İslamda hansı yalana icazə var, günah sayılmır?
Hansı yalan müsəlmanı kafir edər, cəhənnəmə salar?
Allaha böhtan atanlar kimlərdir?
Lətifə danışmaq haramdır?
“Yalanla bağlı islamın aşkar hökmü var. İnsanlar arasında fitnə-fəsada səbəb olan bu əməl günahdır və dinimiz tərəfindən qadağan olunub”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Abduallaoğlu “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, yalan islamın həssas yanaşdığı önəmli mövzulardan biridir: “ Hətta bəzi peşələr var ki, yalançı insanın orada çalışmağı dini baxımdan bəyənilmir və şəriət icazə vermir. Məsələn, o kəslər hakim işləyə bilməzlər. Çünki çıxardıqları hökmdə xətaya yol vermələri mümkündür. İslama görə yalan tək qınağa səbəb olan, etik davranışları pozan bir əməl deyil. Dinin bu mövzuya yanaşması daha sərt və kəskindir. Şəritətə görə yalan cəmiyyətin sütunlarını silkələyən, böyük fəsadlara səbəb olan haramdır”.
İlahiyyatçı yalanın cəzası ilə bağlı da ətraflı məlumat verib: “ Günah olduğu üçün əlbəttə bir cəzası var. Lakin cəza dərəcəsi yalanın vurduğu zərərə görə müəyyən olunur. Məsələn, böyük fitnələrə yol açan əməlin günahı və cəzası daha ağırdır. Ən böyük yalan isə Allah və peyğəmbərin adından danışılan yalandır. Bununla bağlı “Qurani-Kərim”də bir çox ayə var. Məsələn, “Maidə” surəsinin 86-cı ayəsində belə buyrulur: “Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər”. Bu ayədə şiddətli cəzadan söhbət gedir. Bildiyiniz kimi islamda tövbə anlayışı var. Hətta Allaha qarşı yalan söyləyən kəslər də tövbə edib, Yaradandan bağışlanma diləyə bilərlər. Amma bu fürsət ölüm təhlükəsini hiss edənə qədərdir və əsas şərti də səmimi peşmançılıqdır. Əgər insan tövbə etmədən belə bir ağır günahla dünyadan köçərsə, axirətdə ona bağışlanma nəsib olmayacaq”.
R.Abdullaoğlu yalanla bağlı dindəki istisnalar haqda da sualları cavablandırıb. O, qeyd edib ki, bəzi məqamlarda islam yalana icazə verir və günah sayılmır: “ Ər-arvadın, 2 dostun arasını düzəltmək, barışdırmaq məqsədi ilə yalan danışmaq olar. Eləcə də müharibə şəraitində bir kəşfiyyatçıya, xəstəsini motivasiya etmək istəyən həkimə də yalan danışmağa icazə verilir. Bu kimi hallarda deyilən yalan şəriətdəki yalan hökmünə daxil olmur”.