Niyə imamlar Hz.Həsənin deyil, Hz.Hüseynin nəslindəndir?-Hacı Əhliman ilə...
Niyə İmam Həsən hakimiyyəti Müaviyəyə təhvil verdi? Nə üçün müsəlmanlar imamı tək qoydu? Müaviyə ilə bağlanan müqavilənin Kərbəla faciəsində rolu oldumu?
“İmam Həsən əleyhissəlam Məhəmməd peyğəmbərin ilk nəvəsidir. Hicrətin 2-ci, ya 3-cü ilində Mədinə şəhərində dünyaya gəlib. 10-11 il imamətlik dövrü olub. Hicrətin 50-ci ilində dünyasını dəyişib. Qəbri Mədinədə yerləşən Bəqi qəbristanlığındadır. Təxminən 47 il ömür sürüb”.
Bunu ilahiyyatçı Hacı Əhliman Rüstəmov “Yaşıl orta” verilişində deyib. O bildirib ki, peyğəmbərin nəvələri doğulanda mələklər göz aydınlığına enib, Allah rəsulunu təbrik edib: “İmam Həsən dünyaya gələndə cənab Cəbrayıl nazil olub və bildirib ki, Allah adının “Həsən” olmasını məsləhət görür. Həsən və Hüseyn gözəl mənasındadır, “hüsn” sözündən götürülüb. Ərəb dilində “Həsən” adi, “Hüseyn” isə kiçik gözəl deməkdir. Bu barədə məşhur bir hədis də var. Peyğəmbər Əli əleyhissəlama deyir ki, sənin mənə nisbətin, Harunun Musaya nisbəti kimidir. Necə Harun Musanın qardaşı, xəlifəsi, canişinidirsə, sən də mənim elə qardaşım, xəlifəm,canişinimsən. Harunun da iki oğlu var idi. Birinin adı Şəbər, digərininki Şübeyr. Onlar da yəhudi dilində gözəl mənasını verən sözlərdir”.
İlahiyyatçı qeyd edib ki, xanım Fatimə dünyasını dəyişəndə övladları kiçik olub: “ Analarını erkən itiriblər. Təxminən İmam Həsənin 7-8 yaşı vardı. Bəzi mənbələrdə yazılıb ki, Hz. Zəhra özü İmam Əliyə tez evlənməyini vəsiyyət etmişdi. Ümumiyyətlə isə dinimizə görə də əgər ailədə anasız qalan azyaşlı uşaq varsa, kişinin tez evlənməyi məsləhət görülür. Beləcə Əli əleyhissəlam Ümmül-Bənin ilə ailə qurur. Bir də xanım Fatimənin Fizzə adlı köməkçisi vardı. O da uşaqlara çox bağlı idi, onlara baxırdı. Ömrünün sonuna kimi də elə Hz.Əlinin evində yaşadı”.
Ə.Rüstəmovun sözlərinə görə, imamların seçimi bəşəri deyil, Allahın təyini ilədir: “ Rəbb peyğəmbərə deyir ki, imam bu insan olacaq. Bir imam da özündən sonrakını təyin edir. Allah rəsulu buyurub ki, məndən sonra imam 12 nəfərdir. Əli əleyhissəlamdan sonra imamlıq Hz. Həsənə keçdi. Amma o uzun müddət hakimiyyətdə qala bilmədi. Vəziyyət və şərtlər elə idi ki, Müaviyə ilə sülh müqaviləsi bağlamalı oldu. Nəticədə xəlifəlik Müaviyəyə keçdi”.