Hacı Zeynalabdin Tağıyevin nəticəsi: “Azərbaycanlı olduğumu babamın qutusundakı sənədlərdən bildim”

Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi, ikinci oğlu Sadıxın nəticəsi Alban Klodun APA TV-yə müsahibəsi

 

- Əvvəla, vətənə - Azərbaycana xoş gəlmisiniz. İstərdim özünüz haqda məlumat verəsiniz.

 

- Adım Albandır, 25 yaşım var. Fransada roman tarixi üzrə təhsil alıram. Əsasən müharibələr, öz nəslim, xüsusən də Hacı Zeynalabdin Tağıyev və Qacarlar nəsli, dahi dramaturq Mirzə Fətəli Axundov kimi şəxsiyyətlər haqqında araşdırma aparıram.

 

- Adınızı kim qoyub? Bunun alban tarixi ilə bir əlaqəsi varmı?

 

- Adımı valideynlərim qoyub. Lakin Qafqaz Albaniyası tarixi ilə bağlı heç bir əlaqəsi yoxdur. Ad təsadüfən verilsə də, mənim tarixi bağlılığıma gətirib çıxarıb.

 

- Azərbaycanlı olduğunuzu neçə yaşınızda bildiniz?

 

- Ailəmizdə Azərbaycan haqda arabir danışılırdı. Bu zaman həmin ölkə ilə hər hansısa bir bağlılığımızın olduğunu bilirdim. Amma azərbaycanlı olduğumu daha dəqiq olaraq babam dünyasını dəyişəndən sonra bildim. Babamın otağında ona aid qutu var idi. O qutunun içində müxtəlif sənədlər, fotolar, bir çox məlumatlar tapdım. Məhz həmin gün bildim ki, biz Azərbaycanla daha sıx bağlıyıq.

 

- Azərbaycanlı olduğunuzu biləndə hansı hissləri yaşadınız?

 

- O məlumatları öyrənməyim çox maraqlı hadisə oldu. Zatən tarix üzrə də təhsil alırdım. Bütün tarixçilərin öz nəsli haqda araşdırma aparmaq kimi arzusu olub. Lakin bu, hər kəsə qismət olmayıb. Böyük nəslin nümayəndəsi olduğumu biləndə və o qutudan məlumatları əldə edəndə çox sevindim. Qərara aldım ki, nəslim haqda araşdırmanı ətraflı olaraq davam etdirəcəyəm. 

 

- Bəs milyonçu mesenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi olduğunuzu nə zaman bildiniz?

 

- Evdə hər hansı bir hərəkət edəndə mənə “bu xüsusiyyətin Hacı Zeynalabdin Tağıyevə bənzəyir, onun kimi davranırsan” kimi sözlər deyirdilər. Mən də onun kimliyi haqda soruşurdum və öyrənmişdim ki, onun nəslinin nümayəndəsiyəm.

 

- Bakıya ilk gəlişinizdir. Şəhər haqda təəssüratlarınız necədir?

 

- Bura gəlməmişdən əvvəl Bakı haqqında xeyli araşdırma aparmışdım. Bu səbəbdən ilkin anlayışım artıq formalaşmışdı. Artıq bura gələndə özümü sanki Bakıda olmuş kimi hiss edirdim. Nəslimizin Azərbaycana gələn ilk nümayəndəsiyəm. Bu səfər mənə öyrəndiklərimi, oxuduqlarımı canlı görmək üçün zəmin yaratdı. Ümid edirəm ki, növbəti səfərlərim də olacaq.

 

- Azərbaycanı özünüzə vətən sayırsınız?

 

- Şəhərdə gəzəndə sanki doğma qohumlarımızı görür, doğma yerlərdə dolaşır kimi hisslər keçirirəm. Bu da şəhərə, ölkəyə olan bağlılığımı daha da artırmış olur. Suala cavab olaraq deyə bilərəm ki, bəli, Azərbaycanı öz vətənim hesab edirəm. Əsas problem Azərbaycan dilini bilməməyimlə bağlıdır. Buna görə də özümü narahat hiss edirəm. Bu durumu çıxmaq şərti ilə burada çox rahatam.

 

- Babanızdan yadigar qalan tikililəri görəndə “kaş bunlar mənə qalardı və yaxud bunlar mənimdir” kimi hisslər yaşayırsınız?

 

- Mənim üçün bunlar əsas deyil. Ən önəmlisi odur ki, Hacı Zeynalabdin Tağıyevin adı gördüyü işlərə görə yaşadılır. Bu gün onun nəslinin nümayəndələri Azərbaycana gəlir və bu işlərlə tanış olur.

 

- Necə bir ailədə böyümüsünüz?

 

- Ailəm babam, dayım və anamdan ibarətdir. Dayım Qacar soyadını daşıyır. Dayımın da ancaq qızları olduğuna görə düşünürəm ki, bu soyad davamlı olmayacaq. Deyə bilərəm ki, ailəmizdə olan hər kəs neft şirkətlərində işləyir.

 

- Ailənizdə Hacı Zeynalabdin Tağıyev haqda tez-tez söhbət düşür?

 

-Tez-tez olmasa da, arabir söhbət açılırdı. Çünki babam onun haqda çox danışılmasının tərəfdarı deyildi. Yalnız o, dünyasını dəyişəndən sonra Tağıyev haqda geniş danışılmağa başlanıldı.

 

- Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım haqqında nə bilirsiniz? Onun həyatının səfalət içində keçməsi barədə məlumatınız var?

 

- Əlbəttə ki, Sara xanım barədə yetərincə məlumatım var. Bilirəm ki, yaşamı boyunca çox əziyyətlər çəkib. Buna baxmayaraq, böyük işlər görüb. Tək olduğuna baxmayaraq, Hacı Zeynalabdin Tağıyev haqda bir çox araşdırmalar apararaq onun haqda məlumatları üzə çıxarıb. Əgər o yaşasaydı və apardığı araşdırmalarının böyük nəticəsinin olduğunu görsəydi, çox xoşbəxt olardı.

 

- Bakıya gələrkən həm Hacı Zeynalabdin Tağıyevin, həm də Sara xanımın qəbirlərini ziyarət etdinizmi?

 

- Bəli, dünən hər ikisinin qəbrini ziyarət etdim və qəribə hisslər yaşadım. Bir dəfə də ziyarətə getməyi düşünürəm. Çünki ziyarətə gedəndə düşündüm ki, yoldan gül alıb apararam. Lakin gül tapa bilmədiyimə görə əliboş getdim. Bu səbəbdən düşünürəm ki, yenə ziyarətə gedəcəyəm.

 

- Azərbaycanda yaşamaq istərdinizmi?

 

- Həyatımın qalan hissəsini burada keçirmək istərdim. Çünki mən həm də azərbaycanlıyam.

 

- Həyatda məqsədiniz nədir və mesenat olmaq hədəfiniz varmı?

 

- Babam ölümdən qorxurdu. Amma mən elə yaşamaq istəyirəm ki, ölümdən qorxmayım. Bu, mənim əsas məqsədimdir.

 

- Babanızın yolunu davam etdirmək istərdiniz?

 

- Çətin olsa da, bəli, istəyərdim.

Müəllif | Apa.Tv
Apa.tv