Hansı Quran ayələri səhv tərcümə olunub?
Quranın Azərbaycan dilinə ən doğru tərcüməsi hansıdır?
Hurilər və Hz. Adəmlə bağlı ayələrin tərcüməsi də səhvdir?
Cənnətdə huri veriləcəyi yalandı?
Quranın şifrələri varmı?
Ayələrdə bəzi məlumatların kodlaşdırıldığı doğrudurmu?
“Quranı 3 cür tərcümə etmək olar: hərfi, mənasına görə və məaili, yəni izahla. Hərfi tərcümə ayələrin mənasını tam əks etdirmir. Odur ki, bu cür çeviriliş qaneedici sayılmır və xətaların olması da mümkündür. Ən məqsədəuyğunu məali tərcümədir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Atif İsmayılov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, ayələri doğru şəkildə tərcümə etmək üçün yalnız ərəb dilini bilmək kifayət deyil: “ Quranı tərcümə edən şəxsin ayələrin nazil olma səbəbini, hədisləri, islam tarixini, şəriəti bilməsi çox önəmlidir. Yalnız bu halda təhrifə yol vermədən Allahın kəlamı dilimizə çevirmək olar. Bildiyiniz kimi ayələrin nazil olma səbəbini hədislər sayəsində öyrənirik. Allahın ayəni nə üçün göndərdiyi biləndə Rəbbin nə demək istədiyi, hansı halı və hadisəni qəsd etdiyi daha dəqiq aydınlaşır. Quran indiyədək bir neçə dəfə dilimizə tərcümə olunub. Hətta Vasim Məmmədəliyev və Ziya Bünyadovun birgə tərcüməsində də xətalar var. Düşünürəm ki, bu həmin ayələrin hərfi çevirməsinin nəticəsidir”.
İlahiyyatçı qeyd edib ki, tərcümə xətalarına misal olaraq, “Ənam” surəsinin 39-cu ayəsini misal çəkə bilərik: “ Bu ayə belə tərcümə olunub: “ Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər”. Sonuncu cümləyə görə Allah istədiyi insanı azdırır. Yəni insanın günah etməsi öz əlində deyil. Bu məntiqlə qul əməlinin məsuluyyətini daşımamalıdır. Həmçinin ilahi imtahanın da mənası qalmır. Halbuki, ayə əslində belə çevrilməli idi: “Allah istəyəni azdırar, istəyəni düz yola yönəldər”. Gördüyünüz kimi bir ifadənin səhv çevrilməsi böyük bir məna təhrifinə səbəb olur”.