Dünyanın bu günü - 01.09.2020
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏSİS EDİLMƏSİ
(1919)
1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qərar qəbul edib. Universitet ilk tədris ilini 2 fakültə ilə – 1094 tələbənin daxil olduğu Tarix-filologiya və tibb fakültələri ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub. Sovet işğalından iki il sonra - 1922-ci ildə universitetin adı dəyişdirilib və Azərbaycan Dövlət Universiteti adlandırılıb. 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradılıb. 1934-cü ildə Universitet Fizika-riyaziyyat, Kimya, Biologiya və Tarix fakültələri ilə yenidən işə başlayıb. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb. 1991-ci ildən yenidən Bakı Dövlət Universiteti adlandırılan bu elmi mərkəzin 16 fakültə, 124 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında hazırda 3041 nəfər əməkdaş çalışır.
İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN BAŞLANMASI
(1939)
1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücuma keçməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 22 iyun 1941-ci ildə Almaniyanın SSRİ-yə hücuma keçməsi ilə müharibə daha qanlı mərhələyə daxil olub. 2 sentyabr 1945-ci ilədək davam edən savaş zamanı döyüş meydanlarında, əsirlikdə və konslagerlərdə 27 milyon nəfəri hərbçi olmaqla 60 milyondan çox adam həlak olub. Bunun 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və digər ölkələrin payına düşüb. İkinci Dünya müharibəsi 1945-ci ildə anti-Hitler koalisiyasının qələbəsi ilə başa çatıb. Müharibə nəticəsində dünyanın siyasi xəritəsi dəyişikliyə uğrayıb.
BESLAN TERRORU
(2004)
2004-cü il sentyabrın 1-də Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının Beslan şəhərində terror aktı baş verib. Milliyyətcə çeçenlərdən ibarət terrorçu qrup Beslan şəhərində orta məktəbi ələ keçirib. Sentyabrın 3-də 1100-ə yaxın şagird və müəllimin girov saxlanıldığı məktəbi azad etmək üçün başlanan hücum əməliyyatı zamanı 186-sı uşaq olmaqla 335 nəfər həlak olub, 24 terrorçudan 23-ü məhv edilib. Hadisənin əsas təşkilatçısı Şamil Basayev 2006-cı ildə öldürülüb.
İSMAYIL HİDAYƏTZADƏ
(1901-1951)
Azərbaycanın xalq artisti, aktyor və rejissor İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci il sentyabrın 1-də Bakıda dənizçi ailəsində anadan olub. Şəhərdəki “İttihad” məktəbində təhsil alıb, burada görkəmli teatr xadimi Hüseyn Ərəblinski ilə tanış olub. 1920-ci ildən dövlət teatrında işə götürülüb. Teatr studiyasında bir müddət çalışdıqdan sonra rejissorluq sənətinə də maraq göstərib, Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarına, eləcə də “1905-ci ildə” və “Vaqif” pyeslərinə quruluş verib. Eyni zamanda ilk milli baletimiz olan “Qız qalası”nın librettosunu yazıb. Aktyor kimi “Qız qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində çəkilib. “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilən İsmayıl Hidayətzadə 1951-ci il noyabrın 11-də Bakıda vəfat edib.
MAHMUD İSMAYILOV
(1920-2001)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Mahmud Əliabbas oğlu İsmayılov 1 sentyabr 1920-ci ildə Şəki şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1946-cı ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işə başlayıb, ömrünün sonunadək burada çalışıb, elmi işlər üzrə direktor müavini və "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri olub. 3 cildlik "Azərbaycan tarixi"nin əsas müəlliflərindən biri, 7 cildlik "Azərbaycan tarixi"nin IV və V cildlərinin məsul redaktoru olub. Onun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Bir sıra orden, medal və fəxri fərmanlarla, o cümlədən "Şöhrət" ordeni ilə təltif edilib. Görkəmli tarixçi-şərqşünas alim, professor Şövkət Tağıyeva ilə evli olan Mahmud İsmayılov 16 avqust 2001-ci ildə vəfat edib.
FAZİL SALAYEV
(1931-1978)
Tanınmış Azərbaycan aktyoru Fazil İdris oğlu Salayev 1931-ci ilin bu günü Bakıda dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Teatr İnstitutunda təhsil alıb. Bir müddət orta məktəbdə müəllim işləyib. Daha sonra Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. "Mozalan" satirik kinojurnalında çəkilib. "Möcüzələr adası", "Ulduz", "Alma almaya bənzər", "Bizim Cəbiş müəllim", "Dərviş Parisi partladır", "Şərikli çörək" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış edib. Heç bir fəxri adla təltif olunmayan Fazil Salayev 1978-ci il iyunun 20-də Bakıda vəfat edib.
SƏYAVUŞ ŞƏFİYEV
(1937-2001)
Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Füzuli rayonunda dünyaya göz açıb. Məktəb illərindən idmanda uğurlar əldə edib, boks üzrə müxtəlif yarışların qalibi olub. Moskvada Ümumittifaq Sirk Məktəbində təhsil alıb. Sirk rejissoru kimi özünü sınayıb, Bakıda sirkdə bədii rəhbər, Moskvada “Səhnədə sirk” Birliyinin quruluşçu rejissoru kimi çalışıb. Daha sonra kino rejissorlarının diqqətini cəlb edib. İlk dəfə "Əhməd haradadır?" filminə çəkilib. “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “Qəribə adam” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olub. Səyavuş Şəfiyev 2001-ci il noyabrın 24-də Moskvada vəfat edib.
ATABALA SƏFƏROV
(1949)
Azərbaycanın əməkdar artisti, aktyor Atabala Osman oğlu Səfərov 1 sentyabr 1949-cu ildə Şabran şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Gənclər Teatrında direktor müavini, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi çalışıb. "Subaylarınızdan görəsiniz", "Səhnədə məhəbbət", "Bir saat xəlifəlik", "Bir günlük siğə", “Adı sənin, dadı mənim”, “Topal Teymur” və başqa tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. Atabala Səfərov 9 may 2012-ci il tarixdə əməkdar artist fəxri adına layiq görülüb.
KAZIMAĞA KƏRİMOV
(1951-1992)
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Möhsün oğlu Kərimov 1951-ci ilin bu günü Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışıb. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra torpaqlarımızın müdafiəsinə qalxıb. Komandir kimi Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il iyunun 12-13-də Gülüstan qəsəbəsinin azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralansa da, əsgər və zabitlərdə ruh düşkünlüyü yaranmaması üçün yenidən döyüşü davam etdirmək əmri verib. Əməliyyat qələbə ilə bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılsa da, 15 iyun 1992-ci ildə vəfat edib və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Kazımağa Kərimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərində adına küçə verilib, Goranboy rayonunda büstü qoyulub.
ƏHMƏD MEHBALIYEV
(1968-1993)
Şəhid Əhməd Suliddin oğlu Mehbalıyev 1968-ci il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Kazan Ali Tank Məktəbində təhsil alıb. Kiyev və Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edib. Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıdıb, ilk döyüşünü Şuşada keçirib. Daha sonra taqım komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər və Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib. Əhməd Mehbalıyev 25 iyun 1993-cü ildə Ağdamın Qızıl-Kəngərli kəndində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Qaraçuxur qəsəbəsində adına küçə verilib.
NATİQ ƏHMƏDOV
(1969-1991)
Azərbaycanın Milli Qəhrəmanı Natiq İlyas oğlu Əhmədov 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Kalininqrad şəhərində artilleriya hissəsində hərbi xidmətdə olub. 1988-ci ildə ordudan tərxis olunub və üzümçülük kolxozunda çalışıb. Daha sonra Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsində işləyib. 26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən ermənilər tərəfindən pusquya düşmüş avtobusu görüb. Avtobusdakı mülki şəxsləri xilas etmək üçün iş yoldaşı ilə birgə son damla qanına qədər döyüşüb və qəhrəmancasına şəhid olub. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Natiq Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
ALTUN DƏMİRLİ
(1997-2016)
Şəhid Altun Fərman oğlu Dəmirli 1997-ci ilin bu günü Şəmkir rayonunun Düyərli qəsəbəsində dünyasını dəyişib. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olunub. Əsgər Altun Dəmirli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
HACI ZEYNALABDİN TAĞIYEV
(1823-1924)
Məşhur Bakı milyonçusu, xeyriyyəçi, Rusiya imperiyasının həqiqi dövlət müşaviri, Müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür. O, 25 yanvar 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. On yaşında bənna köməkçisi olub, 12 yaşında daş yonub, 15 yaşında bənnalıq etməyə başlayıb. 1872-ci ildə sahibkarlığa başlayıb və qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət tapıb. 1900-cü ildə toxuculuq fabriki, milli teatr binası inşa etdirib, məktəblərin, mədəni-maarif cəmiyyətlərinin açılmasına, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edib. 1911-ci ildə “Xəzər manufaktura cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti”ni təşkil edib. Sağlığında ən yüksək titul və rütbələr, orden və medallarla təltif olunub. Tam olmayan məlumata görə, 1917-ci ilin sonlarında onun kapitalı 30 milyon manata çatırdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hazırda Dendrari kimi tanınan Mərdəkandakı bağı istisna olmaqla bütün əmlakı əlindən alınıb. Hacı Zeynalabdin Tağıyev 1924-cü ilin sentyabrında Mərdəkanda vəfat edib.
MİRZƏLİ BƏY BEHBUDOV
(1886-1937)
Azərbaycan ziyalısı, vəkil Mirzəli bəy Rəhim bəy oğlu Behbudovun xatirə günüdür. O, 1886-cı ildə Şuşa qəzasının Bayat kəndində anadan olub. Şuşa realnı məktəbində və Novorossiysk İmperator Universitetində ali hüquq təhsil alıb. Əmək fəaliyyətinə qardaşı Lütfəli bəyin "Küratan" səhmdar cəmiyyətində başlayıb, 1917-ci ilədək bu cəmiyyətin aparıcı kadrlarından biri olaraq vəkil kimi fəaliyyət göstərib. Bolşevik işğalından sonra Şamaxı bölgəsinə və Quba rayonuna sürgün edilib. Qubada rayon məhkəməsində işə düzəlib və Vəkillər Kollegiyasının üzvü seçilib. Mirzəli bəy Behbudov 1937-ci ildə həbs edilib və sentyabrın 1-də şəxsi əmlakı müsadirə olunmaqla güllələnib.
ƏLƏKBƏR SALAHZADƏ
(1941-2013)
Azərbaycanın əməkdar incəsənət xadimi, şair və tərcüməçi Ələkbər Baba oğlu Salahzadə də bu gün xatırlanır. O, 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə redaksiyalarda, jurnallarda tərcüməçi, redaktor, baş redaktor, elmi redaktor, direktor müavini və şöbə müdiri vəzifələrində çalışıb. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilib. 100-dən çox essesi, məqaləsi, radio-pyesləri və 20-dən artıq uşaq nağılı çap olunub. Ələkbər Salahzadə 2013-cü il sentyabrın 1-də vəfat edib.
RAFİL İMANOV
(1949-2014)
Azərbaycanın əməkdar müəllimi, pedaqoq və riyaziyyatçı Rafil Cəlal oğlu İmanovun anım günüdür. O, 1949-cu il noyabrın 12-də Goranboy rayonunun Faxralı kəndində anadan olub. 1956-1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1966-1970-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb. 1970-1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. 1978-ci ildən etibarən paytaxtın 116, 48 və 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. 1991-1992-ci illərdə “Gələcək Zəkalar” liseyini yaradıb və həyatının sonuna kimi orada müəllim vəzifəsində fəaliyyət göstərib. 1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. 20-dən artıq elmi-metodik məqalənin müəllifi, “İlin müəllimi” və “Pedaqoji mühazirə”nin qalibi olub. Rafil İmanov 2014-cü ilin sentyabrında Bakıda vəfat edib.