Hədisi inkar edən kafir sayılır?
Hədisi inkar edən islamdan çıxır, müsəlman sayılmır?
Quran mükəmməldirsə, hədisə nə ehtiyac var?
Hədisdən imtina etmək olarmı?
“ “Quran-Kərim” şəksiz və şübhəsiz bütün müsəlmanların birinci istinad nöqtəsidir. Hədis də dini qaynaq sayılır və məsum kəlamıdır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağarəşid Talıbov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, hədissiz islam olmaz, çünki bir çox məsələlərin izahı və cavabı məhz rəvayətlərdədir: “ Məsələn, Allah “Quran”da namaz qılmağı buyurur. Amma ibadətin təfərrüatları barədə məlumat verilmir. Bunu biz hədislərdən öyrənirik. Eləcə də başqa mövzular var ki, aydın olması üçün mütləq sünnəyə müraciət etməliyik. “Qurani-Kərim”ə baxanda görürük ki, Allah müsəlmanları peyğəmbərə itaətə çağırır. “Ali-İmran” surəsinin 31-ci ayəsində belə buyrulur: “(Ya Rəsulum!) De: 'Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”. Hədislər peyğəmbərin dediyi sözlər və əməlləridir”.
İlahiyyatçı hədis inkarçıları barədə də sualları cavablandırıb: “Hər hədisi inkar edən müsəlmana kafir demək olmaz. Çünki onlar peyğəmbərə deyil, hədisin peyğəmbərə aid olmasına şübhə ilə yanaşırlar. Bunlar fərqli məsələlərdir. Əgər kimsə Allah rəsulunu inkar edərsə, o zaman dindən çıxar. Quranilər əlimizə çatan rəvayətlərin səhih olmasına inanmırlar. Amma deyirlər ki, əgər peyğəmbərlə eyni dövrdə yaşasaydıq, dediyi hər sözə etiqad edərdik”.
A.Talıbov qeyd edib ki, hədislərin heç də hamısı doğru deyil: “Hətta səhih kimi təqdim olunan bəzi rəvayətlər də saxtadır. Məsələn, bir hədisdə peyğəbərin sübh namazını qəza etdiyi yazılır. Bu necə həqiqət ola bilər? Bizim nümunəmiz Allah rəsuludur. İbadəti qəza edən bir nümunə mümkündürmü? Deməli, səhih kimi qəbul olunsa da bu hədis əslində saxtadır. Düşünürəm ki, yenidən hədislər araşdırılmalıdır. Buna ehtiyac var. Yeni meyarlar düşünülməlidir. Və səhihlik təyin olunan zaman bütün şərtlərlə birgə islamın ruhu da nəzərə alınmalıdır. Ona bilər ki, hansısa rəvayət “Qurani-Kərim” mətninə zidd deyil, amma islamın ruhuna uymur. Bu zaman qəbul edilməməlidir”.