FHN DYNX-nin şöbə rəisi: "Yanğınsöndürən maşınları susuz saxlamaq mümkün deyil" - Yerində

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayevin APA-ya müsahibəsi

 

- Ötən dövr ərzində yanğın hadisələrinin təhlili hansı mənzərəni ortaya qoyur?

 

- Açıq sahələrdə, zibil yığılmış, qamışlıq və kol-kosluq olan ərazilərdə baş verən yanğınların təhlili göstərir ki, son dövrlər bu növ yanğınların statistikasında artım mövcuddur. Belə hadisələrin arzuolunmaz mütəmadiliklə təkrarlanması, bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınması Dövlət Yanğın Nəzarəti Xidmətini narahat etməyə bilməz. Həmin hadisələr zamanı yanğının söndürülməsinə FHN-nin müvafiq qüvvələri cəlb edilir, nəticədə texnika aşınır, külli miqdarda dövlət büdcəsi vəsaiti xərclənir. Nəzərə alınmalıdır ki, hər gün onlarla açıq sahələrdə, zibil yığılmış, qamışlıq və kol-kosluq olan ərazilərdə yanğın baş verir, yanğın hadisəsi baş verən yerlərə xüsusi iri həcmli texnika göndərilir, yanacaq  və sürtgü materialları sərf olunur, texnikalar, xüsusi alət və ləvazimatların istifadəsi nəticəsində onlar köhnəlir, aşınır. Respublikada dövlət yanğın nəzarəti funksiyasını həyata keçirən orqan kimi mütəmadi olaraq əməkdaşlarımız tərəfindən yanğın təhlükəli sahələr müəyyən olunur, bu nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara, orqanlara müraciətlər göndərilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı il əvvəlcədən müəyyən edilmiş təyinat üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların kənarında və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan kol-kos və qamışlıq sahələrin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir. 

 

- Yanğınların əsas səbəbləri hansılardır?

 

- Yanğınların baş verməsinin əsas səbəbi insan amilidir. İnsanlar bəzən yanğın təhlükəsizliyi qaydalarını sanki unudur, bu qaydalara əməl etmir ki, bu da yanğın hadisələrinin baş verməsinə səbəb olur. Bu baxımdan odla ehtiyatsız davranışını qeyd etmək olar. Məsələn, yolda nəqliyyat vasitəsi ilə hərəkət edərkən siqaret kötüyünün söndürülmədən yolun hərəkət hissəsinə atılması və cüzi bir külək nəticəsində həmin siqaret kötüyünün yolun kənarındakı otluq sahəyə düşməsi ilə yanğının baş verməsi hallarına rast gəlinir. Elə insanlar da var ki, söndürülməmiş siqaret kötüyünü zibil konteynerinə atır, bunun da nəticəsində yanğın hadisəsi baş verir. Yəni insanlar mədəni davranaraq siqaret kötüyünü zibil konteynerinə atır, ancaq bu zaman siqaret kötüyünü söndürməyi yaddan çıxarır.  

 

- Yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə ilə əlaqədar hansı işlər görülür?

 

- Mütəmadi olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən vətəndaşların yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilməsi istiqamətində əməli işlər görülür. İdarə və müəssisələrdə, o cümədən yerlərdə sakinlərlə görüşlər keçirilir, odsöndürən balonlardan istifadə qaydaları öyrədilir, məişətdə yağın təhlükəsizliyi qaydalarına əməl edilməsinin zəruriliyi nəzərə çatdırılır, evlərdə yanğının baş verməsinin qarşısının alınmasına dair yaddaş vərəqələri vətəndaşlara paylanılır. İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarını ehtiva edən kitabçalar paylanır. Hesab edirik ki, cəmiyyətin kütləvi izlədiyi KİV-lə daha sıx əlaqədar olsaq, vətəndaşları yanğın təhlükəsizliyi sahəsində maarifləndirmək üçün daha geniş imkanlar qazanmış olarıq. Biz bu imkanlardan da istifadə edərək vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maariflənməsi işlərini aparırıq. Dövlət Yanğın Nəzarəti Xidməti olaraq yanğınların minimuma endirilməsi bizim əsas vəzifəmizdir. Yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşlara da müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına əməl etsələr, bu qəbildən olan yanğınların sayı minimuma enər.  

-  Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə vətəndaşlar hansı inzibati məsuliyyəti daşıyır? Qanunvericilikdə bu hallarla əlaqədar cərimələr nəzərdə tutulubmu?

- Yanğın təhlükəsizliyi qaydaları, ərazinin saxlanılmasına dair tələblər mövcuddur. Bu tələblərdə yaşayış məntəqələrinin və müəssisələrinin əraziləri, bina tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, otlardan, quru otlardan, yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Bu işləri vaxtında etmək lazımdır ki, yanğın hadisəsi baş verməsin. Hər hansı mövsümdə görülməli işlər dərhal vaxtında icra olunmalıdır ki, yanğın hadisələrinin qarşısını almış olaq.

Məsuliyyətə gəlincə, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə inzibati məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsində əksini tapıb. İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına, yaxud yerinə yetirilməməsinə görə fiziki şəxslər üçün 20-30 manat, vəzifəli şəxslər üçün 100-150 manat, hüquqi şəxslər üçün isə 350-500 manat cərimə nəzərdə tutulub.

 

- Sosial şəbəkələrdə müzakirələr zamanı yanğınsöndürənlərin, xüsusi texnikanın hadisə yerinə gec gəldiyi, nəticədə yanğının genişləndiyi iddia olunur. Bu iddialar nə dərəcədə əsaslıdır?

 

- FHN tərəfindən videoçarx hazırlanıb. Mövzu bəzi sürücülərin nəqliyyat vasitəsində hərəkətdə olarkən yanğınsöndürmə avtomobillərinə yol verməməsidir. “Yol hərəkəti haqqında” qanuna əsasən, göy və qırmızı sayrışan işıqları olan və xüsusi səs siqnallarından istifadə edən xüsusi təyinatlı nəqliyyat vasitələrinə digər yol iştirakçıları dərhal yol verməlidir. İnzibati Xətalar Məcəlləsində xüsusi nəqliyyat vasitələrinə yol verməyənlər üçün də cəza tədbirləri nəzərdə tutulub. Daimi olaraq tərəfimizdən bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilir.

Sosial şəbəkələrdə yazılanlara gəlincə, bəzən hətta yazırlar ki, yanğınsöndürmə maşınında su yox idi. Bu orqanda çalışdığım üçün deyil, təcrübəmə əsasən tam məsuliyyətlə demək istəyirəm ki, yanğınsöndümə maşınında avtoçəndən, suyun daşınması və verilməsi üçün nəzərdə tutulmuş xüsusi texnikadan danışırıqsa, həmin texnikanın susuz hadisə yerinə gəlməsi qeyri-mümkündür. Sadəcə, xüsusi texnika yanğın yerinə gəldikdən sonra ehtiyat su mənbəyinin də yerini təyin edir. Texnika ehtiyat su mənbəyindən yanğının söndürülməsinə tələb olunan suyun miqdarını təyin edir və oradan suyun götürülməsini təmin etmək istiqamətində addımlar atılır. Vətəndaşlar da bu an elə bilirlər ki, hadisə yerinə yanğınsöndürmə texnikası susuz gəlib. Bu baxımdan sosial şəbəkələrdə bəzi vətəndaşların yanğınsöndürmə texnikasının hadisə yerinə susuz gəldiyi barədə iddiaları əsassızdır.

Bəzən yanğınsöndürmə texnikasının hərəkətinə maneələr olması səbəbindən gecikməsinə gəlincə, tərəfimizdən maarifləndirmə tədbirləri həyata keçirilir. Əsasən də nəqliyyatın hərəkətinin sıx olduğu, məsələn, vətəndaşların səhər işə gedəndə və axşam işdən qayıdanda müşahidə olunan pik saatlarında baş verən yanğın hadisələrinə bəzi istiqamətlərdə yanğınsöndürmə maşınlarının tez yetişməsi mümkünsüz olur. Ancaq biz əlimizdən gələni əsirgəmirik, bütün qüvvə və vasitələrimizlə yanğınların söndürülməsi istiqamətində əməli işlərimizi həyata keçiririk.    

- Dövlət Yanğın Nəzarəti Xidməti olaraq yanğının söndürülməsinə mühüm rol oynayan su hovuzları və digər su mənbələri ilə bağlı fəaliyyətiniz necə qurulub, bu sahədə mövcud durum necədir, hansı işlər görülür?

- Dövlət Yanğın Nəzarəti Xidmətinin bu sahədə üç istiqamətdə gördüyü işləri qeyd etmək istəyirəm. Birincisi, tikinti üçün torpaq sahəsinin ayrılması yanğın təhlükəsizliyi baxımından Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılır. İkinci mərhələdə obyektin layihə sənədləri təqdim olunur və layihə sənədlərində yanğın təhlükəsizliyi tələblərinə, norma və standartlarına riayət olunub-olunmadığı təsbit edilir. Yəni hələ layihələndirmə dövründə layihə sənədlərinin razılaşdırılması zamanı artıq Dövlət Yanğın Nəzarəti Xidməti layihədə yanğın su hovuzunun, hidratlaşdırma sisteminin nəzərdə tutulub-tutulmadığı, eləcə də digər yanğın təhlükəsizliyi tələblərinə riayət edilib-edilmədiyi yoxlanılır. Məhz bu tələblərinə hamısına riayət edildiyi halda layihəyə müsbət rəy verilir. Üçüncü mərhələdə təyinatından asılı olmayaraq, bu obyektlərin istismara qəbulu zamanı yanğın təhlükəsizliyinə cavab verməsi barədə akt tərtib edilir. Yanğın su hovuzunun su ilə dolu olub-olmadığı, suyu saxlayıb-saxlamadığı, doldurucu su xəttinin mövcud olub-olmadığı, razılaşdırılmış layihə sənədlərinə uyğun inşa olunub-olunmadığı müəyyən olunur. Normalara uyğun olduğu təqdirdə obyektin yanğın təhlükəsizliyinə cavab verməsi barədə akt tərtib olunur.

Köhnə obyektlər və yaşayış binaları ilə bağlı mövcud yanğın su hovuzlarına gəlincə, hər bir yanğın su hovuzu Dövlət Yanğın Nəzarəti Xidmətində, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətində uçotdadır. Yanğın su hovuzlarının yerləri, ünvanları, texniki vəziyyətləri, doldurucu xətlərinin diametrləri belə il ərzində bir neçə dəfə ərazinin inspektoru tərəfindən yoxlanılmaqla, ərazinin böyük inspektoru tərəfindən inspektorun işinin təftiş edilməsi aparılmaqla nəzarətdə saxlanılır. Hər hansı nöqsan, nasazlıq olduğu təqdirdə qeydə alınır və bu barədə həmin yanğın su hovuzunun balansında olduğu idarə və təşkilatlara bu barədə məlumat verilir, bu məsələ nəzarətdə saxlanılır. Çünki qısa zaman kəsiyində yanğın su hovuzunun təmir olunmaması, yaxud yenisi ilə əvəz edilməməsi həmin ərazidə baş verə biləcək yanğın hadisəsi zamanı ora cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları üçün ehtiyat su mənbəyi kimi istifadəsini mümkünsüz edəcək. Bu səbəbdən Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində mövcud olan yanğın su hovuzları ilə bağlı ciddi iş aparır. Nasaz yanğın su hovuzlarının təmir olunaraq saz vəziyyətə gətirilməsi istiqamətində əməli işlər həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv