"Ruh yoxdur, Hz.Məryəm öz-özünü hamilə edib" - DEBAT

Araşdırmaçı: "Əslində ruh yoxdur! Quranda keçən ruh kəlməsi ağıl, vicdan və iradə deməkdir"

Bu iddialara ilahiyyatçının cavabı nə oldu?

Ruh yoxdursa, ölüm necə baş verir?

Allahla insanın ruhu eynidir?

Hz.Məryəm 9 ay deyil, cəmi 1 gün hamiləlik keçirib?

 

“Lüğətlərdə ruh sözünün tərcüməsi müxtəlif cür verilib. Əsasən külək, nəfəs mənaları üstünlük təşkil edir. “Qurani-Kərim”in ayələrində də  ruh ifadəsi fərqli anlamlarda  işlədilir”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fazil Əhmədli “Yaşıl orta” verilişində  deyib. Ruh mövzusunun müzakirə olunduğu söhbətdə araşdırmaçı Asim Kərimov da iştirak edib. F.Əhmədli bildirib ki, “Quran”da ruhdan bir neçə mənada bəhs olunur: “ “Bəqərə” surəsinin 253-cü ayəsində uca Allah belə buyurur: “(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik”. Burada xüsusi bir ruh barədə danışılır. Amma mübarək “Qədr” surəsində mələklərdən də uca bir ruhdan söhbət gedir. “Maidə” surəsində isə ruh  ifadəsi bir qədər gizlin mənada işlənir. Məsələn buyrulur ki, o gün  mələklər və ruh bir cərgədə olarlar. Bu ayədə də ruh ifadəsi mücərrəd mənadadır. Ümumiyyətlə, ruh özü mücərrəd bir məfhumdur.  Metafizik varlıq olduğu üçün onun dünyəvi elmlərlə izahı qeyri-mümkündür. Allah-Təala buyurur ki, ruh haqqında sizə çox az məlumat verilmişdir”.

 

Ruhun varlığı inkar edən araşdırmaçı Asim Kərimov isə əslində ruhun olmadığı fikrini iddia edib: “ “ Qurani-Kərim”də insan ruhundan bəhs olunmur. Yəni heç bir ayədə “insan ruhu” deyilən bir kəlmə yoxdur. Ənənəvi ruh anlayışı islamda olmayıb.Bu sonradan dinimizə keçmiş bir qavramdır. Daha dəqiq desək, yunan filosofu Platondan götürülüb. Ruh anlayışı ilk dəfə xristianlığa, sonra islama daxil edib. Xristianlıqda ruhun ölməzliyi var. İsa peyğəmbərin ölməzliyini ruhla isbat etmək mümkündür”.

 

A.Kərimovun sözlərinə görə, “Qurani-Kərim”də keçən ruh sözü vəhy deməkdir: “ “Klassik dini təsəvvürə görə ölüm ruhun bədəndən çıxması ilə izah olunur. Bu fikir də doğru deyil. Çünki insanda  ruh yoxdur.  “Ənbiya” surəsinin 35-ci ayəsində belə buyrulur: “ Hər bir nəfs ölümü dadacaq”. Burada ruhdan söhbət getmir. Nəfs nəzərdə tutulur. Yəni Allah canı alır və insan ölür. “Quran”nın heç bir ayəsində ölüm kəlməsi ilə ruh sözü ilə yanaşı işlənmir”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR