12 yaşlı məktəbli niyə intihar edib? İntihar məktubunun pərdəarxası…
Psixoloq Narınc Rüstəmova 12 yaşlı İsmayılın intihar məktubunu necə psixoloji təhlil etdi? Məktubda yazılanlar ölüm səbəbi ilə bağlı ipucu verirmi? İsmayılın Quran dərsi aldığı molla kimdir və hansı dini təriqətdəndir? Din uşaq psixikasına necə təsir edir? Psixoloqlar uşağa dini neçə yaşından öyrətməyi məsləhət görürür?
“ İslam heç bir halda intihara bəraət qazandırmır və bütün dini təriqətlərdə özünəqəsd qadağandır, günah sayılır”.
APATV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri, ilahiyyatçı Nahid Məmmədov “Yaşıl orta” verilişində deyib. Ağdaşda 12 yaşlı məktəblinin intiharına həsr olunan verilişdə filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq və psixoloq Narınc Rüstəmova da iştrak edib. Qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüb, tamaşaçı suallarını cavablandırıb. N.Məmmədov bildirib ki, İsmayıl Adıgözəlovun intihar məktubunda dinə bağlılığı, peyğəmbərə sevgi bəslədiyi hiss olunur, amma bu hadisə ilə bağlı islamı hədəf göstərməyə əsas vermir: “Məktəbli yayda Quran dərsi alıb. Biz onun dərs aldığı molla ilə maraqlandıq. Radikal təriqətlərdən uzaq, dini təhsil almış bir insandır. Məktuba diqqət etsək görərik ki, ilk cümlədə peyğəmbər qeyd olunub, qalan sözləri dinlə bağlı deyil. İslam bütün halda intihara qarşıdır. Peyğəmbəri sevən, islamı olduğu kimi dərk edən heç kəs özünə qəsd etməz. Düşünürəm ki, məktəblinin intiharında başqa səbəblər var”.
Psixoloq Narınc Rüstəmova intihar məktubunu psixoloji təhlil edərək, məktəblinin yazısında aqressiya olmadığını vurğulayıb: “ Məktəblinin psixoloji cəhətdən problemlərinin olmadığı bildirilir. Lakin affektiv bir vəziyyət yoxdursa, sağlam psixikası olan insan intihara əl atmaz. Affektiv vəziyyət ətrafda baş verən hadisələrə görə güclü sarsıntı keçirməkdir. Məsələn, yanğın baş verir və insan adekvat düşünə bilmir, təfəkkürü blok olur. O an intihar edə bilər. Lakin valideynlərinin açıqlamasına görə ailədə affektiv vəziyyət, yaxud da münaqişə baş verməyib. Bu halda uşaqda psixoloji problemlərin olduğunu ehtimal edə bilərik. Məktubundan da görünür ki, aqressiv uşaq deyil. O, hətta bacısının toyunu düşünür, anasından halallıq istəyir, bacısından övladının adını İsmayıl qoymasını xahiş edir. Çox zaman isə intihar məktublarında aqressiya olur. Amma İsmayılın məktubunu təhlil edəndə görürük ki, sanki bir cəzalandırma var, amma o, ətrafı deyil, özünü cəzalandırır. İntiharı düşünən uşaqların hal və davranışlarını bilməliyik. Belə olan halda valideyn övladının fikrini öyrənib, özünəqəsdin qarşısını ala bilər”.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq də mövzu ilə bağlı fikirlərini bölüşüb: “Düşünürəm ki, məktəblinin intihar səbəbi din deyil. Amma dini öyrətməkdə yaş məhdudiyyətinin olmasının tərəfdarıyam. Təhsilə daha çox diqqət ayırmalıyıq. Təhsil Nazirliyinin son zamanlar atdığı addımlar qənaətbəxşdir, amma hələ də məktəblərdə psixoloqlar işləmir, hətta yox səviyyəsindədir. Bir məktəbə 1 psixoloq çox azdır. Məktəblərdə psixoloqlar işləməli, müəllimlər şagirdlərlə sıx təmasda olmalıdır. Bu cür halların təkrarlanmaması üçün həm ailələrin, həm də müəllimlərin hadisəyə ciddi yanaşmasını istəyirəm”.