var: “ Peyğəmbər səbahələri cihada gedəndə şəhid olacaqlarını bilmirdilər. Bu döyüş idi və sağ qalmaq ehtimalları da vardı. Amma İmam Hüseyn əshabı bilə-bilə ölümə gedirdi. Həzrətin 72 səhabəsi dillərdə məşhur olsa da, bu sayın 150 olduğu da bildirilir. Qarşı tərəfin ordusu isə təxminən 12.000- 30.000 nəfər qeyd olunur. Bu qədər qeyri-bərabər döyüş idi”.
İlahiyyatçı Samir Əzizov isə qeyd edib ki, İmam Hüseyn həm Əhli-beytin nümayəndəsi, həm də peyğəmbərin oğlu idi: “ “Qurani-Kərim” ona Allah rəsulunun nəvəsi yox, oğlu deyə xitab edir. “Ali-İmran” surəsinin 61-ci ayəsində “oğullarınızı və oğullarınızı” ifadəsi var. Orada qeyd olunan İmam Hüseyn əleyhissəlamdır. Ona görə də biz ziyarətlərdə, dualarda “ey rəsulillahın oğlu” deyə müraciət edirik. Bu gün Kərbəla faciəsini qeyd etmək, peyğəmbərin sünnəsini dirçəltmək deməkdir”.