Dünyanın bu günü - 01.07.2021

SARI ƏLƏKBƏR

(1874-1938)

 

Gəncə üsyanının təşkilatçılarından Sarı Ələkbər İmamqulu oğlu 1874-cü il iyulun 1-də Gəncədəki Xəlfəli məhəlləsində anadan olub. 1905-ci ildə azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından «Difai» milli təşkilatının üzvü olub, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstəsindən birinə başçılıq edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə taqım komandiri olub, daha sonra polis idarəsi rəisinin müavini işləyib. Sarı Ələkbər Gəncə üsyanı zamanı XI Qırmızı Ordu hissələrinin tərksilah olunmasında fəal iştirak edib. Üsyan amansızcasına yatırıldıqdan sonra qardaşları və yaxın qohumları istintaqsız-məhkəməsiz güllələnib, özü isə böyük çətinliklərlə Trabzona qaça bilib. San Ələkbər 1938-ci il noyabrın 6-da Türkiyənin Qars şəhərində vəfat edib.

 

 

RÜSTƏM İSMAYILOV

(1909-1972)

 

Azərbaycanın əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Rüstəm Hacıəli oğlu İsmayılov 1 iyul 1909-cu ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Neft İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitir­ib. “AzərNeft” Zavodlar Birliyinin baş mühəndisi, Neft emalı və Kimya sənayesi idarəsinin rəisi, Azərbaycan SSR Neft emalı və neft-kimya sənayesi naziri, Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri və digər vəzifələrdə çalışıb. 1967-1970-ci illərdə Azərbaycan EA-nın prezidenti olub. Azərbaycanın neft emalı, neft kimyası və kimya sənayesinin yaradılması, neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır. 200-dən çox elmi əsər, 40 müəlliflik şəhadətnaməsi və 7 monoqrafiyanın müəllifidir. SSRİ Dövlət Mükafatı, "Lenin’’ və "Şərəf nişanı" ordenləri ilə təltif olunan Rüstəm İsmayılov 1972-ci il iyunun 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

LƏTİFƏ ƏLİYEVA

(1944)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Lətifə Cahandar qızı Əliyeva 1944-cü ilin bu günü Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyib. Bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. Lətifə Əliyeva əməkdar artist, 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

 

 

ŞAHZADƏ DİANA

(1961-1997)

 

Uels şahzadəsi Diana 1961-ci ilin bu günü Norfolk qraflığında zadəgan ailəsində anadan olub. Təhsilini İsveçrədə Alpin Videmanette İnstitutunda alıb. İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyib. 1981-ci il iyulun 29-da Böyük Britaniya taxt-tacının varisi Şahzadə Çarlzla evlənib. Bu evlilikdən 1982-ci ildə Şahzadə Uilyam, 1983-cü ildə isə Şahzadə Harri dünyaya gəlib. 1992-ci ildən Diana və Çarlz rəsmi olaraq ayrı yaşayıb. Xeyriyyəçilik fəaliyyəti ilə məşhurlaşıb, dünyada sürətlə yayılan QİÇS xəstəliyinə qarşı və minalara qadağa kampaniyalarına qoşulub. Şahzadə Diana 1997-ci il avqustun 31-də nişanlısı, misirli milyarder Dodi əl-Fayedlə birlikdə Parisin Alma tunelində avtomobil qəzasına düşərək həlak olub. Dəfn mərasimi sentyabrın 6-da Vestminster abbatlığında baş tutub.

 

 

BABA XAMMƏDOV

(1939-1990)

 

20 Yanvar şəhidi Baba Məhəmməd oğlu Xammədov 1939-cu il iyulun 1-də doğulub. 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə güllə səsinə küçəyə çıxıb, bu zaman sovet əsgərinin atdığı güllə onun boğazından dəyib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb və yanvarın 21-də vəfat edib. Baba Xammədov Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

İSLAM QULİYEV

(1957-1992)

 

Şəhid İslam İdris oğlu Quliyev 1 iyul 1957-ci ildə Laçın rayonunun Fingə kəndində anadan olub. Uşaq yaşlarından Kərkicahanda yaşayıb və orta məktəbi orada bitirib. Ermənilərin Azərbaycan torpaqlarına hərbi təcavüzü başlayanda Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından biri olub və ona rəhbərlik edib. Müdafiə Nazirliyi nəzdində yaradılmış partizan dəstəsinin komandiri olub. Kərkicahan, Kosalar, Şuşa və Ağdərə döyüşlərində iştirak edib. İslam Quliyev 1992-ci il sentyabrın 1-də Ağdərədə şəhid olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

 

 

RƏHİM HÜSEYNOV

(1984-2020)

 

Şəhid Rəhim Qədir oğlu Hüseynov 1984-cü ilin bu günü Zərdab rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsil alıb. 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci ildə NATO-nun “Ləyaqətli xidmət” medalı ilə təltif olunan ilk və yeganə azərbaycanlı zabitdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELSEVƏR PAŞAYEV

(1988-2020)

 

Şəhid Elsevər Vaqif oğlu Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Elsevər Paşayev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELÇİN TAĞIYEV

(1989-2020)

 

Şəhid Elçin Ağaqulu oğlu Tağıyev 1 iyul 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AMİN ƏMİRASLANOV

(1991-2020)

 

Şəhid Amin Vaqif oğlu Əmiraslanov 1991-ci ilin bu günü Saatlı rayonunun Potubəyli kəndində anadan olub. 2009-2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Amin Əmiraslanov noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏZİZAĞA DADAŞOV

(1994-2020)

 

Şəhid Əzizağa Ramis oğlu Dadaşov 1994-cü il iyulun 1-də Sumqayıt şəhərində anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əzizağa Dadaşov oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ASƏF MƏMMƏDOV

(1995-2020)

 

Şəhid Asəf Mehman oğlu Məmmədov 1 iyul 1995-ci ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Asəf Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RAFİQ HEYDƏROV

(1995-2020)

 

Şəhid Rafiq Rahim oğlu Heydərov 1995-ci ilin bu günü Bakı şəhərdə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Əsgər Rafiq Heydərov oktyabrın 14-də Hadrut döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MAHİR PAŞAYEV 

(1997-2020)

 

Şəhid Mahir Bəxtiyar oğlu Paşayev 1997-ci il iyulun 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Mahir Paşayev oktyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RƏSMAN HƏMİDOV 

(1998-2020)

 

Şəhid Rəsman Mərdan oğlu Həmidov 1 iyul 1998-ci ildə Şamaxı rayonunun Adnalı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Rəsman Həmidov oktyabrın 17-də Hadrut döyüşləri zamanı şəhid olub və Şamaxı rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ZAUR NƏBİYEV

(2001-2020)

 

Şəhid Zaur Ələddin oğlu Nəbiyev 2001-ci ilin bu günü Şəmkir rayonunun Ələsgərli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Zaur Nəbiyev oktyabrın 4-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

BABAZEYNAL BABAZADƏ

(2001-2020)

 

Şəhid Babazeynal Maqsud oğlu Babazadə 2001-ci il iyulun 1-də Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Babazeynal Babazadə oktyabrın 7-də Ağdərə döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HÜSEYN BAYKARA

(1904-1984)

 

Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi, araşdırmaçı, tədqiqatçı, publisist və şair Hüseyn Baykaranın xatirə günüdür. Qara Hüseynbəyli 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Gənclik illərindən bolşeviklər əleyhinə mübarizəyə başlayıb. Müxtəlif illərdə həbs edilib və şair Əhməd Cavadla məhbəs yoldaşı olub. NKVD-çilərin əlinə keçməmək üçün 1927-ci ildə əvvəlcə İrana, sonra isə Türkiyəyə gedib. İstanbula gəldikdən sonra burada Hüseyn Baykara adı ilə yaşayıb və İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət Elazığda hakim, İstanbulda prokuror vəzifəsində çalışıb. "Yeni Kafkasya", "Odlu yurd", "Azərbaycan", "Türk kültürü", "Açıq söz" və başqa jurnal və qəzetlərlə əməkdaşlıq edib. "Azərbaycan mədəniyyəti tarixi" və "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabları daha çox məşhurdur. Hüseyn Baykara 1984-cü ilin iyulunda Kayseridə vəfat edib və İstanbulda Qaraca Əhməd məzarlığında dəfn edilib.

 

 

QARAŞ MƏDƏTOV

(1928-1993)

 

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Qaraş Əli oğlu Mədətovun anım günüdür. O, 1928-ci il fevralın 10-da Naxçıvan MR Kəngərli rayonunun Qara­bağlar kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Uni­versitetinin Tarix fakül­tə­sini bitirib, 1953-1956-cı illərdə Mos­kva Dövlət Univer­sitetinin as­pirantu­rasında təhsil alıb. 1956-cı ildə Azər­bay­can Elm­lər Akademiyasının Tarix İnstitu­tuna işə qə­bul edilib, 1968-ci ildən ömrünün so­nu­na­dək burada Azər­bay­canın müasir dövr tarixi şö­bə­sinə rəhbərlik edib. 160-dan artıq elmi əsərin və kitabların müəllifidir. «Şərəf Nişanı» orde­ni, müxtəlif medal və fəxri fərmanlarla təltif edilən Qaraş Mədətov 1993-cü ilin iyulunda Bakıda vəfat edib.

 

 

LYUDMİLA ZIKİNA

(1929-2009)

 

SSRİ və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Lyudmila Zıkina da bu gün xatırlanır. O, 1929-cu il iyunun 10-da Moskva şəhərində anadan olub. Yaradıcılığa 1947-ci ildə gənc ifaçıların Ümumrusiya müsabiqəsində iştirakı ilə başlayıb. Müharibə başlayanda fabrikdə toxucu işləyib, axşamlar isə hospitalda yaralılar qarşısında çıxış edib. ABŞ-da ona “Miss Volqa” adı verilib, Tokioda adına xor yaradılıb. Ömrünün son illərində Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru olan Lyudmila Zıkina 2009-cu ilin iyulunda Moskvada vəfat edib.

 

 

FRED ASİF

(1952-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin xatirə günüdür. Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı orta məktəbi bitirib, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Ermənilərin Azərbaycana hərbi təcavüzü başlayandan sonra Xalq Cəbhəsinin özünümüdafiə dəstəsini yaradıb. 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal və Dəhraz kəndləri düşməndən azad edilib. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, amma sağlığında bu adı qəbul etməkdən imtina edib. 1993-cü ilin oktyabrında Şelli uğrunda gedən döyüşdə iştirak edib, səhhəti ağırlaşdığı üçün hərbi hissəni təhvil verib və müalicə məqsədilə Yalta şəhərinə gedib. Fred Asif 1 iyul 1994-cü ildə Yaltada vərəmdən vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Paytaxt küçələrindən biri onun adını daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv