Dünyanın bu günü - 04.04.2020
İRZA BƏY HACIBƏYLİNSKİ
(1874-1920)
Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinski 4 aprel 1874-cü ildə İrəvan quberniyasında anadan olub. Məktəbi bitirdikdən sonra 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperatorun 21-ci draqun polkuna təyin edilib, daha sonra poruçik, ştabs-rotmistr, rotmistr rütbəsi verilib. Birinci Dünya müharibəsində Vəhşi Diviziya kimi tanınan Tatar süvari alayının tərkibində daşnaklara qarşı döyüşüb, Nuru Paşa ilə birlikdə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub. Qarayazı süvari polkuna komandirlik edib, daha sonra ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski bolşevik repressiyasına məruz qalanlardan biri olub.
ƏLİ ZEYNALOV
(1913-1988)
Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Atasının yolunu davam etdirərək pedaqoji təhsil alıb, Bakı Pedaqoji və Teatr texnikumlarını bitirib. Müxtəlif illərdə Moskva teatrlarında, Şəki Dövlət Dram Teatrında, İrəvan Teatrında, Dram Teatrında işləyib, İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyib. "Şeyda", "Sən həmişə mənimləsən" və başqa tamaşalarda, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Uzaq sahillərdə”, “Telefonçu qız” kimi bir çox filmlərdə aparıcı rolları səsləndirib. "İki ömrüm olsaydı..." kitabının müəllifi olan Əli Zeynalov 1988-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib.
MUXTAR MANİYEV
(1935-2016)
Azərbaycanın görkəmli kino aktyoru Muxtar Qəmbər oğlu Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini paytaxtdakı 199 saylı orta məktəbdə alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisası üzrə təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci ali təhsil alıb. Kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən "Koroğlu" filmində Polad roluna çəkilib. Sonrakı illərdə bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində çox uğurlu obrazlar canlandırmaqla özünü təsdiq edib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. "Mozalan" satirik kinojurnalının əksər bədii süjetlərində yaddaqalan rollar yaradıb. Muxtar Maniyev 22 dekabr 2016-cı ildə dünyasını dəyişib və öz vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.
RUHƏNGİZ MUSƏVİ
(1953)
Azərbaycanın əməkdar artisti, müğənni və aktrisa Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953-cü il aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı Teatrının, 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən isə Dövlət Filarmoniyasının solisti olub. İlk dəfə 1972-ci ildə “Həyat bizi sınayır” filmində çəkilsə də, “Baladadaşın ilk məhəbbəti” filmi ilə daha çox yaddaşlarda qalıb. Ruhəngiz Musəvi 2007-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
QƏZƏNFƏR ƏKBƏROV
(1917-1944)
Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərov 1917-ci ilin bu günü Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləyib. Tiflis topçuluq məktəbində təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilib və komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmanlıq göstərib, döyüş zamanı düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilib. Döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olsa da, özü həlak olub. Qəzənfər Əkbərov bu qəhrəmanlığına görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Ona Cəhri kəndində abidə qoyulub, adına küçə və məktəb var.
RƏFAEL HƏBİBOV
(1964-1992)
Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprelin 4-də Əli Bayramlı şəhərində anadan olub. Hərbi xidmətini Baltik ətrafında keçirib, gizir rütbəsinə kimi yüksəlib. Leninqradda hərbi məktəbi qurtarıb, leytenant rütbəsinə layiq görülüb. Qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iştirakçısı olub. 1992-ci ildə Qarabağa göndərilib və Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar kəndləri uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Rəfael Həbibov 1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşüb və həmin gün döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumub.
ALPARSLAN TÜRKEŞ
(1917-1997)
4 aprel Türkiyənin görkəmli siyasi və hərbi xadimi, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk rəhbəri Alparslan Türkeşin anım günüdür. O, 1917-ci il noyabrın 25-də Lefkoşada anadan olub. 1936-cı ildə Kuleli Hərbi Liseyini, 1938-ci ildə Hərbi Akademiyanı bitirib. 1939-cu ildə atıcılıq məktəbinə daxil olub və leytenant rütbəsi alıb. 1944-cü ildə Nihal Atsız və Nejdət Sançarla birlikdə "İrqçilik-Turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunduqdan sonra 9 aydan çox Topxana Əsgər Həbsxanasında saxlanılıb. 1945-ci ildə sərbəst buraxılıb və iki il sonra bəraət alıb. 1955-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-a göndərilib, orada piyada məktəbində təhsil alıb. 1955-1957-ci illərdə Vaşinqton NATO Daimi Komitəsində türk ordusunu təmsil edən heyətin tərkibində yer alıb. 1963-1980-ci illərdə 4 dəfə Ankara və Adanadan millət vəkili seçilib. Alparslan Türkeş 1997-ci ildə vəfat edib.
QABİL
(1926-2007)
Bu gün eyni zamanda Azərbaycan xalq şairi Qabil Allahverdi oğlu İmamverdiyevin xatirə günüdür. O, 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsini bitirib. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olub. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və 1-ci Fəxri Xiyabanda dəfn edilib.
BÖYÜKKİŞİ AĞAYEV
(1928-2018)
Görkəmli pedaqoq, tibb elmləri doktoru, professor, cərrah, “Şöhrət” ordenli akademik Böyükkişi Ağa oğlu Ağayev 2018-ci ilin bu günü vəfat edib. O, 1928-ci il sentyabrın 10-da Sabirabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində ali təhsil alıb. 1950-ci ildə Sabirabad rayon xəstəxanasında əmək fəaliyyətinə başlayıb və 1954-cü ilədək həkim-cərrah işləyib. 1954-1957-ci illərdə Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra 1958-1960-cı illərdə Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti olub. 1960-cı ildə Bakıya qayıdıb, 1967-ci ilədək Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışıb. 1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilib, 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib. Böyükkişi Ağayev 1988-1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutub.