Dünyanın bu günü - 01.01.2021
ƏZİZ ƏLİYEV
(1897-1962)
Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. İrəvan Gimnaziyasında və Bakı Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. 87 elmi əsərin müəllifidir. I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilib, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Bir sıra orden və medallarla təltif edilən Əziz Əliyev 1962-ci il iyulun 27-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın əməkdar elm xadimləri Zərifə Əliyevanın, Tamerlan Əliyevin, Cəmil Əliyevin və əməkdar incəsənət xadimi Gülarə Əliyevanın atası, ümummilli lider Heydər Əliyevin qayınatası, Azərbaycan Prezidenti İlham Əliyevin babasıdır. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Naxçıvan və Mahaçqalanın mərkəzi küçələrindən biri onun adını daşıyır.
ELDƏNİZ ZEYNALOV
(1937-2002)
Azərbaycanın xalq artisti, aktyor Eldəniz Məmməd oğlu Zeynalov 1 yanvar 1937-ci ildə Bakıda anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alarkən Eldar Quliyevin "Bir cənub şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Milli Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yaddaqalan obrazlar yaradıb. Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (“Mosfilm”), "Təyyarələr Enmədi" (“Özbəkfilm”) filmlərində çəkilib. Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də Bakıda dünyasını dəyişib. O, aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.
MEHDİ ABBASOV
(1960-1992)
Azərbaycanın Milli Qəhrəmanı Mehdi Yusif oğlu Abbasov 1960-cı ilin bu günü Qərbi Azərbaycanın Amasya rayonunun Yeniyol kəndində anadan olub. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutaraq, Tülkübas rayonunun Kulan kəndində məskunlaşıb. Karaqanda Pedaqoji İnstitutunda təhsil alıb. Tülkübas rayonunun Miçurin kəndindəki məktəbində müəllim, SSRİ DİN-in Stavropol ali kurslarının müdavimi, sonra sahə müvəkkili vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan DİN-in sərəncamına göndərilib və burada baş leytenant rütbəsində rota komandiri kimi Xüsusi Təyinatlı Polis Dəstəsində xidmətə başlayıb. Göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanıb, 4 dəfə DİN-in mükafatına layiq görülüb. Mehdi Abbasov 13 yanvar 1992-ci ildə Məlikcan postu ətrafında qızğın döyüşlər zamanı başından aldığı snayper gülləsi nəticəsində həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilib.
AZAY KAZIMOV
(1973-1994)
Şəhid Azay Sada oğlu Kazımov 1973-cü ildə Göyçə mahalının Zod kəndində “Zərgərlilər” tayfasında anadan olub. Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilib, daha sonra taqım komandiri təyin edilib. Goranboy cəbhəsində ikən Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə gedib və bir neçə qanlı döyüşlərin iştirakçısı olub. Füzulidə 28 erməni hərbçisi olan avtobusu məhv edib. Azay Kərimov 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid olub. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə onun adını daşıyır.
KAMİL XANLAROV
(1915-1996)
Azərbaycanın xalq rəssamı Kamil Əlabbas oğlu Xanlarovun anım günüdür. O, 15 mart 1915-ci ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. 1939-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində olub. Müxtəlif Avropa ölkələrində sərgiləri keçirilib. Əsərləri Azərbaycanda yerləşən bir neçə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Kamil Xanlarov 1996-cı il yanvarın 1-də Bakı şəhərində vəfat edib.
NATİQ NOVRUZOV
(1973-1994)
Şəhid Natiq Telman oğlu Novruzov da bu gün xatırlanır. O, 1973-cü il mayın 22-də Borçalıda anadan olub. Nərimanov rayonunun 258 nömrəli məktəbində və Rabitə texnikumunda təhsil alıb. İki illik hərbi xidmətini bitirməsinə baxmayaraq, qardaşı Azərlə birlikdə 1993-cü ildə Kəlbəcər rayonuna könüllü olaraq hərbi xidmətə yola düşüb. Natiq Novruzov 1994-cü il yanvarın 1-də Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunub. Yanvarın 16-da meyitləri erməni mühasirəsindən çıxararkən qardaşı Azər də şəhid olub. Natiq Novruzov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Nərimanov rayonu 36 nömrəli tam orta məktəbə Novruzov qardaşları adı verilib, 36 nömrəli tam orta məktəbin həyətində büstləri qoyulub.