Dünyanın bu günü - 01.11.2020
KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ
(2008)
Prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən, Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, hər il noyabrın 1-də "Kənd təsərrüfatı işçiləri günü" qeyd edilir. Bu bayram ilk dəfə 2008-ci ildən qeyd olunub.
ƏLİAĞA BAKİR
(1923-1998)
Əliağa Vahidin davamçılarından biri olan şair-qəzəlxan Əliağa Hacağa oğlu Rzayev 1 noyabr 1923-cü ildə Bakıda anadan olub. Yeniyetmə çağlarından şeir yazmağa başlayıb. İlk şeiri 1938-ci ildə “Pioner” jurnalında dərc olunub. Azərbaycan Neft-Kimya İnstitutunu mühəndis ixtisası üzrə bitirib. Qırx ildən çox Kənd Təsərrüfatı Nazirliyində çalışıb. “Tarixlərdən gələn səslər”, “Qəzəllər”, “Min bir gözəl, min bir qəzəl” və “Qabusnamə lövhələri” kitablarının poemasının müəllifidir. Şairin "Atadır" rədifli qəzəli onun şah əsəri hesab olunur və xalq tərəfindən sevilir. Müasiri olan şəxsiyyətlər haqqında “Xatirələr” kitabı çap edilib. Əliağa Bakir 1998-ci ildə Bakıda vəfat edib.
SÜLEYMAN DƏMİRƏL
(1924-2015)
Türkiyənin 9-cu prezidenti, 5 dəfə Türkiyənin baş naziri olmuş görkəmli siyasi xadim Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta şəhərində anadan olub. İstanbul Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsində təhsil alıb. 1962-ci ildən siyasi fəaliyyətə başlayıb. Ədalət Partiyasının sədri, Baş nazirin müavini və Baş nazir vəzifələrində çalışıb. 1980-ci ildə baş verən silahlı çevrilişdən sonra 1987-ci ilədək siyasi fəaliyyətdən uzaqlaşıb. 1987-ci ildə Doğru Yol Partiyasının sədri seçilib. 1990-1993-cü illərdə yenidən Baş nazir vəzifəsinə təyin edilib, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olub. 1995-ci il dekabrın 4-də Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü, 1999-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilib. Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilən Süleyman Dəmirəl 2015-ci il iyunun 20-də vəfat edib və İsparta şəhərində dəfn edilib.
ƏLƏŞRƏF MƏMMƏDOV
(1931-2003)
AMEA-nın həqiqi üzvü, geologiya alimi, geologiya-mineralogiya elmləri doktoru, professor Ələşrəf Veysəl oğlu Məmmədov 1931-ci ilin bu günü Qax rayonunun İlisu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində başlayıb. Akademiyanın Neft Ekspedisiyasında işləyib, Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinə rəhbərlik edib, Geologiya İnstitutunun müdafiə üzrə İxtisaslaşdırılmış şurasının həmsədri, Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini vəzifələrində çalışıb. Azərbaycan paleocoğrafiya məktəbinin yaradıcısı hesab edilir. 230-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiya, 6 atlas və 10 xəritənin müəllifidir. Azərbaycan Dövlət Mükafatı və Hacı Zeynalabdin Tağıyev adına mükafata, “Fədakar əməyə görə” medalına layiq görülüb. Ələşrəf Məmmədov 26 avqust 2003-cü ildə Bakıda vəfat edib.
MƏMMƏD İSMAYIL
(1939)
Azərbaycan şairi, filologiya elmləri namizədi Məmməd Mürşüd oğlu İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib. Kənd orta məktəbində, Azərbaycan Dövlət Universitetində və Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki iki illik ali ədəbiyyat kurslarında təhsil alıb. 14 yaşından bədii yaradıcılıqla məşğuldur. Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində klub müdiri, Tovuz rayon Partiya komitəsində statist, Qazax rayonlararası "Qalibiyyət bayrağı" qəzetində korrektor, "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, “Azərbaycanfilm” kinostudiyasının elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, "İşıq" nəşriyyatının direktoru, "Gənclik-Molodost" jurnallarının yaradıcısı və baş redaktoru vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin sədri olub. Bir çox dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap edilib, 50-dən çox şeirinə mahnı bəstələnib. Məmməd İsmayıl uzun illərdir Türkiyədə pedaqoji fəaliyyətlə məşğuldur.
ELMİRA ŞABANOVA
(1940)
Azərbaycanın xalq artisti, aktrisa Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültələrində təhsil alıb. 1962-1997-ci illərdə bu institutda müəllim və dosent işləyib. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Elmira Şabanova rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.
RAİS RƏSULZADƏ
(1946)
Azərbaycanın əməkdar rəssamı Rais Azər oğlu Rəsulzadə 1946-cı ilin bu günü Qazaxıstanda dünyaya göz açıb. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Rəsm, heykəltəraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 800-ə yaxın sənət əsərinin müəllifidir. Əsərləri Kuba, Əfqanıstan, Polşa, ABŞ və başqa ölkələrdə nümayiş etdirilib. Rais Rəsulzadə 2009-cu ildən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edir. O, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Azər Rəsulzadənin oğludur.
ƏBÜLFƏZ MEHDİYEV
(1965-1992)
Şəhid Əbülfəz Bəbir oğlu Mehdiyev 1 noyabr 1965-ci ildə Qubadlı rayonunun Tarovlu kəndində doğulub. 1979-cu ildə səkkiz illik təhsilini bitirdikdən sonra Şuşa Musiqi Məktəbinə daxil olub, daha sonra Bakıda Kooperativ Texnikumunun qiyabi şöbəsində təhsil alıb. 1983-1985-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Vətənə qayıdıb və Qubadlıda musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirib. Ermənilərin Azərbaycana hərbi təcavüzünün başlanması ilə əlaqədar Əliyar Əliyevin başçılıq etdiyi Qubadlı könüllü özünümüdafiə taboruna daxil olub. Topçu Əbülfəz Mehdiyev 1992-ci il iyunun 30-da Tarovlu kəndinin müdafiəsi uğrunda gedən döyüşdə dostu İrşad Həsənquliyevlə birlikdə həlak olub. 2008-ci ildə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
YAVƏR ŞAHBAZOV
(1973-1995)
Azərbaycanın Milli Qəhrəmanı Yavər Əlibala oğlu Şahbazov 1973-cü il noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. Alekseyevka kənd orta məktəbində və Şamaxı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1994-cü il iyunun 8-də Milli Ordu sıralarında xidmətə başlayıb. 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhd edən silahlı dəstəni zərərsizləşdirmə əməliyyatı zamanı bir neçə yaralı döyüşçünü xilas edib, özü isə qəhrəmancasına həlak olub. Xaçmaz rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Yavər Şahbazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Oxuduğu orta məktəb onun adını daşıyır, məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulub.
URFAN VƏLİZADƏ
(1978-2016)
Şəhid Urfan Üzeyir oğlu Vəlizadə 1978-ci ilin bu günü Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Türkiyədə Hava Hərbi Məktəbinə daxil olub. 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Mayor Urfan Vəlizadə özündən başqa 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb və Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Mayor Urfan Vəlizadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
MUSTAFA BƏY VƏKİLOV
(1896-1965)
Görkəmli siyasi və dövlət xadimi Mustafa bəy Nadir oğlu Vəkilovun anım günüdür. O, 1896-cı ilin sentyabr ayında Azərbaycanın Qazax mahalında anadan olub. Bakı gimnaziyasında və Moskva Universitetinin hüquq fakültəsində təhsil alıb. Zaqafqaziya Komissarlığında daxili işlər komissarının məsləhətçisi, Azərbaycan Xalq Cümhuriyyətində Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər nazirinin müavini və Daxili İşlər naziri vəzifələrində çalışıb. Bolşevik işğalından sonra mühacirətə gedib. Polşa, Almaniya, Fransa və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərib. İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilib, 1928-ci ildə yaradılan “Prometey” təşkilatında təmsil olunub, Vilayətlər Bankının baş hüquq məsləhətçisi olub. Türkiyədə yaşadığı dövrdə “Odlu Yurd”, “Azəri-Türk”, “Yeni Qafqaziyyə”, “Yurd bilgisi” kimi qəzet və jurnallarda məqalələr yazıb. Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də Ankarada vəfat edib və dəfn olunub.
SEYİD ŞUŞİNSKİ
(1889-1965)
Məşhur xanəndə və pedaqoq, xalq artisti Seyid İbrahim oğlu Şuşinskinın anım günüdür. O, 1889-cu ildə Füzuli rayonunun Horadiz kəndində dünyaya gəlib. Şuşada Mirmöhsün Nəvvabın musiqi məktəbində təhsil alıb. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük rolu olub. 1911-ci ildə Tiflisdə verdiyi konsertlərdən sonra bütün Qafqazda məşhurlaşıb. Tiflisdə tamaşaya qoyulan “Leyli və Məcnun” operasında İbn Salam, “O olmasın, bu olsun” komediyasında Sərvər, “Arşın mal alan”da Əsgər rollarını ifa edib. Onun ifasında bir sıra muğamlar Kiyevdə vala yazılıb. Seyid Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, konsertlər verib, teatr tamaşalarında çıxış edib. 1939-1960-cı illərdə Filarmoniyanın və Azərbaycan radiosunun solisti olub, Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. Müğənnilərdən Həqiqət Rzayeva, Yavər Kələntərli, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, İslam Rzayev və başqaları onun yetirmələridir. Seyid Şuşinski 1965-ci il noyabrın 1-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
BUDAQ BUDAQOV
(1928-2012)
Azərbaycanın əməkdar elm xadimi, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Toponimika Komissiyasının sədri, akademik Budaq Əbdüləli oğlu Budaqov da bu gün xatırlanır. O, 28 fevral 1928-ci ildə Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində, İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji Məktəbində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə təhsil alıb. Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan EA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayıb. Burada baş elmi işçi, Landşaftşünaslıq şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1988-ci ildən ömrünün sonunadək isə institutun direktoru vəzifəsində işləyib. Azərbaycanın müasir coğrafiyasının geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biridir. 1000-dən çox əsərin, o cümlədən məqalə və monoqrafiyaların müəllifidir. “Şöhrət” ordeni, Hacı Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev, Həsən Əliyev və Məmməd Araz mükafatları ilə təltif olunub. Budaq Budaqov 1 noyabr 2012-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
BÜRCƏLİ ƏSGƏROV
(1933-2005)
Azərbaycanın əməkdar artisti, aktyor Bürcəli Veysəl oğlu Əsgərovun anım günüdür. O, 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində dünyaya gəlib. 1951-ci ildə Körpülü kəndində orta təhsilini, 1956-cı ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsilini bitirib. Həmin ildən Akademik Teatrın aktyor truppasına işə götürülüb. "Onu bağışlamaq olarmı?" bədii filmində Leytenant Rəsulov, “Göz həkimi” teletamaşasında Professor Şahbazov roluna çəkilib. 2000-ci ildən həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. Bürcəli Əsgərov 2005-ci il noyabrın 1-də Bakıda vəfat edib.
TALEH HƏMİD
(1952-2016)
Şair, publisist və jurnalist Taleh Həmid oğlu Babayevin xatirə günüdür. O, 1952-ci il iyunun 19-da Şəmkirin Dəllər Cəyir kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Kənd Təsərrüfatı Nazirliyində müfəttiş, təsərrüfat müdiri, bir sıra mətbu orqanlarda şöbə müdiri, baş redaktor, Regionların İnkişafı İctimai Birliyində sədr müavini vəzifələrində çalışıb, “Müstəqil qəzet”in və Yeni fikir” qəzetinin təsisçisi və baş redaktoru olub. Bir neçə şeir və publisistik kitablarının müəllifidir. Respublika Komsomolu Mükafatına, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülüb. Taleh Həmid 1 noyabr 2016-cı ildə Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.
ƏFQAN HÜSEYNOV
(1963-1992)
Azərbaycanın Milli Qəhrəmanı Əfqan Qaraxan oğlu Hüseynov da bu gün xatırlanır. O, 24 fevral 1963-cü ildə Bakı şəhərində anadan olub. 109 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Bakı Ümumqoşun Komandirləri Məktəbində təhsilini başa vurduqdan sonra leytenant hərbi rütbəsi ilə tağım komandirinin müavini təyin edilib. 1985-1987-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. SSRİ-nin “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. 1988-ci ildə Bakıya qayıdıb və vaxtilə oxuduğu Hərbi Liseydə birinci rotanın komandiri təyin edilib. 1991-1992-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində işləyib. 1992-ci ilin yanvar ayında Milli Qvardiyada xidmətə başlayıb, alay komandiri kimi fasiləsiz olaraq döyüş əməliyyatlarına başçılıq edib. Cəsur komandirin başçılığı ilə düşmənin xeyli qüvvəsi məhv edilib, silah-sursat ələ keçirilib. Əfqan Hüseynov 1 noyabr 1992-ci ildə alayın düşmənlə döyüşdə qəhrəmancasına şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.