Dünyanın bu günü - 01.12.2020

ÜMUMDÜNYA QİÇS-LƏ MÜBARİZƏ GÜNÜ

(1988)

 

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu gün dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlığının artırılmasına çağıran sammitindən sonra 1988-ci ildə təsis edilib. Bundan sonra Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb.

 

 

PABLO ESKOBAR

(1949-1993)

 

Dünyanın ən məşhur narkotaciri Pablo Emilio Eskobar Gaviria 1949-cu il dekabrın 1-də Kolumbiyanın Antioxiya bölgəsindəki Rionegro şəhərində bir kəndli ailəsində anadan olub. Cinayətkar aləmə 1960-cı illərin sonlarında qaçaqmalçılıqla qədəm qoyub. 1980-ci illərin əvvəllərində xaricdə marixuana və kokain istehsalı və marketinqi ilə məşğul olub. Kokain biznesini istehsalından istehlakına qədər inhisara alan, dünya istehsalının 80%-dən çoxunu idarə edən “Medellin Kartel” adlı bir təşkilat qurub və Kolumbiya mafiyasındakı ən güclü adamları toplayaraq, cinayət imperiyasını möhkəmləndirməyi bacarıb. Pablo Eskobar 1993-cü il dekabrın 2-də Medellin şəhərindən qaçmağa çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

 

 

RAHİM BABAYEV

(1970-1990)

 

20 Yanvar şəhidi Rahim Vaqif oğlu Babayev 1970-ci ilin bu günü Naxçıvan MR-in Ordubad şəhərində anadan olub. Azərbaycan Sənaye Universitetində təhsil alıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaralı tələbə döyüş yoldaşlarına kömək göstərən zaman sovet əsgərləri tərəfindən güllələnib və Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

MİRMAHMUD KAZIMOVSKİ

        (1882-1940)

 

Azərbaycanın əməkdar artisti, pedaqoq, dramaturq, aktyor və rejissor Mirmahmud Mirələkbər oğlu Kazımovskinin anım günüdür. O, 1882-ci il fevralın 27-də Bakının Bilgəh kəndində doğulub. Həbib bəy Mahmudbəyovun üçsinifli rus-tatar məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə Cahangir Zeynalovun “Ev Teatrı”nda başlayıb, sonralar “Nicat” cəmiyyəti nəzdindəki teatr truppasında çalışıb. 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olub. Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. 1921-ci ildə Dərbənddə teatr yaradılmasında iştirak edib. Azərbaycanın ilk peşəkar aktyorlarından olub. Qadınlardan ibarət aktyor heyəti olmadığı bir zamanda qadın rollarında da çıxış edib. Bir çox tamaşaların rejissoru olub, bir neçə pyes və vodevil yazıb. Bir müddət məktəblərdə rus dili, rəsm, nəğmə, hesab və idman dərsləri aparıb. Azərbaycanda idmana aid ilk dərsliyin müəllifidir. “Neft və milyonlar səltənətində”, “Bismillah”, “Bakılılar”, “Kəndlilər”, “Sovqat” filmlərində aktyor kimi maraqlı obrazlar yaradıb. Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də Bakıda vəfat edib.

 

 

MƏMMƏD ARAZ

(1933-2004)

 

Azərbaycanın xalq şairi Məmməd Arazın xatirə günüdür. Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. Əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. “İstiqlal” ordeni və Hacı Zeynalabdin Tağıyev adına milli mükafatla təltif edilib. Məmməd Araz 1 dekabr 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, yazıçı-publisist İradə Tuncayın atası, yazıçı-jurnalist Aqil Abbasın qayınatasıdır.

 

 

ORXAN ALIYEV 

(1994-2013)

 

Şəhid Orxan Şirazi oğlu Alıyev də bu gün xatırlanır. O, 25 noyabr 1994-cü ildə Bakı şəhərində dünyaya gəlib. Əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. İdmanın cüdo və qaydasız döyüş növləri ilə məşğul olub. 4 yanvar 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb, 3 ay Bakıda xidmət etdikdən sonra ona çavuş rütbəsi verilib və cəbhə bölgəsinə göndərilib. Milli Ordunun artilleriya qoşunlarında kəşfiyyatçı olaraq xidmətini davam etdirib. Orxan Alıyev xidməti bitirməyinə 6 ay qalmış - 1 dekabr 2013-cü ildə düşmənin atəşkəsi pozması nəticəsində şəhid olub.

Müəllif | Apa.Tv
Apa.tv