Niyə qadın peyğəmbər yoxdur?
Hz. Məhəmməd peyğəmbər günahsız idisə, nə üçün tövbə edirdi?
Peyğəmbərlər məsumdurlarsa, niyə Hz.Adəm günah edib, Allah Hz.Yunus və Hz.Yusifi cəzalandırıb?
Məsumluğun Quranda dəlili varmı?
“ Son dövrlər belə bir sual gündəmə gəlib: “Peyğəmbər məsumdur, yoxsa yox?” Düşünürəm ki, bu mübahisə Allah rəsulunu yetirincə tanımamaqdan irəli gəlir. Peyğəmbər şəxsiyyəti müsəlman cəmiyyətinə tam aydın deyil. Onu yaxşı tanımadığımız üçün də günahsız olub-olmadığı kimi suallar ortaya çıxır”.
APATV-nin məlumatına görə, bunu ilahiyyatçı Mahir Şəkərov “Yaşıl orta” verilişində deyib. Məsumluq mövzusunun müzakirə olunduğu söhbətdə digər ilahiyyatçı Haci Atif İsmayılov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçı suallarını cavablandırıb. M.Şəkərov bildirib ki, peyğəmbərlərə xas bir neçə sifət var: “ Bir insanın Allah rəsulu olması üçün onda bəzi xüsusiyyətlər cəm olmalıdır. Əks halda peyğəmbər sayılmaz. Məsələn, vacib sifətlərdən biri doğru danışmaqdır. Allah nəbisi heç bir halda yalan söyləməz, həmçinin əmanətə xənayət etməz. Eləcə də vacib sifətlərdən biri ismətdir. Bir şəxs əgər peyğəmbərdirsə, deməli məsumdur. “Məsumluq” sözünün dilimə tərcüməsi özünü qorumaq, günahlardan çəkinməkdir. Hər bir peyğəmbər özünü günahlardan qorumaqla, məsumluq sifətini qazanıb”.
İlahiyyatçı qeyd edib ki, məsumluq geniş anlayışdır və yalnız peyğımbərlərə aid deyil: “ Allah, imamlar, “Qurani-Kərim” də məsumdur. Eləcə də insanın özü müəyyən mənada məsum ola bilər. Peyğəmbər olmayan şəxslər var ki, əməlləri ilə bu məqama çatıblar. Məsumluq bütün günah və eyblərdən uzaq durmaq deməkdir. Allahdan çəkinib, xəta etməyən insanlar da günahsızdır. Mən bu bəhsin yalnız peyğəmbər çərçivəsində məhdudlaşdırmağın əleyhinəyəm. Peyğəmbər və imam olmayan adi insan da təqvası ilə məsumluğa yetişə bilər”.
Digər ilahiyyatçı Hacı Atif İsmayılov da mövzu ilə bağlı fikirlərini bölüşüb: “Peyğəmbərimiz hansı varlığı təmsil edir? Allahı! Çünki rəsul elçi deməkdir. Bunun üçün də onda məsumluğuna dəlalət edən müəyyən xüsusiyyətlər olmalıdır. Ayələrə müraciət etdikdə görürük ki, “Qurani-Kərim” peyğəmbərin vəhyin qəbulunda xətaya yol verməməsini ismət sayır. Yəni söhbət xətasızlıqdan gedir. Eləcə də başqa ayələr var ki, məsumluğun dəlili kimi qəbul edilə bilər. Dini qaynaqlara görə, həm Allah, həm də peyğəmbər siratül-müstəqimdədir. Doğru yolda olan biri üçün isə günah düşünmək əslində üsyandır”.