Dünyanın bu günü - 02.02.2021
"GƏNCLƏR GÜNÜ"
(1997)
Azərbaycanda 2 fevral - Gənclər Günü kimi qeyd olunur. 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin I Forumu keçirilib. 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral - Azərbaycanda Gənclər Günü elan olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb.
MƏHƏRRƏM HAŞIMOV
(1912-1969)
Azərbaycanın xalq artisti, aktyor, rejissor və ssenarist Məhərrəm Zakir oğlu Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olub. 1936-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışıb, bir sıra tamaşalara quruluş verib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edib. Onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehrli xalat" kimi filmlər çəkilib. Məhərrəm Haşımov 1969-cu il mayın 2-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
AĞAMUSA AXUNDOV
(1932-2015)
Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı Ağamusa Ağası oğlu Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Təhsil aldığı universitetin aspirantı, müəllimi, baş müəllimi, dosenti, sonra universitetin ümumi dilçilik kafedrasının müdiri, filologiya fakültəsinin dekanı olub. AMEA-nin Dilçilik İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. Onun "Ümumi dilçilik", "Dilçiliyə giriş", "Azərbaycan dili" kitabları dönə-dönə nəşr olunub. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ağamusa Axundov 5 sentyabr 2015-ci ildə vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
AKİF ƏKBƏROV
(1952-1991)
Azərbaycanın Milli Qəhrəmanı Akif Abbas oğlu Əkbərov 1952-ci ilin bu günü Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-1972-ci illərdə hərbi xidmətdə olub. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Beyləqan Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunub. Avqustun 12-də ermənilər Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücuma keçiblər. Düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Lakin qəfil düşmən gülləsi Akif Əkbərovdan da yan keçməyib və o, qəhrəmancasına həlak olub. Beyləqan rayonunda dəfn edilib. Akif Əkbərov Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
MƏMMƏD MƏMMƏDOV
(1959-1990)
20 Yanvar şəhidi Məmməd Yarməmməd oğlu Məmmədov 1959-cu il fevralın 2-də Bakı şəhərində anadan olub. 2 nömrəli avtobus parkında sürücü işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə içində olduğu avtobusun sovet əsgərləri tərəfindən atəşə tutulması nəticəsində həlak olub. Bədənində 35 güllə yarası olub. Məmməd Məmmədov Şəhidlər Xiyabanında dəfn edilib.
ƏLƏKBƏR EYVAZOV
(1973-1993)
Şəhid Ələkbər Almaxan oğlu Eyvazov 1973-cü il fevralın 2-də Bakıda anadan olub. 275 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ilin mayın 21-də həqiqi hərbi xidmətə çağırılıb, 702-ci hərbi hissənin avtomatçısı olub. Ələkbər Eyvazov 10 yanvar 1993-cü ildə Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub və Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı məktəb onun adını daşıyır.
BƏŞİR KƏRİMOV
(1976-1995)
Azərbaycanın Milli Qəhrəmanı Bəşir Bəylər oğlu Kərimov 2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1983-cü ildə burada orta məktəbə gedib, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam edib. 1994-cü il mayın 19-da Milli Ordu sıralarına çağırılıb. 1995-ci ilin 13-17 mart hadisələri zamanı qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatında həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Bəşir Kərimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
SEYMUR ƏLƏSGƏROV
(1992-2020)
Şəhid Seymur Əli oğlu Ələsgərov 1992-ci ilin bu günü Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun çavuşu olan Seymur Ələsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub və Gədəbəy rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
MÜRSƏL BAKİ
(1881-1945)
Bu gün Qafqaz əsilli Türkiyə hərbiçisi Mürsəl Bakinin anım günüdür. O, 1881-ci ildə Ərzurumda dünyaya gəlib, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsində xidmətə başlayıb. Birinci Dünya Müharibəsinin son dövrlərində Batumidə V Qafqaz Piyada Diviziyasının komandiri olub. 1918-ci ilin sentyabrında Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə Bakının bolşevik-daşnak işğalından azad edilməsində iştirak edib və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsini təşkil edib. Birinci Dünya Müharibəsinin başa çatmasından sonra ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün olunub. Azadlığa buraxıldıqdan sonra 3 noyabr 1921-ci ildə Anadoluya gələrək, Türkiyə Qurtuluş Savaşına qatılıb. 15 sentyabr 1918-ci ildə Bakıda ilk dəfə Azərbaycan bayrağını yüksəldən Mürsəl Bakı Paşa dörd il sonra - 9 sentyabr 1922-ci ildə İzmirə girən ilk türk generalı olub və İzmirdə ilk Türkiyə bayrağını Hökumət Evinin üstündə ucaldan Yüzbaşı Şərafəddinə komandirlik edib. Sonradan bir müddət millət vəkili kimi fəaliyyət göstərib. 1938-ci ildə hərbi xidmətdən təqaüdə çıxan Mürsəl Baki 1945-ci ildə İstanbul şəhərində vəfat edib. Qeyd edək ki, Mürsəl Baki soyadını işğaldan azad olunmasında iştirak etdiyi Bakının şərəfinə Baki olaraq yazdırıb.
ƏLİ VƏLİYEV
(1901-1983)
Azərbaycanın xalq yazıçısı Əli Qara oğlu Vəliyevin xatirə günüdür. O, 1901-ci il fevralın 27-də Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndində anadan olub. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olub, daha sonra Şuşa firqə məktəbində, Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirib, 1931-ci ildə isə Azərbaycan Dövlət Darülfünunun pedaqoji fakültəsini bitirib. Müxtəlif illərdə Kürdüstan qəzasında, qəzetlərdə, ittifaqlarda redaktor, redaktor müavini, məsul vəzifələrdə işləyib. Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlayan nasir 1941-1942-ci illərdə İkinci Dünya müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak edib, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazıb. Onun "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına Respublika Dövlət Mükafatına layiq görülüb. Xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunan Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
HƏSƏN ƏLİYEV
(1907-1993)
Əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyev də bu gün xatırlanır. O, 1907-ci il dekabrın 15-də Qərbi Azərbaycanın Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasında təhsil alıb. Müxtəlif illərdə Şirvan Zona-Təcrübə Stansiyasının direktoru, Azərbaycan Elmlər Akademiyasının akademik-katibi, Botanika və Coğrafiya institutlarının direktoru, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri vəzifələrində çalışıb. Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini, Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 25 monoqrafiyanın müəllifidir. Azərbaycan SSR Dövlət Mükafatı, “Lenin” ordeni, “Qırmızı Ulduz”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib. Həsən Əliyev 2 fevral 1993-cü ildə dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük qardaşı, əməkdar memar Rasim Əliyevin atasıdır. AMEA-nın Coğrafiya İnstitutu onun adını daşıyır.