Aşura mərasimləri təhlükəlidir? Dindarlıq nə zaman qorxuludur?

Uşaqları dini mərasimlərə  aparmaq doğrudurmu? Niyə bu ilki Aşura daha çox səs-küyə səbəb oldu? Aşuradan kimlər, niyə narahatdı?

 

“Azərbaycanda hər il Məhərrəmlikdə Aşura qeyd olunur. Bu dəfə də keçirildi. Mərasimlərə daha çox dindarın qatılmağı bəzi vətəndaşlarımızda narahatçılıq yaratdı. Düşünürlər ki, inanclı insanların artması cəmiyyətə mənfi təsir edə bilər. Əvvəla onu qeyd edək ki, islam sülh dinidir. Təməlində insan haqları və humanist dəyərlər  olan əqidənin nümayəndələri zərərli ola bilməz”.

 

Bunu ilahiyyatçı Fərid Abdulla “Yaşıl orta” verilişində deyib. Din və cəmiyyət mövzusunun müzakirə olunduğu söhbətdə  digər ilahiyyatçı, “Qasımbəy” məscidinin axund müavini Hacı Samir Ağayev və psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova da iştirak edib. F.Abdulla bildirib ki, şəriətdə məcburiyyət yoxdur: “Heç kimi ibadətə, islamın şərtlərinə əməl etməyə zorlamaq olmaz. Bu elə dinin şərtidir. Əlbəttə ki, söhbət gerçək islamdan gedir. Unutmayaq ki, din bir mənəvi tələbatdır. Bəzən insanlar gerçək islamı  tapa bilməyəndə radikal cərəyanlara qoşulur. Odur ki, elə cəmiyyətin təhlükəsizliyi üçün islam olduğu kimi təbliğ edilməli və yaşanmalıdır.Bunun topluma ancaq faydası ola bilər. Aşura mərasimlərinə qatılan insanları heç kim dəvət etmir, nə də zorla gətirmir. Adamlar İmam Hüseynə olan sevgisini ifadə etmək və hüznünü yaşamaq üçün iştirak edir. Hər kəs müşahidə edə bilər, orada heç bir zərərli hal baş vermir”. 

 

G.Əhmədova  da mövzu ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, Azərbaycan cəmiyyətində dinə meyl edən gənclərin sayı çoxalır və bunun da öz səbəbləri var: “İslamı məktəblərdə öyrənmək lazımdır. Bunu vaxtında özümüz Azərbaycan Respublikasının qanunları daxilində  öz bildiyimiz təbliğatçılar və təşviqatçılarla etsəydik,  müxtəlif təriqətlər ölkəmizdə belə yayıla bilməzdi. Bilmək lazımdır ki, uşaqlarımızın ideologiyası ilə şəxsən özümüz məşğul deyiliksə, təhsil müəssisələrində bunu yoluna qoymamışıqsa, digər təriqətlər, digər ölkələrdən ona insanlar bununla məşğul olacaq. İkinci bir məsələ də budur ki, qadağanlarla hər hansı nəticəyə gəlib çıxmaq olmaz. Dindən qorxmaq lazım deyil. Əgər Avropanı biz hər zaman nümunə olaraq göstəririksə, bilməliyik ki, Avropanın bir çox imkanlı ailələrinin həyətlərində Məryəm ananın heykəli var və mütləq bazar günü ailəvi şəkildə kilsəyə gedirlər. Bir çox Qərb ölkəsində din tədris olunur. Gerçək islam cəmiyyət üçün zərərli və təhlükəli deyil. Din insanda  doğruluq, düzgünlük kimi mənəvi xüsusiyyətlər aşılayır”.

Digər ilahiyyatçı Samir Ağayev bildirib ki, ölkəmizdə Aşura mərasimləri uzun illərdir qeyd olunur: “İnsanları dindən ayırmaq qeyri-mümkündür. Hər kəs fərdi şəkildə dindardır, Allahı tapır və ona ibadət edir. Aşura tarixən Azərbaycan mədəniyyətinə gözəl töhfələr vermiş adət-ənənədir. Bu qeyri-ənənəvi bir əqidənin sonradan ölkəmizdə gətirdiyi mərasim deyil. İllərdir keçirdiyimiz ənənədir. Aşura mərasimlərinin indiyədək kimə nə zərəri olub ki? Bu hadisə ilə bağlı klassiklərimiz də yazıb.  Aşurada sevgi və haqqa çağırış var. Əksinə Aşura terrora, zülmə qarşı bir qırmızı xətdir”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR