Meyxana, lirik mahnılar, tar,kaman haramdır? - DEBAT

İslama görə hansı musiqi və çalğı alətləri haramdır?

Piano, skripka, klarnet dinləmək də günah sayılırmı?

Musiqinin günah olmasının Quranda dəlili varmı?

 

“İslam hüququnda  “ğina” adlı termin var. Böyük islam alimləri, hədisşünaslar ğinanı qadağan olunmuş musiqi adlandırırlar. Lakin dinimizin musiqiyə yanaşması birmənalı haram deyil”.

 

APATV-nin məlumatına görə, bunu ilahiyyatçı Bəşir Mənsurov “Yaşıl orta” verilişində deyib. İslam və musiqi mövzusunun müzakirə olunduğu söhbətdə digər ilahiyyatçı Rəşad Məmmədov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçı suallarını cavablandırıb. B.Mənsurov bildirib ki, islama görə musiqi halal və haram olmaqla 2 yerə ayrılır: “ Ğina ilə bağlı dində müxtəlif fikirlər var. Ortaq rəy budur ki, səs titrəyişlə boğazdan çıxır, qəlqələ yaradır, insan sümüyünə düşürsə, haramdır. Həmçinin dinləyicinin ruhuna, psixikasına  mənfi təsir edən, mətnində  ədəbsiz sözlər olan, zinaya təhrik edən, şəhvət oyadan musiqilər də haramdır. Buna misal olaraq, ağır roku qeyd edə bilərik. Həmçinin cazın bəzi növləri də dini baxımdan qadağandır. Qalan bütün musiqilər halaldır”.

 

İlahiyyatçı qeyd edib ki, qadağa şərtləri musiqinin mahiyyəti və təsiri ilə müəyyən edilir: “ Eyş-işrət məclislərində səslənən musiqilər də qadağandır.  Yerdə qalan musiqilərin haram olub-olmadığını fərd özü təyin etməlidir. Məsələn, dinlədiyi musiqi onda dünyaya daha çox bağlılıq yaradır, şəhvani hisslər oyadır, Allahdan uzaqlaşdırır, yaxud da aqressiv edirsə, ondan uzaq durmalıdır. Bəzi musiqi növləri var ki, insan dinləyəndən sonra aqressivləşir, özünə və ətrafa zərər verir. Bu cür musiqilər də haramdır”.

 

Digər ilahiyyatçı Rəşad Məmmədov da musiqi ilə bağlı fikirlərini bölüşüb. O, isə dində heç bir musiqi qadağasının olmadığını, bütün növ musiqi və çalğı alətlərinin halal olduğunu bildirib: “ Mən dində musiqi ilə bağlı məhdudiyyətlərin olmasına inanmıram. İslamda heç bir musiqi haram deyil. Əgər kimsə musiqiyə qulaq asandan sonra mənfi hal yaşayırsa, bunun günahı musiqi deyil, insan psixikasıdır. Yaxud da müsəlman musiqi dinləyəndə zinaya meyl edirsə, yenə səbəb musiqi deyil, onun əxlaqıdır”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR