Dünyanın bu günü - 02.11.2020

OQTAY RZA

(1934-2019)

 

Tanınmış Azərbaycan şairi, geologiya-mineralogiya elmləri namizədi Oqtay Məhərrəm oğlu Rzalı 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. Arbatan kənd yeddi illik məktəbində, Salyan şəhərindəki Nizami adına orta məktəbində, Azərbaycan Sənaye İnstitutunda və Azərbaycan SSR KP MK yanında Marksizm-Leninizm Universitetində təhsil alıb. Bayıldakı Neft-Qazçıxarma İdarəsinin 5 saylı mədənində operator, baş operator, neftçıxarma ustası olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi coğrafiya kafedrasında müəllim, baş müəllim və dosent kimi çalışıb. "Bir may" adlı ilk şerini orta məktəbdə oxuyarkən yazıb və rayon qəzetində dərc etdirib. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olub, bədii tərcümələr də edib. Əsərləri xarici mətbuatda dərc olunub. "Kamennıy Svetilnik" şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı olan Oqtay Rza 18 avqust 2019-cu ildə Bakıda vəfat edib.

 

 

EMİN SABİTOĞLU

(1937-2000)

 

Görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakıda tanınmış yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində dahi bəstəkar Qara Qarayevin sinfində oxuyub. Daha sonra təhsilini Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 40 illik bir dövrü əhatə edən yaradıcılığı müddətində musiqinin müxtəlif janrlarında əsərlər yaradıb. 500-ə qədər mahnının müəllifidir. Onun “Bakı, sabahın xeyir”, “Ağ çiçək”, “Dərələr”, “Uzaq, yaşıl ada”, “Belə ola həmişə”, “Bu gecə” və başqa mahnıları dillər əzbəridir. Bəstəkarın yaradıcılığında kino musiqisi xüsusi yer tutur. “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Dantenin yubileyi” və digər filmlərə musiqi bəstələyib. Bəstəkar həm də musiqili komediya janrında gözəl əsərlərin müəllifi kimi tanınır. 1994-cü ildən ömrünün sonuna qədər Türkiyədə pedaqoji fəaliyyət göstərib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda dünyasını dəyişib. 

 

 

RAMİZ RİZAYEV

(1939)

 

Görkəmli kimyaçı alim, akademik Ramiz Həsənqulu oğlu Rizayev 1939-cu ilin bu günü Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda direktor, Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri işləyib. Hazırda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. 1983-cü ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib. 280-dən çox elmi əsərin, o cümlədən 50 müəlliflik şəhadətnaməsi və 30 xarici patentin, 1 monoqrafiyanın müəllifidir. Ramiz Rizayev elmi xidmətlərinə görə Azərbaycan Ali Sovetinin və AMEA-nın Fəxri fərmanları, "Əmək rəşadətinə görə" medalı ilə təltif olunub.

 

 

NEMAN VƏLİYEV

(1962-1990)

 

20 Yanvar şəhidi Neman Əli oğlu Vəliyev 1962-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. Azərbaycan Boru Çəkilişi İdarəsinin ixtisaslaşdırılmış tikinti sahəsində mühəndis işləyib. 1990-cı il yanvarın 19-da Hacıkənd qəsəbəsində gedən atışmalarda 20 nömrəli vertolyotdan odlu silahla vurularaq qətlə yetirilib. Neman Vəliyev Gəncədəki Səbiskar qəbiristanlığında dəfn olunub.

 

 

HABİL ALLAHYAROV

(1973-1992)

 

Şəhid Habil Tahir oğlu Allahyarov 2 noyabr 1973-cü ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində doğulub. Soyuqbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. Döyüş yoluna Gədəbəy rayonundan başlayıb. Bir çox qızğın döyüşlərdə iştirak edib. Habil Allahyarov 30 sentyabr 1992-ci ildə Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Hazırda təhsil aldığı Soyuqbulaq kənd orta məktəbi onun adını daşıyır.

 

 

VÜQAR YUSİFOV

(1976-2016) 

 

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, polkovnik Vüqar Nurəddin oğlu Yusifov 1976-cı ilin bu günü Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. Şiştəpə kənd orta məktəbində və Türkiyənin Quru Qoşunları Ali Hərbi Məktəbində təhsil alıb. 1997-ci ildən leytenant rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Polkovnik Vüqar Yusifov 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

 

HÖKÜMƏ QURBANOVA

(1913-1988)

 

Azərbaycanın xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın anım günüdür. O, 11 iyun 1913-cü ildə Bakıda dünyaya göz açıb. Bakı Pedaqoji Texnikumunda və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayıb, Cəfər Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilib. 1938-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində yaddaqalan obrazlar yaradıb. Hökümə Qurbanova 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, aktrisa Vəfa Fətullayevanın anasıdır.

 

 

MEHDİ HÜSEYNZADƏ

(1918-1944)

 

Əfsanəvi kəşfiyyatçı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin xatirə günüdür. O, 22 dekabr 1918-ci ildə Bakıda anadan olub. Azərbaycan rəssamlıq məktəbində, Leninqrad Xarici Dillər İnstitutunda və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1941-ci ildə ordu sıralarına çağırılıb, Tiflisdə piyada hərbi məktəbini qurtarıb. 1942-ci ildə Stalinqrad ətrafında döyüşlərdə iştirak edib, Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşüb. Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin düşərgədən qaçmasında mühüm rol oynayıb, gizli təşkilat yaradıb. 1944-cü ildə özü də əsirlikdən qaçaraq Yuqoslaviya partizanlarına qoşulub. Partizan hərəkatında fəal iştirak edib, hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə fərqlənib. Mehdi Hüseynzadə 2 noyabr 1944-cü ildə növbəti tapşırığı yerinə yetirib qayıdarkən faşistlərlə üz-üzə gəlib, xeyli düşmən əsgərini məhv etdikdən sonra əsir düşməmək üçün son güllə ilə özünü vurub. Sloveniyanın Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunub.

 

 

ƏNVƏR ARAZOV

(1953-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Ənvər Talış oğlu Arazov da bu gün xatırlanır. O, 2 dekabr 1953-cü ildə Gəncə şəhərində doğulub. Burada 15 nömrəli orta məktəbdə, texniki peşə məktəbində və Gəncə Politexnik Texnikumunda təhsil alıb. 1974-cü ildə hərbi xidmətə çağırılıb, Rusiyanın Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət edib. Zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlayıb. 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharibəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanıb. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Gəncədə Milli Müdafiə Qərargahı rəisinin II müavini, Tərtərdə alay komandiri olub. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilib. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak edib. Ənvər Arazov 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv