Türkiyə parlamentinin sədri: “Hər şərt altında Azərbaycanın yanındayıq” - YERİNDƏ
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun APA TV-yə müsahibəsi
- İyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində təxribatlar törətdiyi məlumdur. Artıq Türkiyə Prezidenti, Xarici İşlər və Müdafiə nazirləri Ermənistanın təxribatlarını qınayıblar. Sizin bu barədə düşüncələriniz nədir?
- Ermənistan-Azərbaycan sərhədində təxribatlar başlayan an mən bir açıqlama verdim. Ermənistanın təcavüzkar hərəkətləri sadəcə Ermənistanla Azərbaycan arasında bir məsələ deyil. Bu, bölgədə sülh baxımından böyük təhdiddir, ciddi riskdir. Hadisələrin gedişatı Ermənistan hakimiyyətinin bu hücumlarda israrlı olduğunu göstərir. Qardaş Azərbaycanın Tovuz bölgəsində Ermənistanın təxribatı nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm, Azərbaycan xalqının, hökumətinin başı sağ olsun.
Əlbəttə ki, Azərbaycan lazım olan reaksiyanı göstərir. Fəqət Ermənistanın bu təcavüzkar addımlarına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların da yüksək tonda səs çıxarması lazımdır. Bu təcavüzkar davranışlarına görə başda ATƏT-in Minsk Qrupu olmaqla bütün beynəlxalq təşkilatlar Ermənistana xəbərdarlıq etməlidir. Ermənistan əvvəllər də belə təcavüzkar mövqedə olduğunu nümayiş etdirib və bu hərəkətlərini davam etdirəcəyinə dair işarələr verir. Yenə də vurğulayıram ki, bu, bölgə baxımından da çox ciddi bir təhdid yaradır.
Onsuz da Ermənistanın işğal etdiyi ərazilərlə bağlı başda BMT olmaq üzrə, beynəlxalq təşkilatların beynəlxalq hüquqa söykənən məlum qərarları var. Ancaq Ermənistan bu qərarların ziddinə olan davranışlara lazımi cavabı almalıdır. Bu mənada buradan bütün beynəlxalq təşkilatları, o cümlədən ATƏT-in Minsk Qrupunu, ATƏT Parlament Assambleyasını konkret davranış göstərməyə dəvət edirəm.
Biz Azərbaycanla qardaş ölkəyik. “Bir millət, iki dövlət” prinsipinə uyğun Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın məsələsi Türkiyənin məsələsidir. Əvvəldən mövqeyimiz konkretdir, hər şərt altında Azərbaycanın yanındayıq və baş verənlərlə əlaqədar Türkiyə Böyük Millət Məclisinin rəhbəri olaraq da üzüntümü ifadə edirəm.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəddəki toqquşmalarla bağlı narahatlığını ifadə edərək bildirdi ki, Ermənistanın sistemli hücumları uzunmüddətli münaqişə yarada bilər və bu da bölgəyə təsir edəcək. Türkiyə Prezidenti bölgə ölkələrini də prinsipial və səmimi olmağa dəvət etdi. TBMM-nin rəhbəri olaraq Sizin də hər hansı çağırışınız var?
- Hörmətli Prezidentimizin ifadəsi ilə desək Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı körükləyən davranışlarının bölgədə ağır münaqişələrə gətirib çıxara biləcək potensialı var. Bu hücumlar təkcə Azərbaycanın deyil, regionun da sabitliyini pozur. Bölgə ölkələrinin də buna qarşı bir tədbir görməsi lazımdır. Regionda sülhü bərqərar etməkdə bölgə ölkələrinin də öz məsuliyyətləri var və bununla bağlı onların da lazımi addım atmalarının vacibliyini düşünürük. Ermənistan region dövlətlərindən lazımi müqavimət görmədikcə bu hərəkətlərini daha da artıracaq. Cənab Prezidentimizin də dediyi kimi, başda bölgə ölkələri olmaq üzrə beynəlxalq təşkilatların prinsipial və səmimi mövqe ortaya qoyması lazımdır.
- ATƏT-in Minsk Qrupu bu dəfə də loyal mövqe göstərərək, sadəcə, ümumi bir bəyanatla kifayətləndi. Siz TÜRK PA dönəm başqanı olduğunuz zamanda ATƏT PA ilə əməkdaşlığınız müddətində bu qurumun sözügedən məsələyə mövqeyi necə olub və bu Sizi qane edir?
- ATƏT PA bu mövzuda hadisələrin ağırlığına, önəmliliyinə uyğun bir açıqlama verməyib. “Twitter” üzərindən başdansovdu bir açıqlama vardı. Əslində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası regionun təhlükəsizliyinə məsuliyyət daşıdığına görə, daha ciddi reaksiya verməlidir. Bu məsələdə ATƏT PA-da bizi təmsil edən nümayəndəmizə də bildirmişəm, Türkiyə olaraq belə bir davranışı bu təşkilatdan gözlədiyimizi ifadə etsin.
- Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələri hazırda hansı vəziyyətdədir?
- Türkiyə parlamentinin ondan əvvəlki rəhbərləri də Azərbaycan Milli Məclisinin rəhbərliyi ilə sıx əməkdaşlıqda olub: “Mən də həmçinin. Azərbaycan parlamentinin bundan öncəki rəhbəri “Oqtay Abi” dediyimiz hörmətli Oqtay Əsədovla mütəmadi əlaqələrimiz vardı, hazırkı Milli Məclis rəhbəri Sahibə Qafarova ilə də əməkdaşlığımız davam edir.
Biz bir millət, iki dövlət deyiriksə, milli məclislər də millətin nümayəndələrindən formalaşır. Biz parlamentlərimizə bir millətin fərqli coğrafiyalarındakı təzahürləri olaraq baxırıq.
TBMM-ə yeni seçilən bütün sədrlərinin ilk səfəri bir qayda olaraq Azərbaycana və Şimali Kipr Türkiyə Respublikasına olur. Yəqin ki, xatırlayarsınız, bu, bir xəbər başlığı da olmuşdu. Mən də ilk seçildiyim zaman qardaş Azərbaycana belə bir səfərim baş tutdu. Biz Azərbaycanda olduğumuz zaman özümüzü evimizdəki kimi hiss edirik.
Bir çox mövzularda Azərbaycan parlament rəhbərliyi ilə müzakirələr və fikir mübadiləsi aparılır. Pandemiya səbəbindən bu aralar əlaqələr bir az səngiyib. Amma ən qısa zamanda xanım Qafarovanı Türkiyədə gözləyirəm və mən də Azərbaycana getməyi arzu edirəm.
Bir daha Azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm, yaralılara şəfa diləyirəm.