Hansı hallarda bankdan faizlə kredit götürmək haram deyil?
Ruzini necə artırmaq olar? Allah niyə kasıb möminlərə də çox ruzi vermir? Hamının ruzisi varsa, niyə insanlar acından ölür?
Allah nə üçün birinə az, başqasına çox ruzi verir?
“ Hər kəsə bərabər ruzi verilməsi mümkün deyil. Bu islamın ədalət prinsipinə də ziddir. Çünki insanların həyat tərzi fərqlidir. Biri çox işləyir, digəri isə zəhmət çəkmək istəmir. Bərabərlik heç də hər zaman ədalət demək deyil”.
Bunu ilahiyyatçı Rauf Hüseyn “Yaşıl orta” verilişində deyib. Ruzi mövzusunun müzakirə olunduğu söhbətdə digər ilahiyyatçı Fərid Abdulla da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. R.Hüseyn bildirib ki, Allah günahkara, hətta kafirə də ruzi verir: “ Bununla bağlı “Qurani-Kərim” ayələri də var. Uca Yaradan belə buyurur: “ (Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər”. Yəni bu dünyada kafirlərə ruzi verilsə də, onların axirətdə payları olmayacaq. İnkarçıları sonda yalnız və yalnız əzab gözləyir”.
İlahiyyatçı qeyd edib ki, ruzini qazanmaq üçün müsəlman əmək sərf etməlidir: “Allah rəsulunun və imamların həyatına baxsaq görərik ki, onlar da işləyib, pul qazanmaq üçün çalışıblar. Elə insan var ki, əziyyət çəkmək istəmir, bütün günü evdə oturur. Sonra da ruzisinin olmadığından şikayətlənir. Bu doğru yanaşma deyil. Müsəlman ruzi üçün səy etməli, çalışmalıdır”.
İlahiyyatçı Fərid Abdulla da mövzu ilə bağlı sualları cavablandırıb. O, əməllərin ruziyə təsiri barədə məlumat verib: “ Ruzini artırıb-azaldan əməllər var. Amma bəziləri yanlış olaraq ibadətin birbaşa ruzi gətirəcəyinə inanır. Məsələn, elə zənn edir ki, namaz qılırsa, mütləq qazancı çox olmalıdır. İbadətin mahiyyətini doğru anlamaq lazımdır. Namaz vacib əməldir, savabı var.Amma niyyət sırf Allah rizası üçün olmalıdır. Pulun artması məqsədi ilə ibadət etmək dinə ziddir”.