Elşad Miri : "Mehdi gəlməyəcək"

İlahiyyatçıdan şok açıqlama: "İslamda möcüzə yoxdur, Məhəmməd peyğəmbər də günah edib, Quranı dəstəmazsız oxumaq, lakla dəstəmaz almaq olar"

 

“Bu gün islam adına doğru bildiyimiz bir çox məlumatlar əslində uydurma və xurafatdır. Müsəlman dinlə mövhumatı ayırd etməyi bacarmalıdır”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Elşad Miri “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, “Qurani-Kərim” Allahın sözüdür və islamın qaynağıdır: “Biz bu kitabdan sorğu-sual olunacağıq. Amma “Quran”a yanaşmamız  doğru deyil. Onu müqəddəsləşdirərək, əl çatmaz edir, özümüzdən uzaqlaşdırırıq. Halbuki hər bir müsəlmanın stolüstü kitabı olmalıdır. Onu oxumalı və əməl etməliyik. “Quran”ı tək üstün edən onda ilahi kəlamların olmasıdır. Amma bu onu müqəddəsləşdirmir. Çoxumuz elə  bilirik ki, “Quran”a dəstəmazsız toxunmaq olmaz. Bu özü yalan məlumatdır və heç bir əsası yoxdur. Bildiyiniz kimi kompyuterlərdə, mobil telefonlarda  “Quran”nın elektron versiyası var. O zaman telefonda ayələri oxumaq üçün də dəstəmaz almalıyıq?”

 

İlahiyyatçı qeyd edib ki,  islamda möcüzə də yoxdur: “  Əvvəlki peyğəmbərlərə möcüzələr verilib. Amma sonuncu nəbiyə “Quran”dan başqa heç bir möcüzə verilməyib. İslamın tək möcüzəsi “Qurani-Kərim”dir.  “İsra” surəsinin 59-cu ayəsində uca Allah belə buyurur: “Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir”. Məhəmməd peyğəmbərə möcüzə verilmədiyi açıq şəkildə qeyd olunur. Odur ki, islam adına uydurulan möcüzələrin heç bir əsası yoxdur, hamısı yalandır”.

 

Elşad Miri Hz. Mehdi barədə də sualları cavablandırıb. Bildirib ki, bu mövzu ilə bağlı “Quran”da bir kəlmə də yoxdur: “ Hər iki məzhəb Mehdinin gəlişini gzöləyir. Bu barədə yalnız hədislərdə məlumat var.  İbn Qayyim əl-Cauzi adlı  məşhur bir alim Mehdi haqqındakı rəvayətlərin hamısını zəif və uydurma adlandırıb”.

 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR