İlahiyyatçı: "Allahdan başqa heç kim müqəddəs deyil! Hz.Məhəmmədin də xətaları olub" -DEBAT
Allah Quranda peyğəmbərə irad bildirib? Yaradandan başqa heç kim və heç nə müqəddəs deyil? İslama görə müqəddəslik nədir? Peyğəmbərlər günah edib?
“ İslam Hz. Adəmdən Muhəmməd Mustafaya qədər bütün nəbilərin haqqa çağırdığı yeganə bir yoldur. 124 min peyğəmbər deyilsə də, din birdir. Çünki Allahın yolu birdir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağa Hacıbəyli “Yaşıl orta” verilişində deyib. İslamda müqəddəslik mövzusunun müzakirə olunduğu debatda digər ilahiyyatçı Elşən Sultanzadə də iştirak edib. A.Hacıbəyli bildirib ki, bütün peyğəmbərlərin qayəsi insanlığı Allaha, Yaradanın yoluna yönəltmək olub: “Müsəlman sözü Allaha təslim olmaq mənasına gəlir. Bütün peyğəmbərlər haqqa təslim olub. Bu baxımdan onların dəvətlərində tövhid, axirət olub. Peyğəmbərimiz Mədinəyə köç etdiyi zaman yəhudilərin oruc tutduğunu görür. Soruşur ki, niyə oruc tutursunuz? Deyirlər ki, Həzrəti Musa əleyhissəlamın qurtulduğu gündür. Orada bizim sevgili peyğəmbərimiz bildirir ki, biz Musaya sizdən daha çox yaxınıq, Musa mənim qardaşımdır. Kaş ki, dünyadakı bütün inanclı insanlar bilərdilər ki, nəbilər qardaşdır. Bu gün bizim yanlış yorumlarımız bəzən vəhdətdən, birlikdən daha çox fitnəyə, fəsada, təfriqəyə aparıb çıxarır”.
İlahiyyatçı qeyd edib ki, islamda önəmli mövzulardan biri də qüddisyətdir: “Birinə peyğəmbərlik verdikdən sonra Allah peyğəmbərliyi onun əlindən almaz. Bu müqəddəs bir vəzifədir ki, peyğəmbərə verilib. Dinimiz müqəddəslik anlayışını qəbul edir. Allahdan başqa da müqəddəslər var. Məsələn, peyğəmbərimiz, anamız, Vətənimiz bizim üçün müqəddəsdir”.
Digər ilahiyyatçı da mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, islam bizə gəlin çatanadək digər mədəniyyətlərlə qarşılaşdığı üçün dinə bir sıra əlavələr olub: “ İslamda ən çox zərbə dəyən nöqtələrdən biri də müqəddəslik anlayışı, şəxslərin müqəddəsləşdirilməsidir. Halbuki müqəddəslik yalnız Allaha məxsusdur. Yaradan bu kəlməni “Haşr” surəsində özü ilə bağlı buyurur. Amma çox təəssüf ki, dinimiz İran zərdüştlüyü, Hindistan mistisizmi, yunan helenizmi ilə qaşrılaşdıqdan sonra onlardakı şəxslərin müqəddəsləşdirilməsi isslama da daxil olduAncaq siz diqqət etsəniz görərsiniz ki, “Qurani-Kərim”də heç bir şəxsin müqəddəsliyindən söhbət getmir. Odur ki, müqəddəs kəlməsi yalnız Allaha məxsusdur, isim olaraq Allahın özüdür”.