İnsan taleyini necə dəyişə bilər? Hansı günah ömrü qısaldır?

Hansı günah ruzimizi azaldır, ömrümüzü qısaldır? Allahın bağışlamayacağı günah varmı? Ən böyük günah nədir? Peyğəmbər günahsız idisə, nə üçün tövbə edirdi? İmam Əlinin dilindən möhtəşəm dua...

 

“Təhrif olunmuş dinlərdən fərqli olaraq, islamda kasta anlayışı yoxdur. Allah və bəndəsi var. Təəssüf ki, çox zaman insanlar dinlə dindarı səhv salır. Bir kəs namaz qılmırsa, bu ciddi narahatçılıqdan xəbər verir.   Amma kimsə ibadət edirsə, bu hələ onun yaxşı insan olması demək deyil”.

 

APA TV-nin məlumatına görə, bunu Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri,ilahiyyatçı Hacı İlqar İbrahimoğlu “Yaşıl orta” verilişində deyib. O bildirib ki, Əhli-beyt məktəbinə görə, peyğəmbərlər  və imamlar məsumdur: “Yəni onların Allah tərəfindən kamil bilgiləri və güclü iradələri var. Odur ki,  iradəli halda Allah hüzurunda günah etməzlər. Buna görə də peyğəmbərlərin və imamların məsumluğu iradəlidir. Günahsız olduqları üçün də nümunədirlər. “Qurani-Kərim”də peyğəmbərin müsəlmanlara örnək olması ilə bağlı ayə var”.

 

İ.İbrahimoğlu günahın tərifini də izah edib: “Günah insanın özünə zülm etməsidir. Etdiyimiz əməllərin həyatımıza, taleyimizə təsiri var. Bəzən günah arzularımızın həyata keçməyinə maneə olur. Yəni əməllərimiz dualarımızı həbs edir. Allah bizə nemətlər ayırıb, biz isə günahlarımız sayəsində o nemətlərdən məhrum oluruq. Nəticə olaraq, özümüz-özümüzü məhrum edirik. Ən böyük günahlardan biri Allahın rəhmətindən məyus olmaqdır. Kimsə Yaradanın rəhmətindən ümidini üzürsə, o tövbə potensialını məhv edir. Unutmamalıyıq ki, bizim nə qədər çox günahımız varsa, Allahın rəhməti ondan da böyükdür”.

 

İlahiyyatçı qeyd edib ki, insan öz taleyini dəyişə bilər: “Bu əməllərimizdən asılıdır. Yaşadığımız sıxıntılar tək günahlarımızdan qaynaqlanmır. Bəzən Allah-Təala öz sevimli qulunu sınağa çəkir. Yaradan bəndəsinin potensialının daha da artmasını istəyir. Çətinlik anında içimizdə gizlənən potensial imkanlar üzə çıxır. Həmçinin insanın fikrini konsentrasiya etmə böhranı var. Günah orada başlayır. Günah o zaman baş verir ki, biz konsentrasiyanı itiririk. İnsan yeni, qatı açılmamış günahlar etdikcə, yeni bəlalar və yeni müsibətlər üzə çıxır”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR