Dünyanın bu günü - 01.04.2021
ÜMUMDÜNYA GÜLÜŞ GÜNÜ
Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı «Axmaqlar bayramı» kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart aldatma günü hesab olunur. Ənənəyə görə, aprelin 1-də hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.
“APPLE” ŞİRKƏTİ TƏSİS EDİLİB
(1976)
1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Veyn tərəfindən “Apple I” kompüterini satmaq məqsədilə “Apple” şirkəti yaradılıb. “Apple I”-i ilk dəfə Stiv Voznyak icad edib və onu “Hombrew” kompüter klubunda ictimaiyyətə nümayiş edib. RAM, prosessor və videoçiplərdən ibarət bu kompüter ana lövhəsi kimi satılırdı. “Apple” ilk dəfə 1976-cı ilin iyununda satışa buraxılıb və o vaxtkı qiyməti 666.66 dollar idi. Şirkət hazırda dünyanın ən bahalı brendi kimi tanınır.
NİKOLAY QOQOL
(1809-1852)
Böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin bu günü dünyaya gəlib. Tələbə ikən rəssamlığa, aktyorluğa həvəs göstərib, şeir və pyeslər yazıb. Ona ədəbi şöhrət gətirən ilk əsər «Dianka yaxınlığındakı xutorda axşamlar» povestidir. Lakin «Müfəttiş» komediyası və «Ölü canlar» roman-poeması onu bütün Avropada məşhurlaşdırıb. «Şinel» povesti isə rus ədəbiyyatında xüsusi yer tutur. Təsadüfi deyil ki, Qoqolun müasirləri olan gənc yazıçıların əksəriyyəti «Hamımız Qoqolun şinelindən çıxmışıq» deməyi xoşlayırdılar. Sonralar bu ifadə zərb-məsələ çevrilib. Nikolay Qoqol 1852-ci il fevralın 21-də Moskva şəhərində dünyasını dəyişib.
OTTO FON BİSMARK
(1815-1898)
Almaniyanın görkəmli siyasi xadimi Otto fon Bismarkın doğum günüdür. O, 1815-ci il aprelin 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda kiçik zadəgan ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə Gettingendəki Georq Avqust Universitetində hüquq elmini öyrənib. 1847-ci ildə 32 yaşında ilk dəfə olaraq yeni yaradılmış Prussiya landtaqına deputat seçilmək arzusuna düşüb, bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salıb və 11 may 1847-ci ildə parlamentə seçilib. 26 fevral 1849-cu ildə yenidən deputat olub. 1851-ci ildə Frankfurt lantaqında (parlamentində) Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilib. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti, sonra isə həm Prussiyanın, həm də Şimali Alman İttifaqı və Almaniyanın kansleri olub. Onun Prussiyası Danimarka, Avstriya və Fransa ilə apardığı müharibələrdən qalib çıxaraq Avropada ən güclü dövlətə çevrilib. Onun apardığı siyasət nəticəsində Almaniya həm birləşərək güclənib, həm də qonşuları ilə münasibətlərini qaydaya salıb. Bismark 30 iyul 1898-ci ildə vəfat edib.
ƏNVƏR ƏLİBƏYLİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, ictimai xadim Ənvər Əliverdi oğlu Əlibəyli 1916-cı ilin bu günü Bakıda dünyaya göz açıb. Tibb Texnikumunu, Azərbaycan Dövlət Universitetini və Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayanadək Azərbaycan radiosunda çalışıb. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə yollanıb. Müharibə dövründə 416-cı atıcı diviziyasının tərkibində şərəfli döyüş yolu keçib, Qafqazın və Ukraynanın azad olunmasında iştirak edib, orden və medallarla təltif olunub. 1944-cü ildə ağır yaralandıqdan sonra Bakıya qayıdıb, yaradıcılığını davam etdirib. «Vətən uğrunda» jurnalında məsul katib işləyib. Sonralar «Ədəbiyyat qəzeti»ndə, «İnqilab və Mədəniyyət» jurnalında müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri olub. Onlarla kitabı çapdan çıxıb, şerlərinə musiqi bəstələnib. Ənvər Əlibəyli 1968-ci il mayın 7-də Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
ABDULLA BABAYEV
(1924-2015)
Azərbaycanın xalq artisti, xanəndə Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olub. 1941-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanıb. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olub. Əməyi yüksək qiymətləndirilən sənətkar 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü olub. Abdulla Babayev 2015-ci il martın 10-da vəfat edib.
YILMAZ GÜNEY
(1937-1984)
Türkiyəli ssenarist və yazıçı, aktyor və rejissor Yılmaz Güney 1937-ci ilin bu günü torpağı olmayan kəndli ailəsinin iki övladından biri kimi Adanada dünyaya gəlib. Bir müddət film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi çalışıb. Sonra universitet təhsili almaq üçün İstanbula gedib və Atif Yılmazın dəstəyi ilə film sektorunda işləməyə başlayıb. 1959-cu ildə Atif Yılmazın rejissorluq etdiyi "Bu Vatanın Çocukları" və "Alageyik" filmlərində həm ssenari müəllifi olub, həm də aktyor kimi rol alıb. "Karacaoğlanın kara sevdası" filmində rejissor assistenti olub. Bir sıra jurnallara hekayələr yazıb. Bir hekayəsində kommunizm təbliğatı apardığı ittihamı ilə 1961-ci ildə ilyarım həbs cəzasına məhkum edilib. Azadlığa çıxdıqdan sonra daha çox macəra filmləri çəkib. 1972-ci ildə "inqilabçılara yardım etmək" səbəbi ilə yenidən 2 illik həbsə və sürgünə məhkum edilib. Bu müddət ərzində kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxardığı "Güney" jurnalında yayımlayıb. Həbsdə olarkən ssenari müəllifi olduğu "Sürü", eləcə də Türkiyədə və bir çox ölkələrdə böyük marağa səbəb olan "Yol" filmləri çəkilib. Bundan başqa, "Yol" filmini yenidən montaj edib və Kann kinofestivalında mükafat alıb. Ömrünün son illərini Parisdə yaşayıb və Fransada "Divar" adlı sonuncu filmini çəkib. Yılmaz Güney 9 sentyabr 1984-cü ildə vəfat edib və Parisdə dəfn edilib.
NİZAMİ HÜSEYNOV
(1957-1990)
20 Yanvar şəhidi Nizami Polad oğlu Hüseynov 1 aprel 1957-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1975-1977-ci illərdə Rusiyada hərbi xidmətdə olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun atəş açması nəticəsində yaralanmış insanlara öz maşını ilə yardım edib. Ertəsi gün maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilib və vəhşicəsinə qətlə yetirilib. Nizami Hüseynov Şəhidlər Xiyabanında dəfn edilib.
NÜSRƏT ŞİRƏLİYEV
(1963-1992)
Bu gün həm də şəhid baş leytenant Nüsrət Əlican oğlu Şirəliyevin doğum günüdür. O, 1963-cü ildə Qazıməmməd şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Şirvanda Cihazqayırma zavodunda laboratoriya müdiri işlədikdən sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib kimi çalışıb. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 27-də iki döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüb. Nüsrət Şirəliyev sinəsindən güllə yarası alsa da, düşmənlə tək vuruşaraq əsgərlərin pusqudan çıxmasına şərait yaradıb. Yaralı vəziyyətdə əsir götürülüb və işgəncə ilə qətlə yetirilib.
QORXMAZ EYVAZOV
(1974-1994)
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1974-cü ildə kənd orta məktəbinə birinci sinfə gedib, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olub. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulub. 1991-ci ildə Laçın Rayon Polis Şöbəsinə qəbul edilib. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. Aldığı güllə yarası nəticəsində qolu fəaliyyətini itirsə də, bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılıb. Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərib. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə rota komandiri təyin edilib. Heydər Əliyev Horadizin işğaldan azad edilməsi ilə bağlı cəbhəyə səfəri zamanı onu qol saatı ilə mükafatlandırıb. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etsə də, özü də şəhid olub. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Qorxmaz Eyvazova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
SÖHRAB ƏSGƏROV
(1972-1994)
Şəhid Söhrab Telman oğlu Əsgərov 1972-ci il aprelin 1-də Laçın rayonunun Arduşlu kəndində anadan olub. Bakı Dəmiryolu Texnikumunda təhsil alıb. Biləcəri vaqon deposunun vaqonyığma sexində çilingər işləyib. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. Füzuli, Qubadlı, Laçın və Ağdərə uğrunda gedən iştirak edib. Söhrab Əsgərov 11 yanvar 1994-cü ildə Ağdərə rayonunda döyüş yoldaşlarını mühasirədən çıxarmaq üçün girdiyi qeyri-bərabər döyüşdə bir neçə erməni əsgəri ilə üz-üzə gəlib, son patronuna qədər vurub. Sonda əsir düşməmək üçün əl qumbarası ilə düşmən əsgərlərini və özünü partladaraq şəhid olub. Ağdərə rayonunda dəfn edilib.
ŞÜKÜR HƏMİDOV
(1975-2020)
Azərbaycanın Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidov 1975-ci ilin bu günü Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Bakı Ali Birləşmiş Komandalıq Məktəbində və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində döyüşdə şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Zəfər" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
SƏDİ MUSAYEV
(1978-2020)
Şəhid Sədi Süleyman oğlu Musayev 1 aprel 1978-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 2000-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Polkovnik-leytenant Sədi Musayev sentyabrın 28-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
CAVİD HÜSEYNOV
(1994-2020)
Şəhid Cavid Habil oğlu Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Cavid Hüseynov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
DAVUD ŞİRVANOV
(1994-2020)
Şəhid Davud Xeyrulla oğlu Şirvanov 1994-cü ilin bu günü Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Davud Şirvanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
ELGÜN ABDULLAYEV
(1994-2020)
Şəhid Elgün Əmirxan oğlu Abdullayev 1 aprel 1994-cü ildə Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elgün Abdullayev noyabrın 9-da Şuşa döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
VÜQAR POLADOV
(1995-2014)
Şəhid Vüqar Hidayət oğlu Poladov 1995-ci il aprelin 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Əsgər Vüqar Poladov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
FƏQAN ZALOV
(1997-2020)
Şəhid Fəqan Amil oğlu Zalov 1997-ci ilin bu günü Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Azərbaycan Hərbi Dəniz Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik miçman Fəqan Zalov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və Sabirabad rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
SƏNAN SƏLİMOV
(2001-2020)
Şəhid Sənan Nasif oğlu Səlimov 1 aprel 2001-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Sənan Səlimov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub və Masallı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
BATDAL BAYRAQDAROV
(2002-2020)
Şəhid Batdal Mikayıl oğlu Bayraqdarov 2002-ci ildə aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Batdal Bayraqdarov oktyabrın 12-də şəhid olub və Quba rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
ELVİN AĞAKƏRİMOV
(2002-2020)
Şəhid Elvin Eldəniz oğlu Ağakərimov 2002-ci ilin bu günü Şamaxı şəhərində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Elvin Ağakərimov oktyabrın 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
ƏHMƏD BƏDƏLBƏYLİ
(1884-1954)
Azərbaycanın əməkdar incəsənət xadimi, Əhməd Ağdamski kimi tanınan opera artisti Əhməd Bəşir oğlu Bədəlbəylinin anım günüdür. O, 1884-cü ildə yanvarın 5-də Ağdam rayonunda doğulub. Kiçik yaşlarından xalq mərasim tamaşalarında iştirak edib. Səhnə fəaliyyətinə 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin truppasında başlayıb. Ötən əsrin əvvəllərində qadın artistlərin yoxluğu ucbatından 1920-ci ilədək Azərbaycanda tamaşaya qoyulan opera və musiqili komediyalarında əsasən qadın rollarını ifa edib. Dram tamaşalarında da çıxış edib. 1921-ci ildən ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərib. Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaşda vəfat edib. O, dahi bəstəkar Üzeyir Hacıbəyovun xalası oğludur.
İSMAYIL DAĞISTANLI
(1907-1980)
Azərbaycanın xalq artisti, aktyor, Dövlət Mükafatı laureatı İsmayıl Dağıstanlının xatirə günüdür. İsmayıl Yusif oğlu Hacıyev 1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Səhnə fəaliyyətinə 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. İrəvan Dram Teatrında işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub. 1938-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub. “Səbuhi”, “Kölgələr sürünür”, “Qara daşlar” və başqa filmlərdə çəkilib. Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. “Stalin” mükafatı, "Lenin", "Qırmızı Əmək Bayrağı" və “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunub. İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
RƏSUL RZA
(1910-1981)
Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Rəsul Rza da bu gün xatırlanır. Rəsul İbrahim oğlu Rzayev 1910-cu il mayın 19-da Göyçay rayonunda anadan olub. Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Azərbaycan Yazıçılar İttifaqının sədri, Kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1927-ci ildə Tiflisdə dərc olunan "Qığılcım" almanaxında "Bu gün" adlı ilk şeri çap olunub. Bir neçə kitabın müəllifidir. Rəsul Rza 1981-ci il aprelin 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, xalq şairi Nigar Rəfibəylinin həyat yoldaşı, xalq yazıçısı Anarın atasıdır.
İSA MUĞANNA
(1928-2014)
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor İsa Muğannanın anım günüdür. İsa Mustafa oğlu Hüseynov 1928-ci il iyunun 12-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olsa da, dörd ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Anadil oxuyan yerdə" adlı ilk yazısı 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr edilib. 1952-ci ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində şöbə müdiri, "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, redaktor, ssenari şurasının üzvü, Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb. Ssenariləri əsasında filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. İsa Muğanna 2014-cü il aprelin 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
SEYMUR MƏMMƏDOV
(1971-1992)
Azərbaycanın Milli Qəhrəmanı Seymur Qəhrəman oğlu Məmmədovun xatirə günüdür. O, 1971-ci il sentyabrın 18-də Füzuli şəhərində dünyaya göz açıb. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1992-ci ildə Vətənin müdafiəsi məqsədilə könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb və bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərib. Seymur Məmmədov 1992-ci il aprelin 1-də Xocavənd rayonunun Məlikcanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
HƏTƏMXAN BABAYEV
(1972-1992)
Şəhid Hətəmxan Babayevin anım günüdür. O, 1972-ci il avqustun 9-da Zəngilan rayonunun Keçikli kəndində doğulub. 1987-ci ilədək Keçikli kənd natamam orta məktəbində təhsil alıb. 1990-cı ildə Zəngilandakı 144 saylı texniki peşə məktəbindən elektrik-qaz qaynaqçısı ixtisası üzrə məzun olub. 1990-cı ilin noyabrında Sumqayıt şəhərindəki milis batalyonuna hərbi xidmətə çağırılıb. Daxili Qoşunların çavuşu kimi Ağdam rayonunda gedən döyüşlərdə iştirak edib. Hətəmxan Babayev 1 aprel 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.