Dünyanın bu günü - 01.05.2021

BEYNƏLXALQ ƏMƏK GÜNÜ

 

Mayın 1-i dünyanın bir çox ölkələrində Beynəlxalq Əmək günü və Dünya Zəhmətkeşlərinin Həmrəylik günü qeyd olunur. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır. 1886-cı il mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra fəhlə partiyalarının beynəlxalq birliyi - II İnternasionalın iştirakçıları Paris Konqresinə toplaşaraq, 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayram qeyd olunub. Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv edib.

 

 

PƏNAHİ MAKULU

(1900-1971)

 

Azərbaycan yazıçısı Abbas Hacı Ələkbər oğlu Pənahi Makuli 1900-cü il mayın 1-də Güney Azərbaycanın Maku şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli “Xeyriyyə” məktəbində alıb. 15 yaşından ana dilində satirik şeirlər yazmağa başlayıb. “Pərişan” adlanan, sonralar “Sirli çoban” adı altında çap olunan ilk nəsr əsəri “Yeni fikir” qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutub. 1936-cı ildə siyasi görüşlərinə görə həbs olunaraq Zəncana sürgün edilib. Daha sonra Seyid Cəfər Pişəvərinin Azərbaycan Demokratik Firqəsinə üzv olub, partiyanın rəhbər orqanlarına seçilib, Milli Hökumətdə Siyasi İdarənin rəisi olub. 1946-cı ildə Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Quzey Azərbaycanla bağlayıb. “Mübarizlər”, “Səttarxan”, “Gizli zindan”, “Xiyabani”, “Heydər əmioğlu”, “Xacələr”, "Təbriz Gecələri" və başqa əsərlərin müəllifidir. Abbas Pənahi Makulu 1971-ci il sentyabrın 29-da Bakıda vəfat edib.

 

 

İSİ MƏLİKZADƏ

(1934-1995)

 

Yazıçı İsi Abbas oğlu Məlikzadə 1 may 1934-cü ildə Ağcabədi rayonunda dünyaya gəlib. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsini bitirib. Bir müddət neft sahəsində çalışıb, sonra «Ulduz» jurnalında, «Azərnəşr»də, «Azərbaycan» jurnalında və kinostudiyada işləyib. «Həsrətin sonu», «Kövrək qanadlar», «Küçələrə su səpmişəm», «Yaşıl gecə», «Günəşli payız», «Dədə Palıd» kitablarının müəllifidir. İsi Məlikzadə 1995-ci il dekabrın 5-də Bakıda vəfat edib və öz və­siy­yə­ti­nə uy­ğun ola­raq Ağca­bə­di­də dəfn olun­ub.

 

 

MAYİS AĞABƏYOV 

(1941-2020)

 

Azərbaycanın xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov 1941-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. "Babək", "Nəsimi", "Nizami", "Əlvida, cənub şəhəri", "Günaydın, mələyim!" və başqa filmlərin quruluşçu rəssamı olub. 1965-ci ildən bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. 2012-ci ildə  "Humay" milli mükafatına layiq görülən Mayis Ağabəyov 2020-ci il iyunun 17-də Bakıda vəfat edib.

 

 

FİRƏNGİZ MÜTƏLLİMOVA

(1959)

 

Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunun Üzeyirli kəndində anadan olub. 1976-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, eyni zamanda kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib. «Qılınc və qələm», «Xurşidbanu Natəvan», «Şeyx Xiyabani», «Sənsiz», «Mənim ərim dəlidir» və başqa tamaşalarda çıxış edib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış «Səni axtarıram», «Bağışla», «Səninlə və sənsiz», «Unutmaq olmur», «Yad qızı» kimi teletamaşalara, «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Qaçaq Nəbi», «Qocalar, qocalar», «Bəyin oğurlanması», «İşarəni dənizdən gözlə» bədii filmlərinə, «Mənim ağ şəhərim» və «Şərəf» telefilmlərinə çəkilib.

 

 

GÜLYAZ MƏMMƏDOVA

(1970)

 

Azərbaycanın xalq artisti, xanəndə Gülyaz Zakir qızı Məmmədova 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının, Milli Opera və Balet Teatrının solisti olub. "Leyli və Məcnun", "Aşıq Qərib", "Arşın mal alan", "Gəlin qayası", "Vaqif" və başqa operalarda yaddaqalan obrazlar yaradıb. Hazırda Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində və Bakı Humanitar Kollecində dərs deyir.

 

 

BAXŞEYİŞ PAŞAYEV

(1936-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı ilin bu günü Ağdam rayonunun Əhmədavar kəndində doğulub. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Xalq hərəkatı başladıqdan sonra "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olub. Xramort, Xanabad, Naxçıvanik və Aranzəmin istiqamətində döyüşlərdə fəal iştirak edib, Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edib. Baxşeyiş Paşayev 1992-ci il iyulun 12-də Xanabad kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, doqquz övladı yadigar qalıb.

 

 

FAİQ CƏFƏROV

(1974-1999)

 

Azərbaycanın Milli Qəhrəmanı Faiq Əliqulu oğlu Cəfərov 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulub. Bakı Maşınqayırma Texnikumunu bitirib. 1992-ci ildən Milli Ordu sıralarında hərbi xidmətə başlayıb. Naxçıvan Muxtar Respublikasına hücumlarının dəf edilməsində, 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib və ağır yaralanaraq ordudan tərxis olunub. Azərbaycan Prezidentinin 27 dekabr 1995-ci il tarixli fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bir ildən sonra yenidən orduya qayıdıb və Sərhəd Qoşunlarında xidmət edib. Faiq Cəfərov 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində vəfat edib və doğulduğu kənddə dəfn edilib. İki övladı yadigar qalıb.

 

 

AYAZ QULİYEV

(1967-1993)

 

Şəhid Ayaz Ağahüseyin oğlu Quliyev 1 may 1967-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olub. Hacıqabulda tikinti idarəsində işləyib. 1993-cü ildə Hacıqabul rayonundan Milli Ordu sıralarına çağırılıb, Ağdam rayonunun Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak edib. Əsgər Ayaz Quliyev 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Şamaxı rayonunda dəfn olunub.

 

 

MƏMMƏD MƏMMƏDOV

(1949-1990)

 

Şəhid Məmməd Əli oğlu Məmmədov 1949-cu il mayın 1-də Şərur rayonunun Danzik kəndində anadan olub. 1969-1971-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub.  Uzun illər Şərur rayon 6 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsində sürücü işləyib. Məmməd Məmmədov 19 yanvar 1990-cı ildə ermənilərin Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsini artilleriya atəşinə tutması nəticəsində şəhid olub və Şərur rayonunun Yenikənd (indiki Danyeri) kənd qəbiristanlığında dəfn edilib.

 

 

TELMAN ABDULLAYEV

(1962-1994)

 

Şəhid Telman Həmid oğlu Abdullayev 1962-ci ilin bu günü Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarında xidmət edib. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar silaha sarılıb. Telman Abdullayev 3 may 1994-cü ildə Tərtər uğrunda gedən döyüşlərdə Qaranlı kəndində şəhid olub.

 

 

MƏHƏRRƏM SEYİDOV

(1966-1994)

 

Şəhid Məhərrəm Məcnun oğlu Seyidov 1 may 1966-cı ildə Qərbi Azərbaycanın Amasya rayonun Qaraçanta kəndində anadan olub. Məktəbdə oxuduğu illərdə cüdo və sambo ilə məşğul olub. Gənclər arasında Ermənistan çempionu olub. Donetsk Ali Hərbi Məktəbində təhsil alıb. 1987-ci ildə kecirilən hərbçilər arasında cüdo üzrə Ukrayna çempionu olub. SSRİ-nin müxtəlif hərbi hissələrində xidmət edib. 1993-cü ilin yanvar ayında Azərbaycan Ordusunda xidmətə başlayıb, hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib. Kapitan Məhərrəm Seyidov 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində ağır yaralanıb, mayın 5-də vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra mayor rütbəsi və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

 

İMAMVERDİ İSMAYILOV

(1989-2020)

 

Şəhid İmamverdi Yoloğlu oğlu İsmayılov 1989-cu il mayın 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsil alıb. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başyaıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan İmamverdi İsmayılov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Qazax rayonunun Ağköynək kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

 

XAQANİ NƏSİBOV

(1991-2020)

 

Şəhid Xaqani Aydın oğlu Nəsibov 1991-ci ilin bu günü Balakən rayonunun Kortala kəndində anadan olub. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Xaqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

NURLAN FƏRƏMƏZOV

(1992-2020)

 

Şəhid Nurlan Əhliman oğlu Fərəməzov 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Nurlan Fərəməzov oktyabrın 9-da yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELBURUS VERDİYEV

(1993-2020)

 

Şəhid Elburus İlyas oğlu Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əsgər Elburus Verdiyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

VÜQAR RÜSTƏMOV

(1994-2020)

 

Şəhid Vüqar Kamil oğlu Rüstəmov 1994-cü ilin bu günü Gədəbəy rayonunun Xarxar kəndində anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əsgər Vüqar Rüstəmov Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TURAL MƏMMƏDOV

(1995-2020)

 

Şəhid Tural Arif oğlu Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Tural Məmmədov Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

AQİL BAĞIROV

(1995-2020)

 

Şəhid  Aqil Fazil oğlu Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Aqil Bağırov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELMAR MİRZƏYEV 

(1995-2020)

 

Şəhid Elmar Şahin oğlu Mirzəyev 1995-ci ilin bu günü Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ildən hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Elmar Mirzəyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və Biləsuvar rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

VÜSAL TAHİROV

(1997-2020)

 

Şəhid Vüsal Mehdi oğlu Tahirov 1 may 1997-ci ildə Şərur rayonunun Danyeri kəndində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Vüsal Tahirov noyabrın 16-da Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda"və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MƏHƏMMƏDƏLİ HƏSƏNZADƏ

(1999-2020)

 

Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə 1999-cu il mayın 1-də  Sumqayıt şəhərində anadan olub. Azərbaycan Turizm və Menecment Universitetində təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Ağdam, Hadrut, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Məhəmmədəli Həsənzadə noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ŞAHƏLİ ŞIXIYEV

(1999-2020)

 

Şəhid Şahəli Əflatun oğlu Şıxıyev 1999-cu ilin bu günü İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ELMƏDDİN MUSTAFAYEV

(2001-2020)

 

Şəhid Elməddin Məhəmməd oğlu Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda dünyaya göz açıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elməddin Mustafayev oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

YUNİS ORUCOV 

(2001-2020)

 

Şəhid Yunis Şaiq oğlu Orucov 2001-ci il mayın 1-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Yunis Orucov oktyabrın 14-də Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MƏMMƏD SƏİD ORDUBADİ

(1872-1950)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, bir sıra tarixi romanların müəllifi Məmməd Səid Ordubadinin anım günüdür. O, 1872-ci il martın 24-də Ordubad şəhərində dövrünün tanınmış ziyalısı və şairi Hacıağa Fəqirin ailəsində anadan olub. İlk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı müəllimin məktəbində alıb. Sonralar Məhəmməd Tağı Sidqinin açdığı üsuli-cədid məktəbində oxuyub. Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. 1903-cü ildə "Şərqi-Rus" qəzetində qəzetin nəşrə başlanmasını alqışlayan ilk şeri çap olunub. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabları çap edilib. "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılığına böyük təsir göstərib. Bakıda çıxan bir sıra qəzetlərin fəaliyyətində, "Tuti", "Babayi-Əmir" jurnallarında yaxından iştirak edib. Lakin hökumət dairələrinin ona qarşı artan şübhələri nəticəsində 1914-cü ilin yanvarında Saritsın şəhərinə sürgün edilib. 1917-ci ildə bolşevik inqilabı sayəsində azad olunub, 1918-ci ildə Kommunist Partiyası sıralarına daxil olub və Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gedərək orada "Hümmət" qəzeti ilə əməkdaşlıq edib. 1-3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Lenin” və "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Məmməd Səid Ordubadi 1 may 1950-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

NATƏVAN HACIYEVA

(1942-2019)

 

Azərbaycanın əməkdar artisti, televiziya diktoru və aparıcı Natəvan Əsgər qızı Hacıyeva 2019-cu il mayın bu günü Bakıda vəfat edib. O, 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Universitetə daxil olub. 1960-cı ildə Azərbaycan Dövlət Televiziyasında keçirilən diktorluq müsabiqəsində qalib gəlib, həmin il avqustun 22-də ilk dəfə efirə çıxıb və həmin vaxt ilk peşəkar diktor ştatı onun üçün açılıb. Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan Natəvan Hacıyeva 2010-cu ilin avqustun 25-də “Qızıl qələm” mükafatına layiq görülüb.

 

 

ZÖHRAB ƏMİRXANLI

(1958-2017)

 

Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlının xatirə günüdür. O, 24 dekabr 1958-ci ildə Şamaxı rayonunda doğulub. Şamaxı internat məktəbinin VIII sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirdikdən sonra Şamaxı Pedaqoji Texnikumuna imtahansız qəbul olub. Buranı bitirdikdən sonra Şamaxının Xilmilli kəndində üç il müəllim kimi fəaliyyət göstərib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Peşəkar jurnalist fəaliyyəti dövründə ölkənin bir sıra populyar mətbu orqanlarında çalışıb, Azərbaycan müstəqil mətbuatının əsasını qoyanlardan olub. Uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Zöhrab Əmirxanlı 1 may 2017-ci ildə Bakıda dünyasını dəyişib və Şamaxıda dəfn olunub.

 

 

MİLLƏT ƏLİYEV

(1961-1994)

 

Şəhid Millət Söhbətəli oğlu Əliyevin anım günüdür. O, 1961-ci il avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1983-cü ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirdikdən sonra təyinatla Cəlilabad rayonuna göndərilib və 3 il həmin rayonda riyaziyyat müəllimi işləyib. Sonra Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 1993-cü il yanvarın 12-də könüllü olaraq Milli Orduya yazılıb. Ağdərə, Qubadlı, Laçın və Ağdamda gedən döyüşlərdə iştirak edib. Madakez kəndi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib, düşmənin bir tankını və raketini məhv edib. Baş leytenant Millət Əliyev 1 may 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv