Ramazanda toy etmək, ad günü keçirmək olar?
Qatı toz, siqaret tüstüsü orucu pozurmı?
Əgər içki içən Ramazanda oruc tutursa, namaz da qıla bilər?
Oruc tutana dərman içmək, iynə vurdurmaq olar?
“ Böyük din adamları Ramazan bitəndə kədərlənər, hətta ağlayardılar. Çünki bu ay dini qaynaqlarda o qədər tərif edilib ki, sona çatanda insanlar üzülürdü. Gerçəkdən çox böyük fəzilət və fürsət ayıdır. Müsəlman Ramazanı layiqincə dəyərləndirməli, daha çox bəhrə götürməyə çalışmalıdır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fərid Abdulla “Yaşıl orta” verilişində deyib. Oruc ibadətindən bəhs olunan söhbətdə digər ilahiyyatçı Samir Əzizov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı sualları cavablandırıb. F.Abdulla bildirib ki, bir aylıq orucun bayramla yekunlaşması mükafatlandırma, ibadətin təntənəsidir: “ Bu aydan mümkün qədər çox faydalanmaq lazımdır. Kim nəyə nail olursa, mükafatını da qazanacaq. Bəzi müsəlmanlar il boyu dinin şərtlərinə əməl etməsələr də, Ramazanda oruc tutur, islamın tələblərinə riayət etməyə çalışırlar. Bəzən buna etiraz edənlər, qınayanlar olur. Amma doğru yanaşma deyil. Birisi ildə lap 1 ay da Allaha tərəf addımlayırsa, bunu ancaq təqdir etmək lazımdır”.
İlahiyyatçı qeyd edib ki, Ramazanda toy etmək olar: “ Düzdür, İmam Əli bu ayda şəhid edilib. Amma ümumən Ramazan hüzn ayı deyil. Kiminsə toyu, ad günü, xeyir işi varsa, iftardan sonra dini şərtlər daxilində qeyd edə bilər”.
Digər ilahiyyatçı Samir Əzizov isə ibadətin mənəvi tərəfləri barədə məlumat verib: “ Ramazanda və ondan sonra insan mənəvi yüksəlişə nail olmalıdır. Bunun üçün orucun mahiyyətini doğru anlamq, dərk etmək önəmlidir. Bəzən elə zənn edirlər ki, oruc yalnız ac-susuz qalmaq deməkdir. Əslində isə belə deyil. Biz təqvalı olmaq üçün ibadət edirik”.
S.Əzizov orucu batil edən hallardan da danışıb: “Qatı toz boğaza gedərsə, orucu pozar. Həmçinin də siqaret tüstüsü. Bunlara diqqət etmək lazımdır. Biri xəstədirsə, müalicə məqsədi ilə iynə vurdura bilər. Lakin qidalandırıcı tərkibli iynələrə icazə yoxdur”.