Dünyanın bu günü - 04.08.2021

MƏMMƏDRZA ŞEYXZAMANOV

(1915-1984)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza İsa oğlu Şeyxzamanov 1915-ci il avqustun 4-də Gəncədə doğulub. 1929-cu ildə ibtidai məktəbi bitirdikdən sonra orta məktəbə daxil olub. Orada oxuya-oxuya teatr studiyasına qəbul olunub. 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Böyük ekrana ilk dəfə  1955-ci ildə Bəxtiyar” filmində Rəcəbov rolunda çıxıb. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də Bakı şəhərində vəfat edib.

 

 

RAFİQ HÜSEYNOV

(1946-2017)

 

Azərbaycanın xalq artisti, diktor Rafiq Hüseyn oğlu Hüseynov 4 avqust 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.” Şəki”, “Fəryad”, “Nəsrulla Nəsrullayev”, “Biz qayıdacağıq”, “Gün keçdi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. Rafiq Hüseynov  26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

 

RAMİZ MƏLİKOV

(1943)

 

Azərbaycanın xalq artisti, aktyor Ramiz Ağarza oğlu Məlikov (Ramiz Məlik) 1943-cü il avqustun bu günü Bakıda doğulub.  Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb, Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasında aktyor, eyni zamanda "Yastı təpə", "Yad adam" , "Xurşidbanu Natəvan" və başqa pyeslərin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Bir çox filmlərdə, tamaşalarda yaddaqalan obrazlar yaradıb. Ramiz Məlik Respublika Dövlət mükafatına, Cəfər Cabbarlı mükafatına, “Şöhrət” və Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb.

 

 

OFELİYA MƏMMƏDZADƏ

(1939-2007)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Ofeliya Kamal qızı Məmmədzadə 1939-cu il avqustun 4-də Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyib. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. “26-lar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon”, “Burulğan”, “Poçt qutusu” və başqa filmlərdə rol alıb. Aktyor Gündüz Abbasovla evli olan Ofeliya Məmmədzadə 11 iyul 2007-ci ildə Bakıda vəfat edib.

 

 

BARAK OBAMA

(1961)

 

Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti Barak Hüseyn Obama 4 avqust 1961-ci ildə Havay adalarında anadan olub. Qaradərili Barak Hüseyn Obama atası, ağdərili Stenli Enn Danhemdir anasıdır. Kolumbiya Universitetində təhsil alıb, 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayıb. 1991-ci ildə Harvard Hüquq Məktəbini bitirən Barak Obama həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır. Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs deyib. "Atamdan xatirələr" adlı xatirə kitabının müəllifidir. 1996-cı ildə  İllinoys senatosuna, 2004-cü ildə isə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilib və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayıb. Barak Obama 2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olub və 2008-ci il noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək, ABŞ-ın 44-cü prezidenti seçilib. 20 yanvar 2017-ci ildə ABŞ prezidenti postunu Donald Trampa təhvil verib. Beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə “Nobel Sülh” mükafatına layiq görülüb. O, Mişel Obama ilə evlidir, iki qızı var.

 

 

FƏRHAD AĞAYEV

(1975-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Fərhad İslam oğlu Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olub. Ələmbəyli kənd orta məktəbində təhsil alıb. 1993-cü il oktyabrın 8-də Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb, Prezident Qvardiyasında xidmətə başlayıb. O, 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşüb və  Murovdağ, Ömərdağ, Güzgü deyilən müdafiə əhəmiyyətli ərazi döyüşlərində şücaət göstərib. Fərhad Ağayev 1995-ci ildə dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilib.O, martın 13-də qardaş gülləsindən ağır yaralanıb və 15 mart 1995-ci ildə həlak olub. Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Ağayev Fərhad olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülüb. Oxuduğu  orta məktəb onun adını daşıyır, büstü qoyulub.

 

 

NİCAT İSGƏNDƏROV

(1989-2016)

 

Şəhid Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun bu günü Tərtər şəhərində anadan olub. Gizir Nicat İsgəndərov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və Tərtər şəhərində dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

HÜSEYN DƏMİRLİ

(1993-2016)

 

Şəhid Hüseyn Zeynal oğlu Dəmirli  1993-cü il avqustun 4-də Biləsuvar şəhərində anadan olub. Orta təhsilini bitirdikdən hərbi xidmətə yollanıb. 2011-ci ilin 6 oktyabr günündə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. O, 2013-cü ildə hərbi xidmətini başa vurub, lakin 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və  Biləsuvar şəhərində dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

 

CABBARXAN HACIAĞAYEV

(1996-2016)

 

Şəhid Cabbarxan İlham oğlu Hacıağayev 1996-cı il avqustun bu günü  Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən hərbi xidmətə yollanıb.  Əsgər Cabbarxan Hacıağayev 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və  Bakı şəhərində dəfn olunub.Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

 

ƏHMƏDAĞA MUĞANLI

(1926-2001)

 

Əməkdar mədəniyyət işçisi, nasir, ssenarist, kino redaktoru Əhmədağa Əkbər oğlu Qurbanovun (Əhmədağa Muğanlı) anım günüdür. O, 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddi illik məktəbində müəllimlikdən başlayıb. Orta məktəbdə baş dəstə rəhbəri, "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında dərc olunan "Biz qol çəkirik ki..." hekayəsi ilə başlayıb. Bir neçə kitabı çapdan çıxıb. 50-yə yaxın filmdə redaktor və ssenari müəllifi kimi yer alıb. Əhmədağa Muğanlı 2001-ci ilin avqustunda Bakıda vəfat edib.

 

 

TANİLYA ƏHMƏROVA

(1950-2015)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Tanilya Aysayevna Əhmərovanın xatirə günüdür. O,  1950-ci il iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kino studiyasında bir çox filmlərdə rol alıb. O, "Sevinc buxtası", "Şir evdən getdi", "Üzü küləyə", "Qayınana", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal", "Hər şeydən əvvəl düzlük" , "Dağıdılmış körpü" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilib. 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. Tanilya Əhmərova 2015-ci ilin avqustunda Bakıda vəfat edib.

 

 

ANAR NAĞILBAZ

(1974-2018)

 

Azərbaycanın ilk repçisi, aktyor, rejissor, ssenarist və prodüser Anar Rizvan oğlu Cəbiyev də bu gün xatırlanır. O, 1974-ci il martın 28-də Xırdalanda Azərbaycan millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.  Replə ilk dəfə 1988-ci ildən etibarən məşğul olub. Azərbaycan KİV-ləri Anar Nağılbazı "Azərbaycan repinin atası" kimi işıqlandırıb. O, 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. “Kirpi” jurnalının, “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü ildə “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxan Anar Nağılbaz ilk albomu 1996-cı ildə işıq üzü görüb. "Bakı oğrusu" bədii filmini çəkib. 2012-ci il iyulun 2-də Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub. Anar Nağılbaz 2018-ci il iyunun 30-da Bakı şəhərində  vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv