İlahiyyatçıdan şok iddia: "Hicab vacib deyil, qadın başıaçıq namaz qıla bilər"-DEBAT
Hicab yalnız peyğəmbərin xanımları üçün vacibdir? Niqab islama ziddir? Quranda hicabla bağlı ayə var?
“Hicab islamda vacibdir. “Qurani-Kərim”in “Nur” və “Əhzab” surələrində bu barədə bəhs olunur. Həmçinin də peyğəmbər (s.ə.s) sünnəsi, əhli-beyti və səhabələrinin tətbiqatında da görürük. “Nur” surəsi 31-ci ayədə hicab açıq şəkildə vacib buyrulur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər”. Başı örtmək ağlı başında olan və həddi-büluğ yaşına çatan hər bir müsəlman qadına vacibdir. Bu Allahın əmridir. Ayədə “baş örtüyü” kimi tərcümə olunan söz ərəbcə elə baş örtüyü deməkdir. Yəni bir ərəb "xumur" sözünü baş örtüyü kimi anlayır. Bu ifadə ximərdən götürülmüş sözdür. Ximər isə örtük deməkdir. İçki ilə bağlı ayədə də eyni ifadə keçir”.
C.Şükürov qeyd edib ki, hicab bağlamayan müsəlman qadın Allahın əmrinə əməl etmədiyi üçün günah qazanır: “ Amma heç kəs üçün demək olmaz ki, hicabsız olduğu üçün cəhənnəmə düşəcək. Kimin cənnətə, yaxud da cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Məsuliyyət daşımaq baxımından kişi və qadın eyni hüquqa malikdir. Kişilərə də deyilir ki, gözlərinizi bağlayın, harama baxmayın. İslamda məcburiyyət yoxdur. Kimsəni hicab geyinməyə məcbur etmək olmaz. Örtünmək də bir ibadətdir və yalnız Allah üçün edilməlidir. Əksinə məcburiyyət olan əməl fayda verməyəcək. Zorla başını bağlayan fürsət düşən kimi də açacaq”.
Digər ilahiyyatçı Rəşad Məmmədov isə bildirib ki, Quranda baş örtüyündən bəhs olunmur: “ Ayədəki sözün “baş örtüyü” kimi tərcüməsi ilə razılaşmıram. Orada söhbət örtüyü sinəyə çəkməkdən gedir. Yəni sinəni bağlamaq lazımdır. Mənin qənaətimə görə, hicab vacib deyil və müsəlman qadın başıaçıq da namaz qıla, məscidə girə bilər. Örtünmək peyğəmbər xanımları üçün vacib olub. Bunun da səbəbi var. O dövrdə Allah rəsulunun zövcələri üçün təhküləli vəziyyət yarana bilərdi. Özlərini qorumaları üçün belə bir əmr nazil oldu. Təhlükə hiss edən səhabə xanımları da örtünmüşdülər. Lakin dediyim kimi qapanmaq ancaq peyğəmbər xanımlarına aid olub, digər müsəlman qadınlara şamil edilmir”.