Dünyanın bu günü - 03.04.2021

BƏXTİYAR QULİYEV

(1959-1988)

 

Şəhid Bəxtiyar Zahid oğlu Quliyev 3 aprel 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar qeyri-legitim iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib. Fevralın 22-də səhər saatlarında Ağdamın mərkəzində toplaşdı silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət edib. Lakin azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Ağdam rayonundan olan Bəxtiyar Quliyev və 1966-cı il təvəllüdlü Əli Hacıyev ermənilər tərəfindən qətlə yetirilib. Onlar Qarabağın ilk şəhidləri sayılır.

 

 

İBRAHİM MƏMMƏDOV

(1985-2020)

 

Şəhid İbrahim Nakam oğlu Məmmədov 1985-ci il aprelin 3-də Şəkidə anadan olub. Şəki şəhər 20 saylı tam orta məktəbdə alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra xüsusi təyinatlı dəstənin giziri kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri olub, oktyabrın 17-də isə Füzulidə Azərbaycan bayrağını yüksəldərək, Ali Baş Komandana bu barədə məruzə edib. Gizir İbrahim Məmmədov oktyabrın 25-də Laçın istiqamətindəki döyüşdə şəhid olub və Şəkidə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "İgidliyə görə"  medalları ilə təltif edilib.

 

 

MAHMUD MƏLİKOV

(1994-2020)

 

Şəhid Mahmud Təhmasib oğlu Məlikov 1994-cü ilin bu günü Neftçala rayonunun Xolqaraqaşlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Mahmud Məlikov 29 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AQİL MƏCİDOV

(1998-2020)

 

Şəhid Aqil Aydın oğlu Məcidov 3 aprel 1998-ci ildə Tovuz şəhərində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Aqil Məcidov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub və Tovuzda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAVİD HÜSEYNOV 

(2001-2020)

 

Şəhid Cavid Natiq oğlu Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub.  İdmanla məşğul olub, 2018-ci ildə taekvando üzrə gənclər arasında respublika çempionu olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Əsgər Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşdə şəhid olub və Tovuzda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

KAYAHAN

(1949-2015)

 

Türk pop musiqisinin məşhur nümayəndələrindən biri, müğənni, bəstəkar və şair Kayahan Açarın anım günüdür. O, 1949-cu il martın 29-da İzmirdə anadan olub. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində yaşayıb. Bu kənddəki bütün prospekt və küçələr onun mahnılarının adlarından ibarətdir. İlk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başlayıb. 3 iyun 1991-ci ildə çıxardığı “Yemin Ettim” adlı albomu ilə satış rekordu qıran müğənni “Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşərik” şüarı ilə tanınıb. Uşaqlar üçün də mahnılar yazan ifaçı televiziyada uşaq proqramı da hazırlayıb. Musiqi fəaliyyəti ərzində 13 kaset və CD yazdıran sənətçi 1986-cı ildə ilk dəfə “Altın Portağal” mükafatına layiq görülüb. 1989-cu ildə Türkiyəni “Eurovision” mahnı müsabiqəsində “Gözlerinin hapsindeyim” mahnısı ilə təmsil edib. Kayahan 2015-ci il aprelin 3-də xərçəng xəstəliyindən dünyasını dəyişib və İstanbulun Kanlıca məzarlığında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv