Dünyanın bu günü - 02.04.2021

APREL DÖYÜŞLƏRİ

(2016)

 

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərinin ildönümüdür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

 

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

 

Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

 

 

EMİL ZOLYA

(1840-1908)

 

Məşhur fransız yazıçısı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Zolya 1840-cı il aprelin 2-də Parisdə dünyaya gəlib. Burbon kollecini bitirdikdən sonra universitetə qəbul olmaq üçün iki dəfə imtahan versə də, cəhdləri uğursuz olub və təhsilinə davam edə bilməyib. Nəşriyyat Evində çalışmağa başlayıb, qəzetlərdə sənət və ədəbiyyat tənqidləri dərc edib. 1866-cı ildə yalnız yazıçı kimi fəaliyyət göstərməyi qərara alıb. "Klodun etirafı", "Nana", "Jerminal", "Tereza Rakin", "Həqiqət gəzir" kimi məşhur əsərlərin müəllifidir. 1880-ci ildə Fransada onun rəhbərliyi altında ədəbiyyatda yeni cərəyan olan naturalizm cərəyanına mənsub bir qrup yaranıb. Emil Zolya 1902-ci il sentyabrın 29-da qaldığı hotelin yataq otağında dəm qazından zəhərlənərək vəfat edib. Onun dəfn mərasiminə 50 min insan qatılıb. Cənazəsi Monmartr qəbiristanlığında dəfn olunsa da, parlamentin qərarı ilə 1908-ci il iyunun 4-də Panteon qəbiristanlığına köçürülüb.

 

 

NƏCƏF BƏY VƏZİROV

 (1854-1926)

 

Görkəmli Azərbaycan yazıçısı, dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü il aprelin 2-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Səhhəti imkan vermədiyi üçün yalnız 12 yaşında məktəbə gedə bilib, lakin qısa zamanda oxuyub-yazmağı öyrənib. İlk təhsilini dini məktəbdə alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedib, lakin burada erməni müəllimin amansız rəftarı onu məktəbdən uzaqlaşmağa məcbur edib. 1868-ci ildə Şuşadan ayrılaraq Bakıya gəlib. Burada imtahan verərək realnı gimnaziyanın ikinci sinfinə daxil olub və öz bacarığı ilə tezliklə müəllimlərin rəğbətini qazanıb. 1874-cü ildə gimnaziyanı qurtarıb və təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Moskvada Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə təhsil alıb. Oranı bitirdikdən sonra təyinatla Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə meşəbəyi təyin olunub. 1895-ci ildə Bakıya köçüb. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alıb və məhkəmələrdə çalışıb. Eyni zamanda bədii yaradıcılığını davam etdirib, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin", "Pəhləvani-zəmanə" kimi klassik əsərlərini yaradıb. 1903-cü ildə Bakı Dumasına katib seçilib. Az sonra isə şəhər maarif şöbəsi müdirinin müavini təyin edilib və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edib. Azərbaycanda aprel istilasından sonra Bakıda Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1926-cı il iyulun 13-də Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə getdiyi Şamaxı rayonunda ürək çatışmazlığından vəfat edib. Yazıçının cənazəsi Bakıya gətirildikdən sonra elə həmin gün dəfn olunub.

 

 

AZƏR BUZOVNALI

(1870-1951)

 

Füzuli poeziyasının davamçısı kimi şöhrət qazanan görkəmli qəzəl ustası Məşədi Azər Hacıməcid oğlu İmaməliyev (Azər Buzovnalı) 2 aprel 1870-ci ildə Bakının Buzovna kəndində anadan olub. Gənclik illərini o vaxtlar Petrovski-Port adlanan indiki Mahaçqalada keçirən şair ədəbi fəaliyyətə bu şəhərdə başlayıb. Bir neçə ildən sonra həmişəlik Bakıya köçüb. Ədəbi fəaliyyətlə yanaşı, Buzovna qəsəbəsində və bir sıra şəhər məktəblərində uzun müddət müəllimlik edib. Firdovsi, Nizami, Xaqani və bir çox klassik şairlərin fars dilində yazdıqları müxtəlif şeir və poemaları tərcümə edib. 1917-ci ildə onun “Həmvətənlərimə” adlı məcmuəsi Bakıda “Açıq söz” mətbəəsində çap olunub. Məşədi Azər Buzovnalı 1951-ci il avqustun 8-də 81 yaşında Buzovnada vəfat edib.

 

 

MİR HİDAYƏT BƏY SEYİDOV

(1887-1919)

 

İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ilin bu günü Gəncədə anadan olub. O, 1906-cı ildə Yelizavetpol gimnaziyasını bitirəndən sonra Kazan Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Təhsilini başa vurandan sonra vətənə dönərək, İrəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərib, hətta İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub. 1918-ci ildən başlayaraq erməni daşnakları Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy ata vətəni Naxçıvana qayıdıb və Ordubadın düşməndən müdafiə olunmasında fədakarlıq göstərib. Ordubad Milli Müdafiə Şurasına ən çətin vaxtlarda sədrlik edən Mir Hidayət bəy Seyidov 1919-cu ildə Ordubadda vəfat edib.

 

 

ƏLFƏDDİN ABDULLAYEV

(1929-2014)

 

Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi Əlfəddin Abdullayev 1929-cu il aprelin 2-də Oğuz rayonunun Xal-xal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. Təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandq rayonuna işə göndərilib, Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləyib. Üç il Qazaxıstanda çalışandan sonra 1955-ci ildə Azərbaycana qayıdıb. 1956-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb, 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirəsalınmaz xidmət üzrə baş həkimin müavini və həkim-endokrinoloq işləyib, eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun şəxsi həkimi, Azərbaycan Tibb Universitetinin "Tibb kadrları" qəzetinin redaktoru, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Televiziyasında "Sağlamlıq" verilişinin aparıcısı kimi böyük populyarlıq qazanan Əlfəddin Abdullayev 2014-cü il sentyabrın 4-də Bakı şəhərində dünyasını dəyişib.

 

 

ALTAY HACIYEV 

(1931-2019)

 

Azərbaycanın xalq rəssamı Altay Əmir oğlu Hacıyev 2 aprel 1931-ci ildə Bakıda dünyaya göz açıb. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, nüfuzlu xarici ölkə muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. "Humay" milli mükafatına layiq görülən Altay Hacıyev 12 fevral 2019-cu ildə Bakıda vəfat edib.

 

 

AMİD MƏMMƏDOV 

(1987-2020)

 

Şəhid Amid Müqabil oğlu Məmmədov 1987-ci il ilin bu günü Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Hadrut, Füzuli, Şuşa və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Amid Məmmədov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İBRAHİM VƏLİZADƏ

(1997-2020)

 

Şəhid İbrahim Malik oğlu Vəlizadə  1997-ci aprelin 2-də Babək rayonunun Yarımca kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Leytenant İbrahim Vəlizadə oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İSGƏNDƏR ALLAHVERDİYEV

(1999-2020)

 

Şəhid İsgəndər Nəsir oğlu Allahverdiyev 1999-cu ilin bu günü Qax rayonunun Şotavar kəndində anadan olub. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər İsgəndər Allahverdiyev noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İSMƏT İMANOV

(1998-2020)

 

Şəhid İsmət Qismət oğlu İmanov 1998-ci il aprelin 2-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açıb. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə savaşıb. Əsgər İsmət İmanov 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

 

ELGÜN MÖVLANOV

(2002-2020)

 

Şəhid Elgün Tahir oğlu Mövlanov 2 aprel 2002-ci ildə Lerik rayonunda anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elgün Mövlanov sentyabrın 30-da şəhid olub və doğulduğu rayonda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Bir ay sonra qardaşı, müddətdən artıq xidmət edən əsgər Altay Mövlanov da Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib. Mövlanov qardaşları “Çoban Xanış” kimi tanınan Xanış Şahıyevin nəvələridir.

 

 

ŞAMAMA ƏLƏSGƏROVA

(1904-1977)

 

Sosialist Əməyi Qəhrəmanı, həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı Şamama Məmmədkərim qızı Ələsgərovanın xatirə günüdür. O, 1904-cü il martın 8-də İrəvanda anadan olub. İlk təhsilini gimnaziyada alıb. O, Abdulla İbrahimovla ailə həyatı qurub, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlib. Ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olub. 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanıb. Əmək fəaliyyətinə müharibə illərindən başlayıb. Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olub. 1945-ci ildə Bakıdakı 5 nömrəli klinik doğum evinin baş həkimi təyin olunub və ömrünün sonuna kimi həmin vəzifəni yerinə yetirib. 1958-ci ildə “Səhiyyə əlaçısı”, iki il sonra respublikanın əməkdar həkimi, 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin bacısı olan Şamama Ələsgərova 1977-ci ilin aprelində Bakı şəhərində vəfat edib.

 

 

SƏBAHƏDDİN ƏLİ

(1907-1948)

 

Məşhur türk şairi və yazıçısı Səbahəddin Əlinin anım günüdür. O, 1907-ci il fevralın 25-də o vaxtlar Osmanlı imperiyasının tərkibinə daxil olan, indiki Bolqarıstan ərazisində yerləşən Eğrideredə anadan olub. 1928-1930-cu illərdə Berlin Universitetinin filologiya fakültəsində təhsil alıb, lakin alman tələbə yoldaşı ilə aralarında olan münaqişə səbəbindən təhsilini yarımçıq qoyaraq Almaniyanı tərk edib. Türkiyədə müəllim və qəzet redaktoru işləyib. Bütün hekayə və romanlarında ötən əsrin 30-40-cı illərində Türkiyədə mövcud olan sosial problemlər qabarıq şəkildə əks etdirib. "Quyucaqlı Yusif", "İçimizdəki şeytan", "Xəz paltolu Madonna" onun ən məşhur romanlarıdır. Sezen Aksu, Ahmet Kaya, Nükhet Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxuyub. Səbahəddin Əli yazıları üzündən 3 ay həbsdə olub. Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci ilin aprelində xaricə qaçmaq istərkən qətlə yetirilib. Məzarının yeri bilinmir.

 

 

RÖVŞƏN ALMURADLI

(1954-2019)

 

Tanınmış rejissor və ssenarist Rövşən Əziz oğlu Almuradlı da bu gün xatırlanır. O, 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb, 1984-1987-ci illərdə isə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib. Müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Mingəçevir Dövlət Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor kimi vəzifələrdə çalışıb. "Kral Lir", "Aydın", "Adamın adamı" və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb. "Dərviş və ölüm", "Bayramın birinci günü", "Dəyirman" kimi əsərlərin, "Azadlığa gedən yollar", "Ümid", “Cavad xan” kimi filmlərin quruluşçu rejissoru olub. AzTV-nin "Sabah", "Telefilm" yaradıcılıq birliklərində filmlərin, əsərlərin quruluşçu rejissoru olub, bir müddət Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib. Rövşən Almuradlı 2019-cu il aprelin 2-də Sumqayıtda dünyasını dəyişib.

 

 

ZİYA QULİYEV

(1973-1993)

 

Şəhid Ziya Yelmar oğlu Quliyevin anım günüdür. O, 1973-cü il iyulun 29-da Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 701-ci hərbi hissənin sıravi avtomatçı əsgəri olub. Ziya Quliyev 2 aprel 1993-cü ildə Laçın-Kəlbəcər bölgəsində gedən döyüşlərdə həlak olub. Məzarının yeri məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv