Dünyanın bu günü - 01.02.2021

AĞASƏLİM ÇILDAĞ

              (1930-2008)

 

Meyxana ustası, “Şöhrət” ordenli Ağasəlim Çıldağ - Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olub. Ağasəlim Çıldağ 2008-ci il aprelin 8-də Bakıda dünyasını dəyişib.

 

 

BORİS YELTSİN

      (1931-2007)

 

Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsin 1931-ci il fevralın bu günü Sverdlovsk vilayətinin Butka kəndində dünyaya gəlib. 1955-ci ildə Ural Politexnik İnstitutunu bitirib. Rusiya KP MK Sverdlovsk vilayəti komitəsinin birinci katibi işləyib, sonradan Moskvaya partiya işinə göndərilib. Orada Sov.İKP MK-nın inşaat şöbəsinin müdiri, sonradan katibi və nəhayət,  Moskva şəhər Partiya Komitəsinin rəhbəri işləyib. 1987-ci ildə SSRİ-nin o dövrdəki partiya rəhbərliyini tənqid etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb və siyasətə bir daha 1989-cu ildə, yenidənqurma və islahatlar dövründə qayıdıb. O zamankı ilk demokratik seçkilərdə SSRİ Ali Sovetinin xalq deputatı, 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib. 1999-cu il dekabrın 31-də istefa verib və Vladimir Putini özünün xələfi kimi ictimaiyyətə təqdim edib. Boris Yeltsin 23 aprel 2007-ci ildə Moskva Mərkəzi Kliniki Xəstəxanasında vəfat edib.

 

 

NƏBİ ZEYNALOV

        (1975-1993)

 

Şəhid Nəbi Surxay oğlu Zeynalov 1975-ci il fevralın 1-də Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1988-ci ildə ermənilərin məkrli siyasəti nəticəsində doğma yurdundan köçmək məcburiyyətində qalıb və ailəsi ilə birlikdə Göygöl rayonunun Quşçu kəndində məskunlaşıb. 1993-cü ildə hərbi xidmətə çağırılıb və iyulun 31-də Ağdərə bölgəsində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Məzarı Göygöl rayonunun Quşçu kəndindədir.

 

 

ZÜLFÜ AĞAYEV 

(1977-2020)

 

Şəhid Zülfü Ağalı oğlu Ağayev 1 fevral 1977-ci ildə Astara rayonunun Vaqo kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılıb və elə həmin gün Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Astara rayonunda dəfn edilib. Zülfü Ağayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ASİF AZAYEV 

(1985-2020)

 

Şəhid Asif Məhəmmədağa oğlu Azayev 1985-ci ilin bu günü Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Asif Azayev oktyabrın 20-də Füzuli rayonu istiqamətində şəhid olub və  Şamaxı rayonunda dəfn edilib. Ölümündən sonra  "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ASİMAN ƏLİYEV

(1987-2020)

 

Şəhid Asiman Vaqif oğlu Əliyev  1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asiman Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

SÜLEYMAN BAĞIROV 

(1992-2020)

 

Şəhid Süleyman Loğman oğlu Bağırov 1 fevral 1992-ci ildə Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Süleyman Bağırov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub və Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ÇƏRKƏZ TEYYUBLU

(1996-2020)

 

Şəhid Çərkəz Vidadi oğlu Teyyublu 1996-cı ilin bu günü Lerik rayonunun Züvüc kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışsa da, 2019-cu ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi iştirak edib. Kiçik çavuş Çərkəz Teyyublu oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub və Qaradağ rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELTON QƏNBƏRLİ

(1997-2020)

 

Şəhid Elton Baba oğlu Qənbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub.  Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.  2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elton Qənbərli oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub və Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏZİZAĞA HÜSEYNOV

(1999-2020)

 

Şəhid Əzizağa Nizami oğlu Hüseynov 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya göz açıb. Ağsu rayonunun Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə könüllü əsgər kimi qatılıb, Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Əzizağa Hüseynov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

HİKMƏT NURİYEV

(2002-2020)

 

Şəhid Hikmət Mübariz oğlu Nuriyev 2002-ci ilin bu günü Lerik rayonunda anadan olub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 28-də şəhid olub. Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ZAUR ƏSƏDZADƏ 

(2002-2020)

 

Şəhid Zaur Teyyub oğlu Əsədzadə 2002-ci il fevralın 1-də Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılıb və oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Zaur Əsədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

LÜTFİ MƏMMƏDBƏYOV

        (1927-2004)

 

Azərbaycanın xalq artisti, aktyoru və rejissoru, ssenari müəllifi Lütfi Şahbaz oğlu Məmmədbəyovun anım günüdür. O, 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 1961-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb. 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib. Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru, Azərbaycanda ilk teleserialın yaradıcısı olub. Lütfi Məmmədbəyov 2004-cü ildə Bakıda dünyasını dəyişib.

 

 

FİRUDİN MEHDİYEV 

         (1927-2006)

 

Azərbaycan əməkdar artisti, müğənni və aktyor Firudin Mehdi oğlu Mehdiyevin xatirə günüdür. O, 1927-ci il dekabrın 31-də Xızının Quba qəzasında doğulub. 1942-ci ildə 7-ci sinfi bitirdikdən sonra 1942-1945-ci illərdə Bakı Teatr Kollecinin aktyorluq şöbəsində oxuyub. 1951-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub. 1956-cı ildə Konservatoriyanı bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində solo müğənni, sonra isə 1978-ci ilə  qədər müəllim kimi çalışıb. 1957-ci ildə Opera və Balet Teatrının solisti olub. 2006-cı ilin sonuna qədər Bakı Musiqi Akademiyasında dosent vəzifəsində çalışıb. Bir sıra filmlərdə də rol alan sənətkarın ən məşhur obrazı “Böyük Dayaq” filmində yaratdığı “Yastı Salman” rolu olub. Firudin Mehdiyev 1 fevral 2006-cı ildə Bakıda vəfat edib.

 

 

BARIŞ MANÇO 

 (1943-1999)

 

Məşhur türkiyəli müğənni, bəstəkar, aktyor və televiziya prodüseri Barış Mançonun anım günüdür. O, 2 yanvar 1943-cü ildə İstanbulun Üsküdar səmtində dünyaya gəlib. Şişli Tərəqqi Liseyində orta təhsilini tamamlayan sənətçi Belçika Kral Akademiyasında ali təhsil alıb. 1958-ci ildə ilk qrupu olan “Kafdarlar” qrupunu qurub. Aparıcısı olduğu "7-dən 77-yə" adlı televiziya proqramı vasitəsilə dünyanın bir çox ölkələrinə səfər edib. Bəstələdiyi 200-dən çox mahnı ona 12 “Qızıl Platin” albomu və kaset mükafatı qazandırıb. Mahnıları müxtəlif dillərə tərcümə edilib. Barış Manço 1999-cu il fevralın 1-də İstanbulda vəfat edib.

 

 

RÜFƏT MEHDİYEV

 (1969-2011)

 

Müğənni və aktyor Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda dünyaya göz açıb. Mədəniyyət Sarayının piano sinfində və Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsində təhsil alıb. 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. “Space” televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib. Rüfət Mehdiyev 2011-ci il fevralın 1-də dünyasını Bakıda dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv