Dünyanın bu günü - 03.02.2021
MİRZƏ MEHDİ SARICALİNSKİ
(1868-1942)
Maarifçi Axund Mirzə Mehdi Məşədi İsgəndər oğlu Sarıcalinski 3 fevral 1868-ci ildə Şuşa qəzasının Quzanlı obasında anadan olub. Hindarx kəndində açılmış kənd natamam orta məktəbində və Təbriz Ali Ruhani Məktəbində təhsil alıb. 27 yaşında axund rütbəsinə layiq görülüb. Qarabağda ana dilində türk dili, ədəbiyyat, tarix və hesabdan dərs deyib. Şuşa rus-Azərbaycan məktəbində Üzeyir, Zülfüqar və Ceyhun Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Hüsü Hacıyev kimi gələcəyin tanınmış şəxslərinə dərs deyib. 1917-ci ildə Ağdam, Ağcabədi və Bərdə-Tərtər bölgələrinin axundu vəzifəsinə təyin olunduğu üçün Quzanlı kəndinə köçüb. 1918-1920-ci illərdə erməni daşnak təcavüzünə qarşı milli müqavimətin təşkil olunmasında, Əsgəran strateji məntəqəsinin əldə saxlanılmasında, Şuşa və Laçın əhalisinə ərzaq və sursatın daşınmasında, beş min nəfərə kimi valideynlərini itirmiş azyaşlı uşaqların Şuşa şəhərinə gətirilib yerli əhali tərəfindən himayəyə götürülməsində mühüm xidmətlər göstərib. Aprel işğalından sonra bolşeviklərin təqibinə məruz qalıb, əlyazmaları yandırılıb, qohumları və dostları sürgün edilib. 1928-ci ildə Bakı şəhərinə köçməyə məcbur olub. Sifət cizgiləri klassik təsvirlərə uyğun gəldiyinə görə rəssam-heykəltəraş Fuad Əbdürrəhmanov Üzeyir Hacıbəyli vasitəsilə tanış olduğu axundun zahiri əlamətlərindən istifadə etməklə Nizami Gəncəvinin heykəlini yaradıb. 1942-ci ilin əvvəlində ağır xəstələnən Axund Mirzə Mehdi Sarıcalinski doğma kəndinə qayıdıb və martın 13-də orada dünyasını dəyişib.
CEYHUN HACIBƏYLİ
(1891-1962)
Yazıçı, salnaməçi, jurnalist, tərcüməçi və redaktor Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. Bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin Hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna Universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib. Eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub. 1908-ci il yanvarın 12-də qardaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına göndərilib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha vətənə qayıtmayıb və Fransada mühacir həyatı yaşayıb. Ceyhun Hacıbəyli 1962-ci ilin oktyabr 22-də vəfat edib və Parisdə dəfn olunub.
ŞAHİN TAĞIYEV
(1949)
Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu Tağıyev 1949-cu ilin bu günü Tərtər rayonunda doğulub. Beşinci sinfə qədər Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbdə gedib təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika Texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyanın Udmurtiya vilayətinə göndərilib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra Tərtər, Seysulan və Yarımca bölgələrindəki döyüşlərdə iştirak edib. Bir müddət sonra "Qurtuluş" batalyonunun komandiri təyin edilib. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Şahin Tağıyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda İsveçdə yaşayır.
BƏYLƏR AĞAYEV
(1969-1992)
Azərbaycanın Milli Qəhrəmanı Bəylər Tapdıq oğlu Ağayev 3 fevral 1969-cu ildə Qubadlı rayonunun Qaraağac kəndində anadan olub. 1985-ci ildə kənd orta məktəbini bitirdikdən sonra iki il sovxozda fəhlə işləyib. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət edib. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olsa da, 1992-ci ilin əvvəlində təhsilini yarımçıq qoyaraq, konüllü surətdə Milli Ordu sıralarına daxil olub. Laçın rayonunun Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası və başqa kəndlərində erməni işğalçılarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərib. 1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda gedən döyüşlərdə Bəylər Ağayevin bölməsi gözlənilmədən düşmən mühasirəsinə düşüb və o, qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
İLQAR QULİYEV
(1973-2020)
Şəhid İlqar Akif oğlu Quliyev 1973-cü il fevralın 3-də Goranboy rayonunda anadan olub. 1980-1990-cı illərdə Fəxralı kənd tam orta məktəbdə, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Mühasibat uçotu" üzrə ali təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun mayoru İlqar Quliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub və Goranboy rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
ZİYAD MURADOV
(1991-2020)
Şəhid Ziyad Muradxan oğlu Muradov 1991-ci ilin bu günü Bakıda anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov oktyabrın 22-də Güləbird kəndi istiqamətində şəhid olub və paytaxtın Nərimanov rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
ELÇİN ƏSGƏROV
(1997-2020)
Şəhid Elçin Yalçın oğlu Əsgərov 3 fevral 1997-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun leytenantı olan Elçin Əsgərov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub və Kəngərli rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
İBRAHİM CƏBRAYILLI
(1999-2020)
Şəhid İbrahim Raqub oğlu Cəbrayıllı 1999-cu il fevralın 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
KƏNAN ŞİRƏLİYEV
(2001-2020)
Şəhid Kənan Telman oğlu Şirəliyev 2001-ci ilin bu günü Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Azərbaycan Ordusunun əsgəri olan Kənan Şirəliyev noyabrın 1-də şəhid olub və Salyan rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
HƏMİD BƏY ŞAHTAXTİNSKİ
(1880-1944)
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi Həmid ağa Xəlil oğlu Şahtaxtinskinin anım günüdür. O, 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. Naxçıvanda mollaxanada və üçüncü dərəcəli şəhər məktəbində oxuyub. İrəvan Müəllimlər Seminariyasını bitirib. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlayıb. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olub. Daha sonra Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirib. 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edib. 1914-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının xalq məktəbləri inspektoru təyin edilib. Fevral inqilabından sonra siyasi fəaliyyətə başlayıb. 1917-ci ildən "İttihad" partiyasının üzvü, 1917-ci ildə Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar olub. Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrində maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri olub. Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini də bitirən Həmid ağa Şahtaxtinski 1929-cu ildən professor olub və Azərbaycan Dövlət Tibb İnstitutunda işləyib. 1941-ci ildə həbs edilən Həmid ağa Şahtaxtinski repressiyaya məruz qalıb və 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olub.
MƏHƏMMƏDƏLİ RƏSULZADƏ
(1882-1982)
İctimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Rəsulzadənin xatirə günüdür. O, 7 aprel 1882-ci il tarixdə Novxanıda anadan olub. İlk təhsilini din xadimi olan atasından alıb və sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci rus-müsəlman məktəbində oxuyub. Siyasi fəaliyyətə 1902-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlayıb, “Hümmət”in "Təkamül" və "Yoldaş" qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış edib. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilib. 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin olunub. 1919-cu ilin oktyabrında Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyası Bakı komitəsinin üzvü seçilib. Bolşevik işğalından sonra Azərbaycanı tərk edən Məhəmmədəli Rəsulzadə 3 fevral 1982-ci ildə İstanbulda vəfat edib.
RAUF ATAKİŞİYEV
(1925-1994)
Azərbaycanın xalq artisti, müğənni, pianoçu və pedaqoq Rauf İsrafil oğlu Atakişiyev də bu gün xatırlanır. O, 15 iyul 1925-ci ildə Göyçayda doğulub. Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Opera və Balet Teatrının solisti olub. "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa edib, 1965-ci ildə çəkilmiş eyniadlı filmdə mahnıları səsləndirilib. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Ya vstretil devuşku" mahnısının ilk ifaçısı olub. Lirik-dramatik tenor səsi ilə yanaşı, həm də mahir pianoçu kimi tanınan Rauf Atakişiyev 1994-cü il fevralın 3-də dünyasını dəyişib.
HAMLET XANIZADƏ
(1941-1990)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru, Dövlət Mükafatı laureatı Hamlet Bəbir oğlu Xanızadənin anım günüdür. O, 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və digər tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Nizami”, “Qətl günü” və başqa bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. Hamlet Xanızadə 3 fevral 1990-cı ildə Bakıda vəfat edib.
FİRUDİN HƏSƏNOV
(1969-1994)
Şəhid Firudin Əli oğlu Həsənovun xatirə günüdür. O, 1969-cu il yanvarın 20-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Qazax Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 10 fevral 1993-cü ildə Milli Orduya çağırılıb. Firudin Həsənov 3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub və doğulduğu kənddə dəfn edilib.
İMRAN MİRZƏYEV
(1996-2016)
Şəhid İmran Xudaverdi oğlu Mirzəyev də bu gün xatırlanır. O, 1996-cı ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgər İmran Mirzəyev 2016-cı il fevralın 3-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.